CƏMİYYƏT

Hüseyn Cavid müəlliminə: «Əvəzində xüsusi bir mərhəmət görməmişəm»

Bu məktubu Hüseyn Cavid uşaqkən, hələ Hüseyn Rasizadə olarkən 11 yaşında müəllimi Məmməd Tağı Siqdiyə yazıb. Məktubunda da məktəbdən, elmdən, qəzetdən, oxuduğu kitablardan yazır.

«Panorama» enter.news-a istinadən Məmməd Tağı Siqdinin əsərlərindən  (“Çaşoğlu” 2004) əldə etdiyimiz həmin məktubu təqdim edir:

«Böyük ustad və cəlallı atamız.

Birinci, Sizin sağlamlığınız həmişə bizim diləyimiz və arzumuz olmuşdur. İkinci, nəzərinizə çatdırılır ki, bu fani və sədaqətli kiçiyinizin ürək məhəbbətini və mənəvi münasibətlərini mənim tərcümeyi-hal və şərhi-əhvalımda qeyd edərək, öz tükənməz mərhəmətinizlə məni yad edəsiniz, bir aydır ki, qiymətsiz qulunuz cənabınıza poçtla bir məktub göndərmişəm, cavabını almamışam. Səfər ayının onunda idi ki, bu məktubu yazdım, onda dəhşətli sel əhvalatından da xəbərlər yazmışam. İndi bilmirəm bu uzaq düşmüş qaribdən incimişsiniz ki, lütfünüzü azaldıb, artıq yad etmirsiniz, ya da işinizin çoxluğundan unutmuşsunuz. Halbuki mən öz sədaqətimi mümkün qədər göstərmiş və məhəbbətimi bildirmişəm. Əvəzində isə xüsusi bir mərhəmət görməmişəm.

Var mənim çoxlu gileyim səndən,

Bilməm nə şikayət edim səndən.

Hər halda mən öz taleyimdən şikayətlənməliyəm. Baharın şənlikləri şoranlıq yerdə hasil, səmər verməz və od hər daşın üstündə dayanmaz. Hər şeyin cövhərində qabiliyyət olmaq şərtdir. Ümid və arzu bəsləyirəm ki, itkin və uzaq düşmüş bu qəribə hər axşam və səhər mərhəmət nəzərinizi salasınız.

Könlünü könlüm kimi əgər etsən,

Məndəki möhnəti sən dərk edərsən.

Tox çörək qayğısını bilməz belə,

Ac yavan çörək yeyər çox həvəslə.

Yazdığmız məsələ haqqında xəbər verirəm ki, “Nasiri” qəzetini abunə ilə alıb oxumaq artıq lazım deyildir. Çünki üç gün bundan əvvəl buraya gələn bir seyid həkimin ara-sıra məktəbə yolu düşür, qardaşımla dostdur. Ona hər on gündən bir “Nasiri”, “İzzət”, “İttila” qəzetləri ayrıca olaraq verilir, о da gətirib məktəbdə oxuyur. Mən isə ondan alıb oxuyuram. İndi artıq abunə olmaq lazım deyildir. Başqa məsələlər haqqında görüşəndə danışarıq.

Səfər yoldaşlarım Ağa Mir Hüseyn ağaya və Ağa Məşədi Əli cənablarına, gözümün işığı Mirzə Məhəmmədliyə, Mirzə Məhəmməd Hüseynə və Mirzə Məhəmməd Sadığa salam yetirin, vəssəlam. Sizə məhəbbət bəsləyən Hüseyn Rasizadə.

1315 (1893)-cü il səfər ayının 10-da.

Yenə nəzərinizə çatdırılır ki, səfər ayının birindən səkkizinədək “Əmsilə”  və “Şərhi-Amil” kitablarını oxuyub, bitirdim. Ayın səkkizindən bəri “Sərfi-Mirzə” oxuyuram. İnşallah, axırınadək “Sərfi-Miri”də bitirib, “Təsrif” kitabını oxuyacağam, vəssəlam.

Bundan artıq nəzərinizə çatdırılacaq mətləb yoxdur.

Hüseyn Rasizadə»

Paylaş:
Загрузка...