CƏMİYYƏT

İntihara sürükləyən qrip dərmanları Azərbaycanda da satılır? — RƏSMİ CAVAB

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi qrip əleyhinə olan “Tamiflu” adlı dərmanı qəbul edən xəstələrdə “qəribə davranış”lar müşahidə etdiyindən həmin dərmanın uşaq və yeniyetmələr üçün istifadəsini məqbul saymır. Artıq bir neçə ildir ki, Yaponiyada “Tamiflu” həkimlər tərəfindən uşaqlara yazılmır.

Lakin indi Yaponiya nazirliyi belə hesab edir ki, “qəribə davranış”la əlaqədar risklər yalnız “Tamiflu”ya aid deyil. Qripə qarşı digər dərmanları – “Laninamivir”, “Relenzu” (“Zanamivir”) adlı dərman vasitələrini qəbul etmiş xəstələr, xüsusilə uşaqlarda da qeyri-adi hərəkətlər müşahidə edilir. Ötən il Yaponiyada nazirlik tərəfindən qrip əleyhinə dərmanlar qəbul etmiş şəxslərin, xüsusən uşaqlar və yeniyetmələrin qəfil həyəcanlanb qaçmağa başlaması, pəncərədən tullanmağa cəhd etməsi ilə bağlı 54 fakt aşkarlanıb.

Yaponiyada narahatlığa səbəb olan bu dərmanlar Azərbaycanda istifadə edilirmi?

Trend-in xəbərinə görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, Almaniya, Fransa, İtaliya, ABŞ istehsalı olan “Tamiflu” adlı dərman vasitəsi ölkəyə idxal olunması və istifadə edilməsi üçün dövlət qeydiyyatından keçib:

“Lakin Farmakonəzarət sektoruna bu dərman vasitəsi ilə əlaqədar şikayət daxil olmayıb. Bundan əlavə Farmakonəzarət sektoru bütün dərman vasitələrinin təhlükəsizlik profilini və risk – fayda nisbətini nəzarətdə saxlayır”.

Qripə qarşı istifadə edilən digər iki dərmana gəldikdə isə, mərkəzdən əlavə edilib ki, Azərbaycanda “Laninamivir”, “Relenzu” (“Zanamivir”) adlı dərman vasitələri dövlət qeydiyyatından keçməyib və onlar dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyib.

Paylaş:
Загрузка...