CƏMİYYƏT

Jurnalistlərin narazı qaldığı MƏTBUAT KATİBLƏRİ

Hər bir dövlət qurumunun görünən üzü ictimaiyyətlə əlaqələrdə də özünü biruzə verir. Jurnalistlər hansısa məlumatı dəqiqləşdirmək istədikdə ilk müraciət etdikləri ünvan ictimaiyyətlə əlaqələr şöbəsi — mətbuat xidmətləri olur. Amma bəzən o şöbələrlə əlaqə yaratmaq, mətbuat katiblərilə danışmaq müşkül məsələyə çevrilir.

Modern.az saytı jurnalistlərin narazı olduqları mətbuat xidmətləri ilə bağlı sorğu keçirib. Maraqlı cavablar var.

İlkin Pirəli, “Report” İnformasiya Agentliyinin əməkdaşı:

“Mətbuat xidmətinin rəhbəri təmsil etdiyi qurumun güzgüsüdür. Onların özünü necə aparmasından həmin qurumun hansı səviyyədə fəaliyyət göstərməsini görmək olar. Konkret olaraq, Hesablama Palatası, Mərkəzi Bankın mətbuat xidmətinin rəhbərləri media ilə qətiyyən hesablaşmırlar. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti, o cümlədən Bakının rayonlarının İcra hakimiyyətlərinin mətbuat katibləri jurnalistlərin suallarını nadir hallarda cavablandırırlar. Xüsusilə Nərimanov, Xətai, Binəqədi, Suraxanı rayonlarının İcra hakimiyyətlərini qeyd etmək lazımdır. Bu İcra hakimiyyətlərinə sorğun olarsa, cavab almaq üçün 3 saat vaxtın gedir, bəzən cəhdin uğursuz olur. Sanki ayrıca xanlıq yaradıblar, media ilə hesablaşmırlar. Azərbaycan prezidenti İlham Əliyev xüsusi vurğulayıb ki, “jurnalistlər mənim köməkçilərimdir, dostlarımdır”. Bəzi dövlət qurumlarının mətbuat katibləri bunu nəzərə almalıdır. Yəni, siz prezidentin dostlarının suallarını cavabsız qoyursunuz?”.

İlhamə Əbülfət, “Teleqraf.com”un əməkdaşı:

“Təbii ki, suallara, sorğuya cavab verməyən mətbuat katiblərindən ağla ilk gələnlərdən biri Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədovadır. Nailə xanımın bir dəfə telefonu açıb, hansısa sualı cavablandırmasının şahidi olmamışam. Mənim telefon zəngimə bir dəfə cavab verib. O zaman da bildirdi ki, sorğu yollayaq, cavablandırılacaq. Halbuki, Nailə xanım sorğulara baxsa, onları cavablandırmağa bəlkə də, günlər yetməz. Vacib məsələ olanda əvvəlcədən SMS yazırıq və cavab verməsini xahiş edirik, amma nəticə olmur.
Suallardan yayınan digər mətbuat katibləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov, SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevdir. Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə ünvanladığım sorğuların da əksəriyyəti cavabsız qalıb”.

Aytən Zəhra, “Azvision.az”un əməkdaşı:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev, Qafqaz Müsəlmanlar İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova və Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlamaqda çətinlik çəkirəm. Onlar bəzən zənglərimizə cavab vermir, cavab verdikləri halda isə sorğumuz cavabsız qalır.
Ombudsmanın mətbuat xidməti dəyişsə də, hələ ki onunla danışmaq qismət olmayıb”.

Naibə Qurbanova, “Hafta.az” saytının əməkdaşı:

“Təhsil, Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Nazirlər Kabinetinin mətbuat xidmətinin fəaliyyətindən çox narazıyam. Adını çəkdiyim qurumların mətbuat xidmətindən informasiya almaq çətin məsələdir”.
 

Nərgiz Liftiyeva, “Yeni Müsavat” qəzetinin əməkdaşı:

“Bəzi dövlət qurumlarının mətbuat xidmətlərinin yaxşı işləməməsi jurnalistlərin işinə çox böyük əngəl törədir. Məsələn, Dövlət Gömrük Komitəsi, DİN, FHN, Maliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətləri demək olar ki, yox səviyyəsindədir.
Bunun əksinə olaraq, Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev, İqtisadiyyat Nazirliyindən Abbas Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İradə İbrahimova , Səhiyyə Nazirliyindən Liya Bayramova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Elman Babayev, Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Qulu Xəlilov, Gənclər və İdman Nazirliyindən Səmayə Məmmədova və “Azərişıq” ASC-dən Tanrıverdi Mustafayevin fəaliyyətini yaxşı qiymətləndirmək olar. Onlar zənglərə birbaşa cavab verir və suallarımızı dərhal cavablandırırlar. Bəzi mətbuat xidmətləri kimi “e-mailimizə yazın”, “rəsmi sorğu göndərin” kimi cavablarla sualdan yayınmırlar. Təəssüf ki, mətbuat katibləri arasında Azərbaycan dilində səlis danışa bilməyənlər, fikrini şifahi şəkildə normal izah edə bilməyənlər də var. Düşünürəm ki, onlar mətbuata danışmaq üçün yox, danışmamaq üçün həmin vəzifəyə qoyulublar”.

Orxan Aslanlı, “Panorama.az” saytının redaktoru:

“Pis mətbuat katibi deməzdim. Sadəcə jurnalistləri yola verən bəzi qurumların mətbuat katibləri var. Misal üçün «Dövlətqaçqınkom»un mətbuat katibi, Bakı şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri demək olar ki, jurnalistlərə açıqlama vermir. Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi də həmçinin. Elə qurumlar da var, yalnız sorğu şəklində sualların cavablandırılmasını tələb edirlər. Sorğu göndərilir, amma nə fayda, yenə cavab verilmir ki, verilmir”.

Aynurə Məmmədova,  “Ekspress” qəzetinin əməkdaşı: 

“Ölkənin inkişafında mühüm rol oynayan dövlət qurumlarının mətbuat xidmətləri belə suala operativ cavab vermir, sorğu göndərməyi təklif edirlər. Sorğuya da 3 gün ərzində cavab göndərəcəklərini deyirlər. Bəzən elə olur ki, bir həftə keçir, sorğuya cavab gəlmir. Vaxtaşırı zəng vurub yadlarına salmalı oluruq. Bu cür hallar xüsusilə də yayda çox olur. Deyirlər ki, bu məsələ ilə bağlı cavabdeh şəxs məzuniyyətdədir və s. Onu da qeyd edək ki, mətbuat xidmətlərinə müraciət etdikdə çox vaxt cavabı gecikdirir və deyirlər ki, biz rəhbərliyə deməliyik, sonra cavab verərik. Bir çox qurumların mətbuat xidmətlərinin fəaliyyətindən narazıyam, amma gec də olsa cavab verirlər. Bunların içərisində Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat rəhbəri Nailə Məmmədova ilə isə əlaqə saxlamaq  mümkün olmur”.

Zülfiyyə Quluyeva, “Movqe.az” saytının əməkdaşı:

“Bəzi dövlət qurumlarında, nazirlik və idarələrdə ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərləri öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmirlər. Loru dilsə desək, bəziləri ştat «zanit» edib. Onların arasında elələri var ki, ictimaiyyətlə əlaqələrin necə qurulmalı olduğundan xəbərsizdir. Nazirliklərin arasında mətbuatın suallarını cavabsız qoyan, jurnalistlərdən sorğu tələb edib illərlə gözlədən Maliyyə Nazirliyi ilə Ədliyyə Nazirliyinin mətbuat xidmətidir.
Jurnalistika fəaliyyətimdə Dövlət Miqrasiya Xidmətindən bir sorğuma belə, cavab ala bilməmişəm. Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla yerli icra hakimiyyətlərinin ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti 0 səviyyəsindədir. Bəzi dövlət qurumları da var ki, tədbir keçirmək, press-reliz yaymaqla işlərini bitmiş hesab edirlər. Verilən sualları operativ cavablandırmırlar. Bəhanə ilə sorğu tələb edirlər. Sorğuda yazılan sual qalır qıraqda, tamamilə başqa suala cavab göndərirlər. Belə dövlət qurumlarının yarıtmaz fəaliyyəti bizi də redaktorlar yanında üzü danlaqda qoyur.
Mətbuat xidməti rəhbərlərinin bir qüsuru da jurnalistlərə özlərini hərşeyşunas kimi göstərmələrindədir. Elə mövzular var ki, o mövzulardan nazirliklərdə, dövlət qurumlarında, agentliklərdə ancaq o sahənin mütəxəssisləri olan şöbə müdirləri danışa bilər. Amma mətbuat katibləri onların əvəzinə də özləri danışırlar ki, bu da çox vaxt bizim lazımı məlumatı əldə edə bilməməmizə, yazının keyfiyyətsiz olmasına gətirib çıxardır.
Bu baxımdan yanaşdıqda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi bir örnəkdir. Nazirliyin sözçüsü həmişə mövzuya uyğun olaraq jurnalistləri aidiyyatı şöbələrə, departamentlərə yönəldir ki, bu ictimaiyyətlə əlaqələrə məsul olan şəxsin peşəkarlığından irəli gəlir.

Mətbuatın suallarını operativ cavablandıran, jurnalistlərin hər zəngində telefonla məlumat verən mətbuat xidməti rəhbərləri də var. Səhiyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Metropoliteinin, ASAN Xidmət-in, Kənd Təsərrüfatı Nazirliyinin və bu nazirliyin nəzdindəki Baytarlıq və Fitosanitar xidmətlərinin, “Azərsu” ASC-nin, Bakı Nəqliyyat Agentliyinin və adlarını indi yadıma sala bilmədiyim dövlət qurumlarının mətbuat katibləri jurnalistlərin suallarına operativ cavab verir.

Mətbuatla aralarında məsafə saxlayan, jurnalistləri xoxan gözündə görən dövlət qurumlarının mətbuat katiblərinin hər dəfə yarıtmaz işini görəndə onlara büdcədən verilən maaşa heyfim gəlir. Müşahidələrimə əsasən deyə bilərəm ki, ümumiyyətlə, mətbuatın şinelindən çıxıb dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbəsində vəzifəyə təyin olunan jurnalistlər mətbuata açıq olur. İllər öncə “Azərsu ASC”nin mətbuat katibindən bir suala cavab almaq mümkün deyildi. Çünki o şöbənin rəhbəri Aqşin müəllimin internetdən başı çıxmırdı. Şöbə müdirinin e-maili belə,  yox idi. Naəlac qalıb sualımıza yazılı cavab almaq üçün “Azərsu”ya gedirdik. İndi “Azərsu”yun mətbuat katibi Anar Cəbrayıllı Facebook-dan jurnalistlərin suallarını cavablandırır. Mən çox arzulayıram ki, bəzi mətbuat katibləri rəsmi sorğu tələbindən əl çəkib, sosial şəbəkələrdə aktivlik nümayiş etdirsinlər. Bu zaman təmsil etdikləri qurumdan mətbuatda yer alan qərəzli yazıların da sayı azalar”.

Pünhan Əfəndiyev,  “Üç nöqtə” qəzetinin redaktoru:

“Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin fəaliyyətindən çox narazıyam.  Açıqlamaları reallıqdan uzaqdır. Xüsusilə turizm sektorunda… Xidmətin səviyyəsi «it günündə»dir”.

 

Aysel Aslan, “Şərq” qəzetinin əməkdaşı:

“Ümumiyyətlə, mətbuat katibləri ilə az hallarda əlaqə saxlaya bilirik. Dəqiq deyə bilmərəm, onların başqa saytlara, agentliklərə qarşı münasibəti necədir, amma biz məlumat almaq üçün zəng etdikdə, əksərən telefonlarımıza cavab verilmir. Bir məsələ də var. Mətbuat katibləri telefonu götürdükdə, sualı dinləyəndan sonra «bir azdan zəng edin» deyirlər. Sonradan yığdıqda isə cavab vermirlər. Ona görə, əminliklə deyə bilərəm ki, əksər mətbuat katiblərinin fəaliyyəti qənaətbəxş deyil.
Məsələn, Ekologiya, Təhsil, Səhiyyə nazirliklərin mətbuat xidmətləri ilə çox az hallarda əlaqə yarada bilmişəm. Əksərən telefonlara cavab vermirlər”.

Aygün Əhmədova , “Kaspi” qəzetinin əməkdaşı:

“Mətbuat katiblərinin indi jurnalistlərdən uzaq qaçdığını demək olmaz. Çoxu demək olar ki, jurnalistlərlə ünsiyyətdədir. Haradasa, 20 faiz mətbuat katibi nə zaman istəsən, hansı sualı versən mütləq şəkildə cavablandırırlar. Bəziləri isə onlara sərf edən məlumat olanda tez cavab verirlər, sərf etməyən hallarda isə ya işləri çıxır, ya təcili harasa getməli olurlar, ya da “mədəni” variant olaraq zəngə cavab vermirlər. Qurumlar tənqidə açıq olmalıdır ki, mətbuat katibi də öz işini görsün. Bütün hallarda mətbuat katibləri indi elə də çox uzaqda deyillər. Sadəcə cavablanma mexanizmi zəifdir. Operativ informasiya üçün operativ də cavablama lazımdır. Bu problemi mətbuat katiblərinin özü ilə də tam bağlamaq olmaz. Düşünürəm ki, qurumun mətbuata yanaşması necədirsə, mətbuat katibi də 90 faiz hallarda elə davranır.
Mən əlaqə saxladıqlarım içərisində bircə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuatla əlaqəsi demək olar ki yoxdur. Ola bilər ki, mənim əlaqə saxlamadıqlarımdan hansısa qurum ümumiyyətlə, açıqlama vermir, deyə bilmərəm. Qalanları isə əlaqənin sürətini artırsa, tənqidi yazılara münasibətlərini dəyişsələr gözəl olar”.

Hikmət Həsənov, «Ölkə.Az» xəbər agentliyi əməkdaşı:

“Bəzi qurumların mətbuat xidmətinin rəhbərləri özlərini məmur kimi aparır. Amma jurnalistlər üçün evlər veriləndə “jurnalistəm” deyib ortaya düşmüşdülər. Təhsil, Fövqəladə Hallar, Maliyyə nazirliklərinin mətbuat xidmətlərinin fəaliyyətindən narazıyam. Zənglərə cavab vermirlər, cavab verdikdə isə sorğu göndərməyimizi istəyirlər. Sorğulara isə çox gec cavab verirlər, bəzən isə cavab vermirlər”.

Namidə Bingöl, Modern.az-ın əməkdaşı:

 

“Hər gün informasiya ilə işlədiyimizdən müxtəlif qurumların mətbuat katiblərinə müraciət etməli oluruq. Amma müraciətlərimiz heç də bütün qarşı tərəf üçün xoş olmur. Görünür, ya suallarımızı cavablandırmaq istəmirlər, ya da suallar onların kriteriyalarına cavab vermədiyindən bu yola əl atırlar. İstənilən halda, hansısa qurumun mətbuat katibinin vəzifəsi medianın, jurnalistin suallarını dinləmək və cavablandırmaqdır. Amma iş prosesində əksini görürük.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova nəinki suallarımıza cavab verir, hətta kobud şəkildə danışır. Maraqlıdır ki, QMİ-nın rəhbər şəxsləri belə, xanım Dadaşovanın izni olmadan suallara cavab verməkdən imtina edirlər. Axı niyə? Əgər bir insan mətbuat katibi vəzifəsinin məsuliyyətini dərk etmirsə, niyə o vəzifədə çalışır. İşləyə bilən biri QMİ-yə mətbuat katibi gətirilsə, çox sevinərik.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da təəssüf ki, suallarımızı cavablandırmır. Ona görə biz iş prosesində rəhbərlik tərəfindən danlanırıq. Düzü, göndərdiyim sorğuların say-hesabını itirmişəm. Ümid edirəm ki, bu yazıdan sonra suallarıma cavab veriləcək. Bakı şəhəri İcra Hakimiyyətindən Nailə Məmmədova «susqun» mətbuat katibləri sırasındadır. Mövzulara cavab ala bilsək, özümüzü çox xoşbəxt hiss edərik”.

Alim Hüseynli, “Olaylar” qəzetinin əməkdaşı:

“Hazırda dövlət qurumlarının mətbuat xidmətləri yeni qayda ilə fəaliyyət göstərilər. Belə ki, əksər qurumların mətbuat xidməti özlərinə sərf edən məlumatları saytlarına yerləşdirilər. Baxmayaraq ki, əksər dövlət qurumlarında bu sahəyə cavabdeh şəxslər təyin edilib, lakin onlar müxtəlif bəhanələrlə fərdi qaydada jurnalistlərin suallarını cavablandırmaqdan yayınırlar. Ən yaxşı halda, jurnalistə yazılı qaydada müraciət etməyi tövsiyə edirlər. Buna baxmayaraq, verilən sualları qanunvericilikdə nəzərdə tutulan müddətdə cavab vermək mətbuat xidmətlərinin fəaliyyətinə yaddır.
Ola bilsin ki, başqa qurumların mətbuat xidmətlərinin fəaliyyəti qənaətbəxş deyil, ancaq məni qani etməyən mətbuat xidmətləri aşağıdakılardır:
Müdafiə Sənayesi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi”.

 

Nigar Etibar, “Bakupost.az” saytının redaktoru:

“Əslində narazı olmadığımız mətbuat xidmətlərinin adlarını çəkmək daha rahatdır. Çünki sayları barmaqla sayılacaq qədərdir. Öz işlərinə xeyli biganə yanaşanların sayı isə çoxdur deyə, saymaqla bitməz. Sadəcə olaraq, mətbuata daha tez-tez lazım olan, amma “ona boşuna zəng eləmə, onsuz da telefonu açmayacaq” dediyimiz mətbuat xidmətlərinin adını çəkə bilərəm.
Məsələn Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə belələrindəndir. Özü lazım olanda axtarır, zəng edir, tapır, amma biz nə vaxt zəng etsək, telefonu açmır. Yeri gələndə, mətbuat xidmətinin rəisi Ehsan Zahidovu tapırıq, açıqlama alırıq, amma Orxan Mansurzadə telefonunu açmır ki, açmır.
Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəriylə danışmaq şərəfinə hansı jurnalist nail olubsa, onu həqiqətən təbrik edirəm. Jurnalistlər Bakı meri Hacıbala Abutalıbovla daha çox ünsiyyətdə olub, nəinki Hacıbala müəllimin mətbuatla işləyən adamıyla. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də mətbuat xidməti əvvəl çox yaxşıydı, indi isə…
N qədər ad çəkə bilərəm. Sorğu göndərin deyib, elektron məktublarımıza cavab verməyən mətbuat xidmətlərindən isə ümumiyyətlə danışmaq istəmirəm. Vəziyyət həqiqətən də acınacaqlıdır. Materialı hazırlayırıq, rəsmi açıqlama gözləyirik, elə olur ki, günlərlə gözləmə rejimində qalırıq, məcbur olub rəsmi açıqlama olmadan dərc edən kimi dərhal tapılırlar. Zəng edirlər ki, niyə rəsmi açıqlamasız yazı tirajlayırsınız. Sanki mətbuat oturub aylarla nazirlik və ya dövlət qurumunun açıqlamasını gözləməlidir”.

«Qafqazinfo.az» xəbər saytı:

“Təhsil Nazirliyinin Mətbuat xidmətinə göndərdiyimiz sorğularda çox çətinlik çəkirik. Bakı Şəhəri İcra Hakimiyyətinin mətbuat xidməti ilə ümumiyyətlə əlaqə saxlaya bilmirik. Əvvəllər Qaçqınların  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən hansısa sorğumuza cavab almaq çox çətin məsələyə çevrilirdi. Amma baş verən hadisələrdən sonra sorğularımıza operativ cavab ala bilirik. Ümid edirik ki, digər qurumlar da belə vəziyyətlərin olmasını gözləmədən sorğularımıza tez cavab verər”.


İradə Cəlil, “Sputnik-Azərbaycan” agentliyinin əməkdaşı:

“Əvvəllər qəzetdə işləyirdim. Mətbuat xidmətlərinə özümüzü təqdim edəndə, qəzetdən olduğumuzu biləndə, yarım saata zəng etməyimizi deyirdi. Ancaq daha sonra əlaqə saxlamaq istədikdə zənglərimizə cavab vermirdilər. Amma indi agentlikdə elə problemlərlə çox da qarşılaşmıram. Bir çox mətbuat katiblərinə hətta mesaj yazdıqda sorğumuza cavab verir.
Amma Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovdan çox narazıyam. Onunla əlaqə saxlamaqda çətinlik çəkirəm, telefona cavab verdikdə isə sualın cavabının onluq olmadığını deyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev də telefonlara cavab vermir. Hətta internetdə mesajlara cavab verir, amma nədənsə telefonu açmır”.

 

Ceyhun Əhmədli, Femida.az saytının əməkdaşı:

“Femida.az daha çox vətəndaşların müraciəti, ölüm halları, hüquq-mühafizə orqanlarının işi ilə bağlı mövzulara üstünlük verir. Bütün bunlarla bağlı biz daha çox hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək məcburiyyətində qalırıq. Hadisə ilə əlaqədar dəqiq məlumat əldə etmək üçün onlara zəng edirik. Amma ən çox Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin fəaliyyətindən narazıyıq. Onlar sorğumuza operativ cavab vermirlər, bəzən isə ümumiyyətlə cavab vermirlər. Bakı Şəhər İcra Hakimiyyətinin və digər İcra hakimiyyətlərinin də mətbuat xidmətləri ilə əlaqə saxlamaq çətin məsələyə çevrilir. Onlar ya zəngimizə cavab vermirlər, zəngə cavab versələr də sualımızı cavablandırmırlar”.

 

Gülxar Şərif, Publika.az saytının əməkdaşı:

“Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri  Nailə Məmmədova nadir hallarda telefona cavab verir. Cavab verəndə isə məlumatının olmadığını deyir. Ən yaxşı halda müvafiq şöbələrin nömrəsini verməklə kifayətlənir. Çox zaman həmin nömrələr də bizi Nailə xanıma yönləndirir, ya da cavab vermirlər. Yerli icra hakimiyyətlərinin də bəzilərinin mətbuat xidmətləri ilə danışmaq mümkünsüzdür. Onlar adətən, iş telefonlarına cavab vermir, ya da daim ərazidə, tədbirlərdə olurlar. Bir çox hallarda icra başçıları, onların müavinləri ilə danışmaq daha asan olur. Bu günlərdə açıqlaması qalmaqala səbəb olan Nazirlər Kabineti mətbuat xidməti Akif Əli də çox nadir hallarda telefona özü cavab verir. Cavab verəndə, adətən məşğul olduğunu deyir, ya da sualın cavabını öyrənəcəyinə söz verir. Lakin sonra cavabı almaq mümkünsüz olur.
Rayon prokurorluqlarında KİV-lə əlaqələrə görə məsul şəxslər də çox zaman məlumat verməkdən yayınır, Baş Prokurorluğun mətbuat xidmətinə yönləndirirlər. Halbuki, onlar məhz KİV-lə işləmək üçün təyin ediliblər”.
Orxan Kərimov, SalamNews İnformasiya Agentliyinin əməkdaşı:

“Mən fikrimcə, dövlət və özəl qurumların mətbuat xidmətlərinin rəhbərləri sosial şəbəkədə daim aktiv olmalıdırlar. Demək olar gündəlikdə olan bütün məsələlər məhz elə sosial şəbəkələrdə müzakirə edilir. Bir məqamı xüsusi qeyd edim ki, mediada işləyib daha sonra mətbuat katibi vəzifəsində çalışanlar KİV-lərə daha yaxındırlar. Lakin bir neçə dövlət qurumu var ki, onlar mətbuata qapalıdırlar, ancaq şablon press-reliz yaymaqla kifayətlənirlər. Məsələn,  Bakı Şəhər İcra Hakimiyyəti, Nazirlər Kabineti, Dövlət Miqrasiya Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Müdafiə Sənayesi Nazirliyi”.
Jurnalist Samir Əli:

“Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səyyad Məcidovun fəaliyyətindən çox narazıyam. Adama həmişə zəng vuranda telefonu götürür. Amma hansısa bir sualı versən, ya deyir ki, nazirliyə sorğu göndər, ya da deyir dəqiqləşdirərəm. Elə o dəqiqləşdirərəm, bu dəqiqləşdirərəm. Ondan sonra Səyyad müəllimə nə vaxt zəng vurursan, ya telefonu açmır, açanda da deyir ki, nazirlikdən məni başqa işə ezam elədilər, işdə yoxam. Elə bil ki, Səyyad müəllim gözləyir ki sən ondan nəsə soruşasan, dərhal ezamiyyə vərəqi alıb aradan çıxsın”.
Tural Tağıyev, “Palitra” qəzetinin əməkdaşı:

“Son zamanlar çox pis tendensiya yaranıb- əvvəllər mediaya fərqli yanaşardılar, ən azından fərq qoyulmazdı ki,  bu yazılı mətbuatdı, bu xəbər agentliyidir və s. İndi yazılı mətbuatdan kiminsə bəzi mətbuat xidməti rəhbərləri ilə əlaqə saxlaması müşkül məsələyə çevrilib. Konkret olaraq narazı qaldığımız mətbuat xidmətlərinə gəldikdə isə Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi bir çox hallarda da Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətlərindən razı qalmırıq”.
Kamil Həmzəyev, müstəqil jurnalist:

“Xarici İşlər Nazirliyi, Səhiyyə, İdman və Gənclər Nazirliyinin mətbuat xidmətlərinin fəaliyyətindən çox narazıyam”.

Paylaş:
Загрузка...