CƏMİYYƏT

Kredit, yoxsa vətəndaşların var-yoxunu sovuran zəli? — KÖŞƏ

Orxan Aslanlı

KREDİT – son 5-10 ildə cəmiyyətdə işlədilən ən bəlalı sözlərdən biri… Kimi dindirirsən — cavanından tutmuş qocasına kimi «bu kredit məni boğaza yığıb” — deyir. Əlavə edir ki, bəs bu ay vəziyyət lap pisdi, kreditim var, həm də üstəlik faiz də gəlib.

Kreditlərin də növləri var: istehlak kreditləri, ipoteka kreditləri, kommersiya kreditləri, beynəlxalq kreditlər və.s. Cəmiyyətimiz üçün isə ən bəlalı kredit 20-25 illik ipoteka kreditləridir. Təsəvvür edin, bəlkə də o krediti götürəndən sonra həmin insan heç 5 il yaşamayacaq. Amma o krediti götürür. Soruşanda da niyə bu qədər uzunmüddətlik götürürdün, tək bir cavab verir: «Məcbur idim”. Razılaşmaq olar ki, iki gənc ailə qurursa, aldıqları aylıq gəlir onlara ipotek ilə kreditə ev almağa imkan verirsə, bu qəbulediləndir.

Amma bizim cəmiyyətdə artıq yeni kredit götürmək qaydası formalaşıb. Əvvəla, bu başıbəlalı ipoteka kreditini başqasının adına götürürlər, bununla da ipotekanın həm tez alınmasını, həm aylığının az olmasını istəyirlər, həm də ilkin ödənişsiz.

Hətta bu problemi birdəfəlik həll etmək, yəni banka olan borcunu tam bağlamaq üçün evini, əlində olan malını, mülkünü hamısını satır ki, krediti bağlaya bilsin. Təki bu kredit sözünü birdə eşitməsin. Hələ bundan başqa elə adamlarda var ki, bir banka borcu ola-ola, digər bankdan da borc götürür ki, birinci banka olan borcunu bağlasın. Amma düşünmür ki, bundan sonra vəziyyət daha da mürəkkəbləşə bilər. Bunu da qeyd edim ki, kredit götürənlərdə yeni bir xasiyyət yaranıb. Kreditin ödənmə vaxtı çatanda bu gün-sabah deyib vaxtı uzatmağa çalışırlar. Çünki əllərində krediti ödəməyə pul olmur.

Bütün bunları sadalamaqda məqsədim o deyil ki, heç kim gedib kredit götürməsin. Amma atalar yaxşı deyib, «Ayağını yorğanına görə uzat!” Məgər düz deyilməyib?! Əgər bu krediti götürüb ödəyə bilməyəcəksənsə, niyə götürürsən? Niyə ömrünü kredit, faiz problemlərini çözməyə həsr edirsən? Niyə bunu götürməyi özünə məcbur edirsən?

Təəssüf ki, banklar bu kimi vəziyyətlərdən çox mükəmməl şəkildə istifadə edirlər. Həm götürülən pulun üzərinə gələn yüksək faiz, həm kommisiya haqqı, ara dili ilə desək, «şapka” (əlbəttə ki, bu heç bir qanunda yoxdur, amma nədənsə biz bunu da verməyə məcburuq), həm də xarici valyuta ilə kredit verilərsə, məzənnə dəyişikliyindən sonra ödəniləcək pulun həcminin artması — yəni bütün zərər vətəndaşların çiyninə yüklənir. Həmin krediti götürənlərə də heç bir kömək olunmur.

Kreditin bu cür baş bəlası olduğunu görüb, banklara kredit ödəyən bir neçə vətəndaşlarımızla söhbət apardım. Bu insanlarla söhbət zamanı, həqiqətən də, vəziyyətin ağır olduğunun fərqinə vardım. Yəni kredit problemini yaşamasan, onun necə bir bəla olduğunu bilməzsən. Suraxanı rayon sakini olan Qasımov Vahid 15 il müddətinə kredit götürüb. Kreditin 4 ilini ödəyən Vahid vəziyyətin günü-gündəm ağırlaşdığını dedi: «Krediti birinci götürəndə çox sevinirdim ki, axırı ki, özümə ev ala bildim. Amma, sən demə, qabaqda baş verəcək fəlakətlərdən xəbərim yox imiş. Kreditin birinci ilin bir təhər verə bildim, amma sonradan vəziyyət dəyişdi . İşlərim pisləşdi, əlimdə-ovcumda nəyim vardı satdım ki, kreditin vaxtını gecikdirməyim. Sonradan bunlar da qutardı və o arzuladığım evi satmaq məcburiyyətində qaldım ki, özüm qala bilməsəm də heç olmasa borcunu verə bilim. İndi də vəziyyət gördüyün kimidir, yəni yenə də evsizəm, həm də əvvəlkindən daha kasıb, var-yoxdan çıxmış vəziyyətdə”.

Ən maraqlı cavabı isə krediti borcundan bezən Cavad bəy dedi: «Guya bu problemimi sənə desəm, gedib borcumu ödəcəyəksən? Yoxsa mənə kreditin ödənişində güzəştə getməyə bankları razı salacaqsan? Dərdimi təzələmə”.

Paylaş:
Загрузка...