CƏMİYYƏT

Lənkəranski sui-qəsdində gözlənilməz dönüş və AST Telman müəmması

Telman İsmayılov kriminal avtoritetin qətlində günahlandırılır

 18 avqust 2016-cı il tarixində İstanbulun Barbarossa bulvarında öldürülmüş «qanuni oğru» Rövşən Canıyevin (Lənkəranski) qətli ilə bağlı cinayət işində və onun məmur qardaşı Namiq Canıyevin Türkiyədə saxlanılması məsələsində yeni dönüş yaranıb. Belə ki, Moskvadakı «Çerkizov bazarı»nın və Türkiyədəki «Mardan Palas»-ın keçmiş sahibi, azərbaycanlı biznesmen Telman İsmayılov indi də Rövşən Lənkəranskinin qətlində günahlandırılır.

Hələlik Telman İsmayılov həbs edilməyib, lakin Türkiyədəki bəzi qüvvələr bunun baş verməsinə çox çalışır. Ola bilsin, yalnız belə olan təqdirdə onu Rusiyaya vermək asan olacaq. Çünki artıq məhkəmə onun haqqında iki aylıq qiyabi həbs qərarı çıxarıb. İsmayılov iki nəfərin qətlində şübhəli bilinir.

Bu barədə Sputnik Azərbaycan-a Türkiyənin hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbə məlumat verib. Rusiya KİV-ləri böyük rezonans doğurmuş Rövşən Lənkəranskinin qətlində Telman İsmayılovun adının hallandığını yazır. Sən demə, Telman İsmayılov «qanuni oğru» Nadir Səlifovun (Lotu Quli) qardaşı Namiq Səlifov vasitəsilə killerlərə Rövşən Lənkəranskinin yeri barədə məlumat verib. Məsələ ondadır ki, Namiq Səlifov «Çerkizov bazarı»nın sabiq sahibinin Ankaradakı villasında onun xüsusi qonağı olub.

Rövşən Lənkəranskinin qətlinin üstü rəsmən açılmayıb və bu cinayətdə Lotu Qulinin əlinin olduğu da sübuta yetirilməyib. Lakin bir sıra kriminal dairələr əmindir ki, Lənkəranski Lotu Qulinin əli ilə aradan götürülüb. Çünki, uzun müddətdir onlar arasında həll olunmayan münaqişə vardı.

2016-cı ildə Rusiyada iki biznesmenin qətli ilə bağlı onu qiyabi həbs etmişdilər. Həmin biznesmenlər ticarət mərkəzlərinin sahibi Vladimir Savkin və «Lyublino-motors»-un təsisçisi Yuri Brilev idi. Bu yaxınlarda həmin işlə əlaqədar biznesmenin qardaşı Rafiq İsmayılov həbs olunub. Belə bir informasiya da var ki, bu yaxınlarda Rusiyada milyonçuya qarşı daha 6 nəfərin qətli, iki dələduzluq epizodu və mütəşəkkil cinayətkar qrup yaratmaq ittihamları ilə cinayət işi açılacaq.

Kriminal dairələrə və Rövşən Lənkəranskiyə yaxın, adlarının çəkilməsini istəməyən mənbələr Sputnik Azərbaycan-a deyiblər ki, onlar Telman İsmayılovun kriminal avtotitetin aradan götürülməsində heç cür iştirak etmədiyini bilirlər. Üstəlik, bu bəyanat, bir tərəfdən məlumatlı insanları əyləndirir, digər tərəfdən isə xəbərdar edir.

«Hamı bilir ki, Telman İsmayılov Rövşən Lənkəranski ilə yaxın olub. Bu dostluğun əlaməti olaraq İsmayılov «Mardan Palace»dakı nömrələrdən birini pulsuz olaraq «qanuni oğru» və onun adamlarının sərəncamına vermişdi. Və onlar orada yaşayırdılar. Telman İsmayılov və Rövşən Canıyev yaxın dost idilər. Biz bilirik ki, bu informasiya yalandır» — mənbə bildirib.

«Amma bir sıra insanlar bunları kor-koranə surətdə oxuyurlar və bu yalanlara inanırlar. Lakin narahatlıq doğuran odur ki, İsmayılovu ləkələmək, Rusiya hüquq-mühafizə orqanlarının işini yüngülləşdirmək üçün onu Türkiyədə cinayət məsuliyyətinə cəlb etmək istəyirlər. Bunun arxasında kim dayanır, biz tezliklə aydınlaşdıracağıq» — deyə mənbə əlavə edib.

Bununla yanaşı, Türkiyə KİV-lərinin yaydığı məlumata görə, Keşlə qəsəbəsindəki gömrük postunun rəisi Namiq Canıyev hələ də dəmir barmaqlıqlar arasında saxlanılır.

Qeyd edək ki, noyabrın 2-də İstanbul polisi 20 illik həbs həyatından sonra, Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlığa çıxan, qardaşları Namiq və Müşfiq Səlifovlarla birlikdə Türkiyəyə gedən «qanuni oğru» Nadir Səlifova qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Görülən tədbirlər nəticəsində İstanbulun Bakır-köy rayonundakı Ömür AVM-də 13 nəfərlik mütəşəkkil qrup saxlanılıb. Onların arasında Namiq Canıyev, Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdürrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savçı, Necat Bingöl, Berkay Dənizçi, Mehmet Sabri Şirin, Hacı Beyləqanski təxəllüslü «qanuni oğru» Talıbxanlı Hacıbaba Tahir oğlu (o, saxta pasportdan istifadə edir — red.) olub.

İlkin məlumatlara görə, sui-qəsdin təşkilinə görə Namiq Canıyev ittiham edilib. Guya o, killerlər qrupuna rəhbərlik edirmiş. Lakin mənbələr bildirirlər ki, Namiq Canıyev kriminal avtoritetə qarşı sui-qəsdin təşkilində iştirak etməyib.

Quliyə qarşı sui-qəsdlə bağlı bütün məsuliyyəti Şeyx Həmzət ləqəbli çeçen kriminal avtoritet, oğru dünyasının «Ümumavropa kassası»nın nəzarətçisi Həmzət Qastəmirov öz üzərinə götürüb. O, bu yaxınlarda saxta pasport gəzdirməkdə və odlu silah saxlamaqda günahlandırılaraq 8 cangüdəni və aralarında yaxınlarının da olduğu 13 nəfərlə birlikdə Amsterdamın Sxiphol (Schiphol) hava limanı yaxınlığında saxlanılmışdı. Sonra Qastəmirov Hollandiya məhkəməsinə 3,6 milyon avro ödəyərək azadlığa çıxmışdı. Qastəmirovun adamları onu holland polisinə Lotu Qulinin adamlarının satdığını güman edirlər.

Ümumiyyətlə, Namiq Canıyev geyindiyi uniformanın şərəfini ləkələməmək üçün həmişə kriminal aləmdən uzaq durmağa çalışır. Bunun üçün o, hətta qardaşı Rövşən həyatda olarkən onunla birlikdə şəkil belə çəkdirməyib. Amma bu dəfə mərhum qardaşının yaxın dostları ilə görüşmək onun üçün ölüm-dirim məsələsi olub. Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. O, bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb. Bu söhbətdə Namiq Canıyev ştirak etməyib.

Lakin Canıyev hələ də dəmir barmaqlıqlar arasındadır. Türkiyə polisi demək olar ki, onunla birlikdə həbs olunan şəxslərin hamısını azadlığa buraxıb. Hazırda həbs olunan qrup üzvlərindən dəmir barmaqlıqlar arasında azərbaycanlı məmurla birlikdə sadəcə üç nəfər qalıb.

Əməkdaşımız Azərbaycanın İstanbuldakı baş konsulu ilə əlaqə saxlayaraq Namiq Canıyevin taleyilə maraqlanıb. Konsulluqdan bildiriblər ki, 2 noyabrda həbs olunan azərbaycanlılarla bağlı heç bir məlumatları yoxdur.

Eyni zamanda, Türkiyənin xüsusi xidmət orqanları Həmzət Qastəmirovu axtarır. Mənbənin sözlərinə görə, Qastəmirovun 1981-ci il təvəllüdlü iki qardaşı oğlu — Əhməd və Müslim Qastəmirovlar saxlanılıb. Bununla xüsusi xidmətlər hazırda gizlənərək düşmənlə haqq-hesab çəkmək üçün uyğun zamanı gözləyən Qastəmirovu ələ keçirmək istəyir. Axı, o, intiqam almağa and içib…

Paylaş:
Загрузка...