CƏMİYYƏT

Leyla Şıxlinskayaya dəyən ziyanın məbləği açıqlandı

Bakı Ağır Cinayətlər Məhkəməsində «Leyla Şıxlinskaya» klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən klinikanın sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları — Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın, Polad Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Panoramaaz APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş klinikanın nümayəndəsi Günay Sultanova mülki iddia ilə çıxış edib. O, təqsirləndirilən şəxslər tərəfindən klinikaya dəyən 804 min, 343 manat məbləğində ziyanın ödənilməsini istəyib.

G. Sultanova təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı da vəsatət verib.

Məhkəmə mülki iddianı icraata qəbul edib, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti isə qəbul olunmayıb. Cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmə baxışı noyabrın 24-ə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə bağlı məlum olur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Leyla Şıxlinskaya mətbuata bu işdə heç bir günahının olmadığını bildirib: “Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”

Paylaş:
Загрузка...