CƏMİYYƏT

«Mənim komandanım» — Rəşad Süleymanov

Rəşad Süleymanov — «AzeriDefence» jurnalının baş redaktoru, hərbi ekspert

22 sentyabr Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin 50-ci yubiley yaşı tamam olur. Əvvala onu deyim ki, Sərhəd Qoşunlarında xidmət etmişəm. Elçin Quliyev mənim komandanım olub. Uşaqlıqdan –ta sovet dövründən sərhədlə tanışlığım var. Jurnalist fəaliyyətim dövründə də bütün hərbi qurumlarla, o cümlədən Sərhəd Qoşunları ilə sıx təmasda olmuşam. Ən azı 15 ildir Silahlı Qüvvələrimizdə və Sərhəd Mühafizəmizdə gedən proseslərdən xəbərdaram.
Generallardan, hansısa məmurdan müsbət məqamları yazanda kənardan hərə bir fikir səsləndirir. Ağzıgöyçək insanlar başlayırlar… Onların dedikləri, fikirləri mənim üçün önəm kəsb etməsə də bunu hər yerdə deyirəm: Bizim komandan fərqli bir insandır. Həm şəxsiyyət olaraq, həm hərbçi olaraq, həm də bir məmur olaraq.

Mən bu yazımda general Elçin Quliyevi necə tanıdığımı ifadə eləməyə çalışıram.

Elçin Quliyev sadə bir ailədə doğulub, böyüyüb. Azərbaycan Ali Hərbi Məktəbini (keçmiş BABKM) bitirib. Sovet Ordusu sıralarında Polşada xidmət edib. Azərbaycan müstəqilliyini əldə edəndən sonra Azərbaycan Silahlı Qüvvələrində — Sərhəd Qoşunları sıralarında xidmətə başlayıb. 1992-ci ilin iyun ayında o, baş leytenant rütbəsində Azərbaycanın Rusiya ilə sərhəddə ilk əlahiddə sərhəd nəzarət buraxılış məntəqəsinin rəisi təyin edilib. Sonralar bu bölmə böyüyərək Xudat Sərhəd Dəstəsinə çevrilib.
Kimsə deyəcək ki, Bakının 120 kilometrliyində Rusiya ilə sərhəddə — adi sərhəd hissəsinin komandiri olub. Burada nə var? Ona görə tarixinə varmağa çalışıram.
O dövrdə şimal regionlarımızda baş verənləri xatırlayaq. Xarici qüvvələrin təsiri ilə Qusar, Xaçmaz və Quba ərazisində milli-etnik qarşıdurmalar, separatizm meyilləri baş qaldırmışdı. Bu qüvvələrin zərərsizləşdirilməsi, təhlükə ocaqlarının aradan qaldırılmasında o vaxt Elçin Quliyevin rəhbərlik etdiyi sərhədçilərimiz böyük rol oynadılar. Onların sayəsində bölgədə əmin amanlıq təmin olunmuş, separatçı ünsürlər zərərsizləşdirilmişdi.

Müstəqillik əldə ediləndə Azərbaycanın yalnız İranla (qismən Türkiyə ilə) sovetlərdən qalma sərhəd infrastruktru var idi. Rusiya və Gürcüstanla sərhəddə isə sərhəd mühafizəsi sırf müstəqillik dövründə yarandı. O dövrdə şimalda xidmət edən sərhədçilərimiz hansı şəraitlərdə xidmət etdiklərini yaxşı xatırlayarlar. Yalama və SDK istisna olunmaqla, vaqon zastavalar, sərhəddə sərbəst hərəkətə öyrənmiş insanlara dövlət sərhədini, müstəqil ölkənin vətəndaşı olmağı izah etmək heç də asan deyildi.
Və xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan-Rusiya sərhədi 1992-ci ilin iyun ayının 16-da sərhədçilərimizin xəritə üzərində deyil, təbii sərhəd xətti seçərək Azərbaycanın üçrəngli bayrağını qaldırdıqları yerdən başlayır.

Elçin Quliyev 2001-ci ilin mart ayında ulu öndər Heydər Əliyevin imzaladığı fərmanla MTN-nin müavini, Sərhəd Qoşunları Baş İdarəsinin rəisi- Sərhəd Qoşunlarının komandanı təyin edildi. Heydər Əliyev kimi şəxsiyyətin təhlükəsizlik struktrunda belə bir zabiti önə çəkməsi heç də elə belə deyildi. Doğrudur, sonrakı dövrlərdə bəzi qüvvələr tərəfindən generalımız barədə müxtəlif dedi-qodu xarakterli informasiyalar yayıldı. Lakin, zaman bu informasiyaların yalan olduğunu sübuta yetirdi.
Mənim əsgərliyim E. Quliyevin komandan olduğu dövrə düşüb. 2001-ci ilin aprel ayınadək Sərhəd Qoşunlarında ümumi vəziyyət ürəkaçan deyildi. Sərhəd Qoşunlarında xidmətə gedənlər pul qazanmaq barədə düşünürdülər. Sərhədlər yırtıq çəpərə dönmüş, sərhəd pozuntuları, qaçaqmalçılıq halları baş alıb gedirdi.
Gənc – 34 yaşlı general-mayor Elçin Quliyevin ilk işi də məhz bu neqativ halları aradan qaldırmağa yönəldi. Təsəvvür edin, bir heç yarım il keçməmiş Sərhəd Qoşunları necə dəyişmişdi. Hərbi hissələrdə neqativ hallar aradan qalxmağa başladı. Təminat-təchizat yüksəldi. Yeni zastavalar, komendaturalar, hərbi hissələr inşa edildi.

Bu yerdə təkrar 2001-ci ilə qayıdıb bir olayı xatırlayaq.

2001-ci ildə Zaqatala-Balakən rayonları ərazisində peyda olan Hacı Maqamedov adlı bir cinayətkarın başçılığı altında terrorçu-separatçı dəstə fəaliyyətə keçmişdi. Hətta separatizm ideyalarını reallaşdırmağa çalışan bu cinayətkar dəstə rayonlarda dövlət qurumlarının rəhbərlərinə, hüüquq mühafizə orqanlarının nümayəndələrinə qarşı silah işlətməkdə idilər.
H. Maqamedovun rəhbərlik etdiyi dəstənin zərərsizləşdirilməsi əməliyyatı başda komandan Elçin Quliyev olmaqla sərhədçilər tərəfindən reallaşdırıldı. Cinayətkar Maqamedov və dəstənin üzvlərinin bir qismi öldürüldü, qalanlar isə yaxalanıb məhkəmədə lazımi cəzalarını aldılar. Kimsənin o rayonnlarda dost tanışı varsa məhv edilmiş cinayətkarın meytinin helikopterlə stadiona gətirildiyi günü soruşa bilər. Yaxşı xatirimdədir, komandanımızın həmin hadisə ilə bağlı müsahibəsində belə bir cümlə vardı: Azərbaycan dövlətinə qarşı çıxanların hamısının sonu belə olacaq. Necə ki sonrakı dövrlərdə baş verən ayrı-ayrı hadisələrin də sonucu eyni oldu.
Heç harda yazılmayıb və deyilməyib. Bəlkə də bu olaylar 30, 40, 50 il sonra açılacaq, yazılacaq. Geniş açıqlamadan onu deyə bilərəm ki, son 10-12 ildə quruda İran, Gürcüstan və Rusiya, dənizdə Türkmənistanla sərhəddə sərhədçilərimiz Azərbaycana yad gözlə, başqa istəklə baxmağa çalışan dövlətlərin arzularını boğazlarında qoydular. Xarici qüvvələr hətta öz etdiklərinin bir neçə qatı böyüklüyündə zərbə aldılar. Generalların, mollaların, höcətullaların, keşişlərin bəyanatları səsləndiyi kimi birdən birə də kəsildi. Sanki olmayıbmış kimi. Sərhədimizi pozanların sərhədinə girildi, öldürülən əsgərimizin qisası alındı, silahla gələnə silahlı qarşılıq verildi. Biri səsini kəsdi, biri gəmisini geri çəkdi, biri ərazi iddiasından daşındı. Bunlar təbii ki Ali Baş Komandanın yetki və səlahiyyət verdiyi general Elçin Quliyevin sayəsində oldu.

Elçin Quliyev DSX rəisi olaraq Sərhəd Mühafizəsinə MİLLİLİK, KEÇMİŞİNƏ HÖRMƏT VƏ ŞƏRƏFLİ GƏLƏCƏK TARİXİNİ YAZMAQ ənənəsini gətirdi. Bu nədir?

Birincisi, bu günədək DSX istisna olunmaqla, heç bir hərbi qurumun mərkəzi aparatında – qərargahında Azərbaycanın hərb tarixini xatırladan nə fotolara, nə xəritələrə, nə də Azərbaycan Ordusuna rəhbərlik etmiş generalların fotolarına rast gəlməmişəm. DSX-nin dəhlizlərində isə Azərbbaycanın tarixi ərazilərinin xəritəsi, sərkərdələrinin fotoları yer alır.
Ikincisi, DSX rəisinin özündən əvvəlki komandanlara, qərargah rəislərinə, uzun müddət Sərhəd Mühafizəsində xidmət edib, istefaya və ehtiyata keçən zabitlərə, Qarabağda döyüşlərdə iştirak etmiş sərhədçilərə hər zaman hörmət-ehtiram göstərdiyinin, eləcə də uzun müddət yaşayıb xidmət etdiyi Xudat şəhərində sakinlərlə böyükdən kiçiyinə necə hörmətlə görüşməsinin bilavasitə şahidi olmuşam. Bu gün ayrı-ayrı hərbi qurumlardan, ordudan ehtiyata buraxılan yüzlərlə mütəxəssis zabitlər var ki sonradan DSX sıralarına üz tutaraq xidmətlərini burada davam etdirirlər.
Üçüncüsü, DSX modernləşməyə açıq qurumdur. Sərhəd Qoşunları döyüş qabiliyyətini yüksəldir, sərhəd mühafizəsində yeni metod və texnologiyalar tətbiq etməklə, Azərbaycan sərhəd mühafizəsi modelini yaratmaqla tarixini yazır. Məhz bu gün Türkiyə başda olmaqla bir sıra dövlətlərin Azərbaycanın sərhəd mühafizə modelini öyrənib tətbiq eləməyə çalışması bu nailiyyətlərdəndir. 2016-cı ilin aprel döyüşlərində ordu birləşmələrimizlə birlikdə DSX bölmələri tərəfindən bir neçə istiqamətdə, müasir silah sistemlərindən istifadə edilməklə düşmənin qərargahı, artilleriya mövqeləri, həmçinin Xocalı aeroportunun uçuş zolağı dağıdıldı, Qarabağa döyüşmək üçün gələn könüllüləri daşıyan avtobus sürpriz şəkildə məhv edildi. Düşmənin içərisində yüksək rütbəli zabitlər də olmaqla komandir heyəti öldürüldü. DSX-nin endirdiyi zərbələr konkret olaraq düşməni şok vəziyyətinə saldı. Son olaraq avqust ayında prezident İlham Əliyevə nümayiş etdirilən DSX-nin arsenalındakı silah və texnikanın çox ölkənin ordusunun yalnız arzusunda olduğunu yazmışdıq.
Xarici hərbi sərgilərdə dəfələrlə şahidi olmuşam. Elçin Quliyev və DSX heyəti digər qurumlardan fərqli olaraq prootokol xatirinə sərgidə iştirak etmirlər. Stendləri gəzir, yeni və ən yaxşı texnologiyalarla maraqlanır, onların Azərbaycanda tətbiqi imkanlarını araşdırırlar.
Dəfələrlə vətəndaşlarla söhbətimdə bunun şahidi oluram. Sorğularda da valideynlərin böyük əksəriyyəti “övladının Sərhəd Qoşunlarında xidmət etməsini” istədiklərini ifadə edirlər. Arqument sadədir: biz Sərhəd Qoşunlarında yaradılan şərait barədə eşitmişik. Komandanına güvənirik.
Yeri gəlmişkən, Azərbaycanda hərbi qurumlar arasında ilk dəfə “açıq qapı” elan edib valideynləri hərbi hissələrə dəvət edən, valideynlərlə görüşləri keçirən DSX olub. Komandan hərbi hissəyə gedəndə dəfələrlə görmüşəm ki, əsgərlərlə, əsgər valideynləri ilə şəxsən maraqlanır, onları dinləyir, problemlərinin həlli üçün tapşırıqlar verir.
Elçin Quliyev öz əsgərini qoruyan, qəhrəmanlığını təqdir edən, qiymətləndirən general, övladlarını milli ruhda, vətənpərvər ruhda tərbiyyə edən, hərbçi olmaqla bərabər, həm də tarixə, mədəniyyətə, musiqiyə bağlı bir insandır. Onunla, bu mövzularda saatlarla yorulmadan söhbət etmək olar.

(Linkdə Elçin müəllimin bəstələrindən biri ilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=UojAj0leCFs)
Komandanım barədə çox şeylər yaza bilərəm. Düşünürəm ki, bu fikirlər tanımayanlarda onun haqqında ətraflı təsəvvür yaratmağa bəs edər.

Allahdan generalımıza uzun ömür, can sağlığı, Vətənimiz, dövlətimiz uğrunda yorulmadan çalışmağı arzulayıram!
Allah bizə Sizin əmriniz altında torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirakı, bayrağımızı işğal altındakı dövlət sərhədlərimizə götürməyi qismət eləsin!

 

Paylaş:
Загрузка...