CƏMİYYƏT

Məşhur şirkətin bakteriya aşkarlanan məhsulları Azərbaycana gətirilib?

Birləşmiş Krallıq Mars İrlandiyaya məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” adlı məhsulların satışının bütün məntəqələrdən götürülməsi ilə əlaqədar qərar qəbul edib.

Publika.az xəbər verir ki, buna səbəb adıçəkilən məhsullarda salmonella bakteriyasının daşıyıcısı şübhəsinin olmasıdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumatda bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə Mars İrlandiya şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsullarının hansı çeşiddə və sayda idxal olması ilə bağlı araşdırmalara başlayıb. Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyindən Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə, bu qida məhsulları qurumda qeydiyyata alınmayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Agentliyə verilən məlumata görə, 2017-ci il ərzində adı çəkilən şirkətə məxsus olan hər hansı yükün, o cümlədən “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulların idxalı ilə bağlı quruma heç bir müraciət daxil olmayıb və idxala rəy verilməyib.

Aparılmış araşdırmaların nəticəsi olaraq beynəlxalq mətbuatda salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən Mars İrlandiya şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulları ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilib.

Buna baxmayaraq, Agentlikdən bildirilib ki, istehlakçıların satış nöqtələri, ictimai iaşə yerləri, ticarət obyektlərində adı çəkilən qida məhsullarına rast gəldikləri halda Qida Təhlükəsizliyi Agentliyinin (012) 565-12-72 və ya (012) 565-12-82 (daxili: 249) nömrələrinə məlumat versinlər.

Paylaş:
Загрузка...