CƏMİYYƏT

“Malıbəylinin müdafiəsi üçün polisə girdim…”- “Şuşanın rəisi mənə 20 min “oxudu”…”

Üç kəndi qətliamdan xilas etmiş polkovnik Azay Kərimov Şuşa ətrafındakı kəndlərin müdafiəsiz qalmasının səbəblərinə də toxundu… 
Əsasən Rusiya imperiyası dövründən Azərbaycana toxumu səpilən rüşvətxorluq bəlasının  sovet dövrünün son onilliklərində daha da güclənməsinin, 1988-1994-cü illərdə torpaqlarımızın işğalında da rol oynadığını söyləsək, yanılmarıq.  Kim dana bilər ki, artıq işğal təhlükəsi başımızın üstünü aldığı vaxtlarda da sərhədyanı Dağlıq Qarabağ ətrafı bölgələrimizdə belə, rüşvətxor, bürokrat məmurlar sakinləri incitməkdə, gənclərin işə götürülməsi üçün pay-püş istəməkdə davam ediblər. Hətta qızğın döyüşlər gedə-gedə polisə, orduya göndərilən ərzağı satıb-dağıdan, döyüşçülərin cüzi maaşlarından  belə, haqq alan komandirlər, rəislər olub. Son illər də nazirlər, icra başçıları və s. səviyyəsində torpağı işğal altında olan bir ölkənin  təhlükəsizlik, vergi qurumlarını, icra strukturlarını, təhsil şöbələrini  və s. korrupsiya obyektlərinə çevirməsi halları olub və təəssüf ki, hələ də var. Nə qədər ki, keçmiş və bu günkü günah və xətalarımızın çoxunu malalayıb üstündən keçirik, torpaqlarımızın azadlığı günü də bir o  qədər bizdən uzaqlaşacaq…
Bu günlərdə növbəti  -26-cı “qara yubileyləri” tamam olan Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərinin müdafiəsi və qətliamdan xilas olunmasını təşkil etmiş peşəkar hərbçi, polkovnik Azay Kərimovun 1990-1992-ci illərdəki Azərbaycan üçün çox həlledici bir dövrdə bəzi manqurt xislətli vəzifə sahiblərinin  sözün əsl mənasında xəyanəti, cavanların işsiz-gücsüz qalaraq doğma yurdlardan uzaqlaşması və nəticədə kəndlərimizin müdafiəsiz qalmasına şərait yaratması haqda danışdıqları ikrah və hiddət doğurur…
1986-cı ilin dekabrında Alma-atı, 1986-1988-ci illər — Əfqanıstan, 1989-cu il — Fərqanədə ermənilər tərəfindən qızışdırılmış özbək və məhsəti türklərinin qarşıdurması alovlarından keçən peşəkar hərbçi Azay Kərimov 1990-cı ilin Yanvar faciəsindən sonra Qazaxıstanda sovet ordusu sıralarında xidmətdən imtina edərək bir gün  gizlincə Bakıya gəlir. 1990-cı ilin iyulundan doğma Şuşasının, ata yurdu Malıbəyli kəndinin erməni quldurlarından müdafiəsinə qoşulur…
-Azay bəy, siz  1990-ci il Bakıdakı Yanvar qətliamından sonra Qazaxıstandakı rahat iş-gücünüzü qoyub  Azərbaycana qayıdaraq yenidən doğma Malıbəylidə həyat qurmağa başlayanda Şuşa, Xankəndi ətrafında vəziyyət necə idi? 
-1990-cı ilin  Yanvar faciəsindən Qazaxıstanda zabit kimi xidmət etdiyim sovet ordusundan gizli şəkildə qaçıb böyük çətinliklə Bakıya, sonra da iyul ayında Şuşaya- Malıbəyliyə gəlib çıxa bildim. Gələn kimi hiss etdim ki, hərbi cəhətdən çox anlaşılmaz durumdur. O vaxt ərazidə olan sovet ordusu əsgərləri  əsasən ermənilərin mənafeyini müdafiə edirdi. Erməni ekstremistləri də bundan istifadə edərək  Ermənistandan və xaricdən əlavə qüvvə və silah toplayırdılar…
“Qaz-66”markalı maşında erməni qızları ilə əylənən sərxoş rus zabitləri…
…1991-cı ilin martı olardı. Malıbəyli də idim. Birdən eşitdim ki, hardansa kəndə tərəf güclü atəş açılır. Sürünə-sürünə atəş açılan yerə yaxınlaşıb gördüm ki, “Qaz-66” markalı avtomobilin içərisində erməni qızları və onlarla əylənən sərxoş rus zabitləri… Əlimdə yalnız quş tüfəngi olduğu üçün heç bir qarşılıq verə bilmədim.
“Rus əsgərləri məni həbs edib  Xankəndində 5 sutka saxladırlar…”
Bir dəfə də Şuşaya gəlirdim, yolda sovet əsgərləri dəfələrlə saxladıb məni yoxladılar. Yoxlanışların birində dözməyib bircə kəlmə dedim ki, uşaqlar, artıq bezdirdiniz. Bunu deyən kimi arxadan təpiklə vurdular və həbs edərək Xankəndinə gətirib 5 sutka saxladılar. Bunlar hamısı bir zabit və azərbaycanlı kimi mənə çox ağır təsir edirdi. Kəndimizdə isə bir avtomatımız belə yox idi. Digər kəndlərdə də vəziyyət belə idi…
“Qohum-əqrəbadan 20 min manat toplayıb Şuşanın rəisinə verdim…”
 Torpağın müdafiəsi üçün nəsə bir iş görmək və silah əldə etmək üçün milisə girməyə qərar verdim. Bundan ötrü Şuşanın o vaxtkı milis rəisi mənə 20 min manat(o vaxt sovet rublu) “oxudu”. Nə isə, qohum-əqrəbadan həmin məbləği toplayıb verdim. Və 1991-ci il aprelin 6-da kapitan rütbəsi ilə bölmə komandiri kimi işə başladım.
— Malıbəyli ilə yanaşı Yuxarı və Aşağı Quşçular kəndinin 6500 nəfərlik əhalisini kütləvi qırğından xilas etməyiniz barədə məlumatımız var. Onda Şuşadan sizə kömək göndərildimi?
 
(Davamı var)
//moderator.az
Paylaş:
Загрузка...