CƏMİYYƏT

Mandatı ləğv edilmiş deputatlar – SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunun tətbiqi barədə sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə qanunla bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb. Bu qanuna əsasən, deputat bir sıra hallarda mandatından məhrum edilə bilər. Hətta tezliklə mandatdan məhrum edilə biləcək deputat namizədin də adı çəkilir – Astan Şahverdiyev.

Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev deyib ki, rəhbərlik etdiyi komissiya sentyabrda növbəti dəfə qalmaqallı fikirlər səsləndirən deputat Astan Şahverdiyevə görə toplanacaq. “Əgər komissiya Astan Şahverdiyevin bu çıxışının heç bir çərçivəyə sığmadığını görsə, sözsüz ki, Astan Şahverdiyev deputat mandatını itirəcək”, – deyə A.Abıyev bildirib.

Qeyd edək ki, bundan əvvəllər də bir sıra deputatların səlahiyyətlərinə xitam verilib. Amma səbəblər müxtəlif olub.

Modern.az saytı əvvəllər səlahiyyətlərinə xitam verilmiş deputatların adlarını dəqiqləşdirməyə çalışıb.

IV çağırış Milli Məclisin üzvü olmuş Mübariz Qurbanlı 21 iyul 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edildikdən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən deputat səlahiyyətlərinə xitam verildi.

Qanunda da göstərilib: Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.

Deputat səlahiyyətlərinə xitam verilmiş şəxslərdən biri də 19 saylı Nərimanov birinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Əli Əhmədov olub.

2013-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi postunu tutan Əli Əhmədov oktyabrın 22-də prezident İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin edilib. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Ona görə də 2013-cü ilin noyabrın 12-də Mərkəzi Seçki Komissiyası deputat Əli Əhmədovun mandatına xitam verib.

Asəf Hacıyev də deputat mandatı ləğv edilmiş eks-parlamentarilərdəndir. Onun deputatlıq fəaliyyətinə 2015-ci ildə xitam verilib. Asəf Hacıyev 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilib. Bundan sonra könüllü olaraq, deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət edib. Asəf Hacıyev parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edib.

Mandatını itirmiş keçmiş deputatlardan biri də Gülər Əhmədovadır. Gülər Əhmədova deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciətini aidiyyəti üzrə baxılmaq üçün Mərkəzi Seçki Komissiyasına göndərib. 2012-ci ildə G.Əhmədovanın məsələsi MSK-da səsverməyə çıxarılıb, nəticədə onun deputat mandatı ləğv edilib.

Qeyd edək ki, 2012-ci ilin sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb. Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Keçmiş deputat Hüseyn Abdullayevin də mandatı əlindən alınıb. H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilib. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava olmuşdu. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu. Sonradan isə o azadlığa buraxıldı. 2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, o, namizəd kimi qeydə alınmadı.

110 saylı dairədən deputat seçilmiş Hikmət Atayev avtomobil qəzasında həlak olduğuna görə onun mandatı ləğv edilib.

Daha bir deputatın adı 2005-ci ilin parlament seçkiləri zamanı gündəmə gəldi. Həmin ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhd ittihamı ilə bir sıra yüksək rütbəli məmurlar həbs edildilər. Bunların sırasında iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının işlər müdiri Akif Muradverdiyevlə yanaşı, Milli Məclisin deputatı Fikrət Sadıqov da var idi. Sumqayıtdan Milli Məclisə deputat seçilmiş Fikrət Sadıqov uzun illər bu şəhərin kimya zavodlarına rəhbərlik etmişdi. Milli Məclis dövlət çevrilişinə cəhddə ittham olunan deputatı Baş Prokurorluğun parlamentə müraciətindən sonra toxunulmazılq hüququndan məhrum etdi. F.Sadıqov bir müddət ev dustağı edildikdən sonra ictimai diqqətdən kənarda qaldı. O, hazırda Milli Elmlər Akademiyasının institutunda çalışır.

2003-cü ildə keçirilən prezident seçkiləri zamanı baş verən qarşıdurmanın nəticəsi o zaman Milli Məclisin deputatı İqbal Ağazadə üçün ağır oldu. Seçkilərdə blok yaratmış İqbal Ağazadə ilə Müsavat başqanı İsa Qəmbərin tandemi seçki kampaniyasının aktiv hissəsini üzərinə götürsə də, 15-16 oktyabr 2003-cü ildə baş verən vətəndaş qarşıdurması nəticəsində ciddi fəsadlara gətirdi. Deputat İqbal Ağazadəyə “kütləvi iğtişaş” maddəsi ilə cinayət işi açıldı və həbs olundu. Parlament onun toxunulmazlıq hüququnu əlindən aldı və deputatlıq mandatı ləğv olundu. 2005-ci ilə qədər həbsdə yatan eks-deputat sonradan prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxdı.

Paylaş:
Загрузка...