CƏMİYYƏT

“Meyitin ailə üzvlərinə nə vaxt veriləcəyi…” — Vəkili danışdı

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Onun ağciyər xərçəngi olduğu, əvvəllər də intihara cəhd etdiyi bildirilir.

Rəsmi məlumata görə, H. Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.

H.Məmmədovun hüquqlarını müdafiə edən vəkili Afət Qazıyeva onun intihar etməsilə bağlı Modern.az-a açıqlama verib.

Vəkil hazırda başlanmış cinayət işi üzrə araşdırma aparıldığını deyib:

“Fakt odur ki, Hacı Məmmədov intihar edib. Onun buna vadar edilməsi, yaxud kim tərəfindənsə öldürülməsilə bağlı nə isə demək düzgün deyil, çünki hər şey istintaqın gedişində məlum olacaq. İndi bizə məlum olan onun intihar etməsidir”.

A.Qazıyeva H.Məmmədovun ailə üzvlərinin hadisədən sarsıldığını bildirib:

“Araşdırmaların nəticəsini gözləyirik. Günün sonunda meyitin ailə üzvlərinə nə vaxt veriləcəyi müəyyənləşəcək”.

Vəkil müvəkkilinin xərçəng xəstəsi olduğuna görə, əvvəllər də intihara cəhd etməsi faktını təsdiqləyib:

“Xəstə idi. Əvvəllər saxlanıldığı yerdə intihara cəhd etmişdi. Amma sonuncu görüşlərimiz zamanı intiharla bağlı fikirlər səsləndirməyib”.

H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

Paylaş:
Загрузка...