CƏMİYYƏT

Nigar Köçərli: «Mənə dedilər ki, biz filik, sən də qarışqa, səni əzəcəyik»

«Əli və Nino» kitab mağazası şəbəkəsinin rəhbəri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun onu güclə bazardan çıxarmaq istədiyini deyir.

Tale Heydərovun sahibi olduğu «LİBRAFF» kitab mağazaları şəbəkəsi Nigar Köçərlini sağlam rəqabətə davam gətirməməkdə», «onlara böhtan atmaqda» ittiham edir.

«Əli və Nino» kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Facebook sosial şəbəkəsində video yayımlayaraq, Tale Heydərovun göstərişi ilə biznesinə qarşı təzyiq olduğunu iddia edib.

Tale Heydərovun sahibi olduğu TEAS Press Nəşriyyat Evi kitab satışı, uşaq ədəbiyyatı və beynəlxalq nəşriyyat şirkətlərinin Azərbaycanda nümayəndəliyini həyata keçirir.

Şikayətilə bağlı BBC Azərbaycancaya danışan Nigar Köçərli deyir ki, dörd il əvvəl «Gilan» holdinqin nümayəndəsi onu mərkəzi ofislərinə dəvət edib.

«Mənə «Əli və Nivo» kitab şəbəkəsini onlara verməyi təklif etdilər», o iddia edir.

Kitab mağazasının rəhbəri deyir, həmin şəxs ona nazir Kəmaləddin Heydərovun adından danışdığını söyləyib və bildirib ki, onlar Bakıda 25 kitab mağazası açmaq istəyirlər.

«Mən etiraz etdim ki, biznesimi satmıram, kiməsə vermirəm. Bu işə əmək qoymuşam. Onda mənə dedilər ki, biznesini verməsən, biz filik, sən də qarışqa, səni əzəcəyik».

«Gilan» holdinqin nümayəndəsi ilə iki dəfə görüşdüyünü iddia edən mağaza rəhbəri deyir ki, imtinasından sonra ona təzyiqlər başlayıb.

«Mənə dedilər ki, Azərbaycana heç bir malı gətirə bilməyəcəksiz. Heç Azərbaycanda da kitab çap edə bilməyəcəksiz. Nə demişdilər, hamısını indi edirlər».

«Bu ədalətli rəqabət mühiti deyil, əslində bu heç rəqabət də deyil»
Şikayətçi iddia edir ki, Tale Heydərovun adamları kirayə götürdüyü mağazaların sahibləri ilə danışıq aparırlar ki, «Əli və Nino»nu ilə icazə müqaviləsinə son versinlər.

Nigar Köçərli deyir, dəfələrlə Tale Heydərova və onun atası Naziri Kəmaləddin Heydərova məktub yazıb, köməkçiləri vasitəsiylə şikayətini bildirib, amma aldığı cavablar onu qane etməyib.

«Mən sevinərəm Azərbaycanda başqa bir kitab şəbəkəsi də olsun, amma bu ədalətli rəqabət mühiti deyil, əslində bu heç rəqabət də deyil.»

BBC Azərbaycanca dəfələrlə əlaqə saxlasa da, Fövqəladə Hallar Nazirliyindən bu məsələ ilə bağlı cavab ala bilməyib.

LİBRAFF: «Nigar Köçərli bizi hədəfə alıb»
Nigar Köçərlinin müraciəti nazir Kəmaləddin Heydərova və ittihamları Tale Heydərova ünvanlasa da, ona LİBRAFF kitab mağazaları şəbəkəsindən cavab verilib.

Qurumdan APA agentliynə bildiriblər ki, «onlar hər hansı dövlət qurumu, hər hansı nazirliyin şöbəsi deyillər, bir kitab mağazası şəbəkəsidirlər».

«LİBRAFF» Nigar Köçərlini Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) törəmə şirkətləri olan TEAS Press Nəşriyyat evi və «LİBRAFF» kitab mağazaları şəbəkəsini hədəfə almaqda günahlandırır:

«TEAS-ın təsisçisi və sədri Tale Heydərovu «4 ildir onun mağazalarını bağlayıb yerində öz mağazalarını açmaq»da ittiham edən Nigar Köçərli də bilməmiş deyil ki, «LİBRAFF»ın ilk dükanı 4 il qabaq yox, ötən il — 2017-ci ildə açılıb».

«O, sağlam rəqabətdən qorxur»
«LİBRAFF» bildirib ki, kitab satışı ilə peşəkar şəkildə məşğul olmağa başlayandan Nigar Köçərli və tərəfdaşları tərəfindən təzyiqlərə və böhtanlara məruz qalıblar:

«TEAS Press Nəşriyyat evinin kitab bazarını inhisara alacağı şayiəsi sosial şəbəkələrdə məqsədli şəkildə və mütəmadi olaraq yayılıb, qurum haqda mənfi ictimai rəyin formalaşdırılmasına çalışılıb».

Kitab mağazası şəbəkəsi Nigar Köçərlini «sağlam rəqabətə davam gətirməmək»də, «qurşaqdan aşağı zərbə vurmaqda» ittiham edir.

//.bbc.com/azeri

Paylaş:
Загрузка...