CƏMİYYƏT

O kişi arvadını və dörd qızını niyə öldürdü?

Panorama.az lent.az-a istinadən şair-esseist Alov İnannanın «Qatil kimdir?» yazısını təqdim edir.

Çoxdan baş versə də, bu günlərdə bir qətl hadisəsinin üstü açılıb — Azərbaycanda bir kişi arvadını və dörd qızını öldürüb, öz doğma ocağında qadın qətliamı törədib.

Mətbuatdan öyrənirik ki, ailəsindəki bütün qadınların kökünü kəsən qatil, əməlini belə əsaslandırırmış: «Onlar məni ailə başçısı kimi saymırdılar, hörmət eləmirdilər və baxmırdılar. Bu səbəbdən öldürdüm.»

Ciddi səbəbdirmi? Bəli!

Azərbaycan ailəsi patriarxaldır. Ailə başçısı kişidir və «sayılan», «hörmət edilən» ideal ailə başçısı təxminən belə təsəvvür olunur: O, gələndə hamı ayağa qalxmalıdır. Hətta keçən əsrdə poeziyamızın simalarından olan Bəxtiyar Vahabzadə şeirlərinin birində arvadından umurdu ki, «onun gəlişini ayaq səslərindən bilsin.» Ailə başçısı içəri girdisə, evin yuxarı başı onundur. O, danışanda hamı susmalıdır, onun qaşları düyünlənəndə hamı gizlənməyə siçan deşiyi axtarmalıdır, o, yüngülvari qımışanda hamı gülməlidir. Onun «qəbuluna düşmək» elə də asan deyil! O, əlçatmazdır, ünyetməzdir! Uşaqlar onunla birbaşa deyil, dolayı yolla — ana vasitəsilə əlaqə qurub istəklərini çatdıra bilərlər. O, ev əhlinə qəzəbini, acığını qolaylıqla, artıqlaması ilə göstərə bildiyi halda, sevgisini, mərhəmətini qısa-qısa, damızdıra-damızdıra hiss etdirər. Dozası artıq olan sevgi arvad-uşağı qudurda bilər, ailə başçısının xarizmasını, zəhmini sarsıda bilər. Onun əmrinə tabe olunmalıdır, onun bir sözü iki ola bilməz. Haqlı da olsa, haqsız da olsa, dəli də olsa, ağıllı da olsa, vicdanlı da olsa, vicdansız da — son söz onundur.

«Baxılan» ailə başçısı isə o deməkdir ki, hər şeyin ən yaxşısı, ən gözəli onundur: qatığın qaymağı, toyuğun budu, qazanın üzü yağlı ilk çömçəsi, çayın ilk pürrəngi stəkanı, divanın yumşaq yeri, sobanın isti tərəfi. Üstəlik, ütülü köynəklər, mazlanmış ayaqqabılar, təmiz pal-paltar, daim əmrə müntəzir arvad-uşaq…

Azərbaycanda qızların ərə getməsi, onları «yiyəsiz, sahibsiz» olmaqdan «qurtarırsa», oğlanların evlənməsi onlara ən azı qulluqçu qazandırır. Qadına baxışlarında ənənəvi cızıqdan çıxmayan Aqşin Yeniseyin gənclər arasında dəbdə olan «Bağışla» adlı bir şeiri var: tərk edilmiş, yalqız yaşayan kişinin yaşayışı bu ifadələrlə təsvir edilir: «pinti yataq», «soyuq çay», «çirkli ayaqqabılar», «dibi yanmış qazança», «ev yığışdıran kişinin miskin görünməsi»… Açıq-aydın görünür ki, «pəncərədən gözünü yola dikib» «qadın həsrəti çəkən» yalqız şair, əslində evdə sil-süpür, yır-yığış, biş-düş edəcək qulluqçu həsrəti çəkir.

Qadınlarımıza aldadıcı müraciətlə «xanım» deyilməsi, onları qulluqçu kimi görməyə və onlardan qulluqçuluq ummağa əsla mane olmur.

«Familia» — ailə, latıncada bir evdəki qulluqçulara deyilirdi, familianın — yəni ailənin başçısı, ağası kişi olurdu. Bir sözlə, qədim latın xalqı üçün familia, yəni ailə — ağa və qulluqçulardan ibarət heyət idi. Doğrudur, latın xalqı bu gün yoxdur. Ancaq şanlı xalqımızın nümayəndələri, latın xalqının ailə ənənələrini yaşatmaqdadır: bəzən öz ailə üzvlərini öldürmək bahasına olsa da.

Hazırki əsas şəkil

Bəli, bir ailə başçısını qatilə çevirən səbəblər elə-belə səbəblər deyilmiş. Nə olsun ki, o, evə içkili gəlirmiş? «Kişiyə hər şey olar.» «Kişi siqaret çəkər», «Kişi araq içər». Bütün hallarda onu «saymalıydılar», «hörmət etməliydilər»! Nə olsun ki, uşaqlar acından ağlaşanda, o əlindəki qəpik-quruşa ancaq özünə yemək və içki alıb yeyib-içirmiş, məgər ilk qarnı doyan — kişi olmamalıdırmı? Evin arvad-uşağı öz boğazlarından kəsib ona «baxmalıydılar»! Azərbaycanın bir çox rayon və kənd yerlərində, hələ də iri məclislərdə ən dadlı, urvatlı yeməklər kişilərə verilir.

Qadınlar və uşaqlar yarı-ac, yarı-tox olsalar da, qanad-quyruqla doysalar da olar. Qonaq gələndə də bu qaydaya əməl edilir: kişilər üçün ayrı, qadınlar üçün ayrı süfrə açılır və kişilər oturan tərəfə daha yüksək səviyyədə qulluq edilir. Misalların sayını uzatmaq olar. Sonralar qatilə çevrilən bu kişi də ömrü boyu görüb ki, ilk növbədə kişilərin rahatlığı, qarnının toxluğu təmin edilir, ən yaxşılara, yuxarılara kişilər layiqdir. O, normal olaraq həmin qaydanı evində də görmək istəyib: «Birinci — kişilər: mən və oğlum. Yerdə qalanların canı çıxsın.» Evin «baş qulluqçusu» — uşaqların anası bu qaydanı bildiyi halda niyə yumruğuyla acından ağlaşan qızların səsini kəsmirmiş? Ailə başçısını narahat eləmək olmaz axı! «Göydə allah, evdə ər.» Ərə üsyan — allaha üsyan kimidir, ailə kafirliyidir, kafirliyin cəzası həmin ərin dinində ölüm deyilmi? «Qulluqçu müavinləri» — evin qızları — üsyankarçasına hələ ailə başçısından yemək də tələb edirlərmiş! Evin «baş qulluqçusu» — ana, balaları üçün min bir əziyyətlə qazandığı pulları ailə başçısına verirmiş. Verməli imiş də. Qulun, qulluqçunun əsas işi ağasını, sahibini razı salmaq deyilmi?

Azərbaycanda anaların qızlarına verdiyi tərbiyə ailədəki bütün kişilərə qulluq, qulluqçuluq etməyi öyrətməkdən başlayır. Qatil ata deyir ki, «ona baxmırdılar», bu o deməkdir ki, yaxşı qulluqçu olmayıblar öldürülən qızlar. Onlardan ikisi heç bir hazırlıq kursu olmadan öz güclərinə ali məktəbə qəbul olublar, maddi çətinliklərə və evin kişisinin «qız nədir, oxudu nədir» prinsipinə görə təhsil ala bilməyiblər. Əgər evin kişisi dedisə, «qızlar oxumamalıdır» — deməli, oxumamalıdırlar. Evdə ailə başçısının — kişinin sözü qanun deyilmi? «Kişi evin ağasıdır.» «Kişi dedi, qurtardı.» Kim bilir, bəlkə də evin «qulluqçuları» hələ narazılıqlarını da bildirib üsyan planı da qururlarmış. Açın tarix kitablarını, oxuyun. Üsyan edən qulların başını ağalar haçan sığallayıblar? Üsyançıların başı hər zaman kəsilib, qatil dediyiniz atanın öz ailəsindəki bütün qadınların başını kəsdiyi kimi.

Ailəyə yaxın adamların dediyinə görə, qızlar anaları ilə birgə illərlə döyülüb-söyülürmüş. Ana evinin sirrini nə doğmalara, nə yadlara bildirib. Bildirsə nə olacaqdı ki… Uzaqbaşı deyəcəkdilər: «Kişi kobud olar.» «Kişi arvadını döyər də, söyər də.» «Arvad kişiyə cavab qaytarmaz.» «Arvad kişidən qorxsa yaxşıdır.» Azərbaycanda qadının döyülməsindən təbii nə var ki? Kimsə döyəni sorğu-sual eləməyəcək onsuz da. Əksinə, günah döyüləndə axtarılır həmişə. «Yüyrək at özünə qamçı vurdurmaz.» Kim Azərbaycanda arvadını, ya da qızını döydüyünə görə həbsə atılmış kişi görüb? Bahoo. Onda ölkədəki kişilərin çox böyük hissəsi ömründə ən azı bir dəfə də olsun həbsxanaya düşməli olardı ki.

Beləcə, ölənə qədər dözüb evin qadını. (Axırda da qızları ilə birgə döyülə-döyülə öldürülüb.) Boşanmaq ağlına da gəlməyib. Bu «kişilər sözünü» (bilərəkdən «atalar sözü» yazmadım) hər halda o qadın da bilirmiş: «Arvadı özbaşına qoymaq olmaz.» «Ərsiz arvad, yüyənsiz at.»

Sonda.

Toy günündə gəlin-qızlarının arxasınca daş atar anaları: «Daş kimi düşdüyün yerdə qal.» «Daş qayıtsa, sən də qayıt.»

Atılmış daş kimi ər evinə düşüb, atılmış daş kimi qayıtmayıb o qadın. Daşürəkli birinə rast gəlib, özünü dağ əzəmətində görən, özünə dağ münasibəti tələb edən qum cılızlığında birinə. Öldüyü günəcən ürəyinə daş bağlayıb, daş dözümü göstərib, daş kimi susub o qadın. O evdə neçə-neçə arzular daşa dönüb: O ev ana və qızların qəbiristanlığı olmazdan qabaq arzular qəbiristanlığı olub.

Gəlin-qızların arxasınca daş atmayın. Bir gün o daşlar böyüyüb baş daşına dönə bilər.

Paylaş:
Загрузка...