CƏMİYYƏT

Ölkədən getdiyi deyilən Şəmsəddin Hacıyevdən XƏBƏR VAR

Mətbuatda Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) sabiq rektoru, millət vəkili Şəmsəddin Hacıyevin ölkəni tərk etmək istəməsi ilə bağlı məlumatlar yayılıb.

Bir müddət əvvəl Ş.Hacıyevin səhhətində problemlərin yaşandığı haqda məlumat yayılsa da, bu günlərdə o Səudiyyə Ərəbistanın müstəqillik günü ilə bağlı tədbirdə görünüb. Hətta iddialar səsləndirilir ki, Ş.Hacıyev başlanmış cinayət işinin onun üçün heç bir yaxşı nəticə vəd etmədiyini anlayıb və çıxış yolları axtarmağa başlayıb.

A24.az olaraq məsələ ilə bağlı millət vəkili ilə əlaqə saxlamağa çalışdıq. Onunla danışa bilməsək də özünü köməkçisi kimi təqdim edən Amid Mahmudovla  danışa bildik.

O, millət vəkilinin haqqında yayılan xəbərlərin yalan olduğunu və hazırda Bakıda tədbirlərin birində iştirak etdiyini bildirdi.

“Şəmsəddin müəllim dəvət olunan bütün tədbirlərdə iştirak edir. Ola bilər ki, onu xarici ölkələrin birində keçirilən tədbirdə görsünlər. Lakin bu o demək deyil ki, ölkədən qaçmaq fikrindədir. Yayılan xəbərlər əsassızdır. Hazırda Bakıda keçirilən tədbirlərin birində iştirak edir. Həbs olunacağı barədə xəbərlərə gəldikdə isə bu haqda rəsmi məlumat yoxdur.”

Xatırladaq ki, ADİU-ya dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsində böyük maxinasiyalar üzə çıxarılıb. ADİU-dakı yoxlamaların nəticəsi olaraq Hesablama Palatasından Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan hesabat araşdırılıb. İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə edən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
Загрузка...