CƏMİYYƏT

“Qara kəmər” əməliyyatı ilə həbs edilib, həbsxanada intihar edən Hacı Məmmədovun CİNAYƏT DOSYESİ

Ötən gün axşam saatlarında Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar xəbəri ölkə mediasını sözün əsl mənasında silkələdi. Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində baş verib. Belə ki, müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Gəlin Hacının ona qarşı 80 maddə ilə ittiham ilə sürülüyü bəzi cinayətlərinə nəzər salaq. H.Məmmədovun cinayətlərinin tam araşdırılmaması bu gün də dartışılan mövzulardandır. Onun cinayətləri törətmə üsullarına diqqət ayıran sabiq istintaqçılar çox maraqlı bir faktı müəyyən ediblər. Məlum olub ki, məşhur qanqster sifarişli qətlləri icra etmək üçün mükafat kimi adam oğurlayırmış. Məlumdur ki, mərhum akademik Ziya Bünyadov 1997-ci ilin fevral ayının 21-də qətlə yetirilib. Bu sifarişli qətldən 11 gün əvvəl — 10 fevral 1997-ci ildə iş adamı Ülvan Bağırovu Hacı Məmmədovun bandası oğurlayıb.
Maraq doğuran faktlardan biri odur ki, Ziya Bünyadovun qətlinin istintaq edilməsi üçün təşkil olunan əməliyyat-istintaq qrupuna əməliyyat müvəkkili Hacı Məmmədov da daxil edilib. Belə məlumatlar da var ki, istintaqın ilkin mərhələsində Hacı Məmmədovun cinayətlərinin üstünün açılmasının qarşısını hazırda həbsdə olan, DİN Baş Cinayət-Axtarış İdarəsinin mülkiyyət cinayətləri əleyhinə bölməsinin sabiq rəisi Kamil Sədrəddinov alıb. K.Sədrəddinov həyata keçirilən əməliyyat işi ilə bağlı məlumatları əldə etməklə, onları Hacı Məmmədova ötürüb.
Hacı Məmmədovun məhkəməsində əməliyyat məlumatlarının ona ötürülməsində K.Sədrəddinovun rolunun olması da təsdiqlənib. Fevral ayının 10-u Hacı Məmmədovun bandası üçün, görünür, uğur gətirən və yaxud nə ilə isə əlamətdar bir gündür. Məhz həmin gün, amma 8 il sonra Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Hacının dəstəsi tərəfindən oğurlanıb.
Bundan 20 gün sonra martın 2-də isə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov da akademik Ziya Bünyadov qətlə yetirildiyi üsulla öldürüldü. Onu da Ziya Bünyadov kimi yaşadığı binanın blokununda gizlənən killer qətlə yetirdi. Hər ikisinin ağzından güllə ilə vurulub.
Bu kimi şəxslərin aşkarsızlıq şəraitində törədilən qətllərinin açılması çox vaxt tələb etməklə yanaşı, bu cinayətlərdən əvvəl törədilmiş cinayətləri də kölgədə qoyurdu. Hacı Məmmədov da törədəcəyi sifarişli qətlə görə belə mükafat almaqla özünü və bandasının ələ keçməməsini də təmin etdiyini düşünüb. Dəstəsinin fəaliyyətdə olduğu illər ərzində belə də olub. Amma 2005-ci ildə H.Məmmədovun sınanmış metodu iflasa uğrayıb.
Yada salaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfər barədə hökmü 2007-ci il yanvarın 19-da çıxarıb.
Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.
GoldNews.Az
Paylaş:
Загрузка...