CƏMİYYƏT

Qızlar mənə yazır ki, kaş sənin kimi yaraşıqlı həyat yoldaşım olardı — Rəşad Kəsəmənli

Publika.az mərhum şairimiz Nüsrət Kəsəmənlinin oğlu, şair-aktyor Rəşad Kəsəmənli ilə müsahibəni təqdim edir.

– Rəşad bəy, keçən dəfə sizi metroda gördüm… Maşınınız yoxdur?

– Xeyr, yoxdur. Ümumiyyətlə, mən heç vaxt maşından istifadə etməmişəm. Əvvəllər bizim çox böyük maddi imkanlarımız vardı, onda da maşına meylim olmayıb. Maşınımın olmaması mənim üçün dərd deyil. Dəmirlə xoşbəxt olacaq insan deyiləm.

– İndi maşına ehtiyacınız yoxdur?

– Olsa da, maşın ehtiyacım əyləncə xarakteri daşımır. Ailəyə kömək məqsədi, yaxud, vacib bir iş arxasınca vaxtında gedib-gəlmək üçün və s. Şübhəsiz, mənim üçün maşından daha vacib şeylər var. Ən əsası isə ailəmin normal yaşamasıdır.

– Eviniz varmı?

– Çox şükür ki, var. Normal da dolanırıq.

– Həyat yoldaşınız da sənət adamıdır?

– Xeyr. Azərbaycan Tibb Universitetində dərs deyir, müəllimdir. Bizim ailə ancaq müəllimliklə məşğuldur. Anam da Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş müəllimdir.

– Bildiyimizə görə, sizin xanım fanatlarınız çoxdur. Maraqlıdır, bu qədər xanımların içərisindən həyat yoldaşınızı hansı prinsiplərlə seçmisiniz?

– Mən fanat ordusu ilə başı dönəcək insan deyiləm. Heç vaxt mənə nələrsə vəd edən birinin eyforiyasına dalıb, təsirə düşüb demərəm ki, evlənim getsin. Sağlam düşünən insanam. Mənə övladlarıma yaxşı ana və alnıaçıq, eyni zamanda təmizkar bir xanım lazım idi. Və seçimimdə yanılmamışam. Xanımım çox gözəl anadır…

– Necə tanış olmusunuz?

– Sırf təsadüf nəticəsində… O, bir qəzetdə tibb barədə yazılar yazırdı. Hamı kimi onunla da dost münasibətində olmuşuq. “Salam-sağol”umuz olub. Bu “salam-sağol” bir-iki il davam elədi. Sonra səkkiz il bir-birimizi görmədik. Səkkiz ildən sonra isə təsadüfən yolda qarşılaşdıq. Elə oradaca salamlaşdıq, hal-əhval tutduq. Və iki ilin içində münasibətimiz rəsmiləşdi.

– Atanız Nüsrət Kəsəmənli Azərbaycan sevgi şeirinə etirafı gətirmiş bir şairdir. Sizin də bu cür xüsusiyyətiniz olsa, həyat yoldaşınız qəbul edərmi?

– Atam etiraf şeiri yazıb. Amma mənə elə gəlir ki, etirafı qəbul eləyən tərəf daha böyükdür, nəinki eləyən. Bu gün “Etiraf” şeirinə görə bir alqış atama, iki alqış isə anama düşür. O cəsarəti atama verən anam olub. Nüsrət Kəsəmənlinin özü olmasında anam Rəhilənin böyük rolu var. Heç vaxt onun qanını qaraltmayıb, evdə söz-söhbət yaratmayıb. Ona görə də atam sərbəst şair olub.

– Həyat yoldaşınız da ananız kimi sizə o sərbəstliyi yaradarmı?

– Mən düşünmürəm ki, həyatımda anam kimi ikinci bir qadın ola bilər… Anam hər şeyi ilə mənim üçün idealdır. İstər ana, istər həyat yoldaşı, istər də müəllimə kimi…

– İki qardaşsınız?

– Bəli…

– Bacınız yoxdur?

– Yox…

– Ananız sizlə bir evdə yaşayır?

– Üzbəüz binada qardaşım oğlu ilə qalır. Aramızda 15 metr fərq var. Amma bütün günü bir yerdə oluruq.

– Rəşad bəy, namaz qılırsınız?

– Bəli, 10 ildir.

– Namaz sizin üçün nə deməkdir?

– Allah tərəfindən hər kəsə vacib buyurulmuş bir əməldir. Bunu kimliyindən və şəxsiyyətindən asılı olmayaraq, mütləq şəkildə hər kəs eləməlidir.

– Sizcə, hamı namaz qılmalıdır?

– Mütləq!!! Hər bir insan gündə üç dəfə, beş dəfə namaz qılıb Allahına təşəkkür eləməlidir. Bu, çox vacibdir.

– “Allah” sözünü böyük hərflə yazırsınız?

– Əlbəttə! Allah sözü balaca hərflə yazıla bilməz! Biz atamızın, anamızın adını kimlərinsə yanında fəxrlə çəkiriksə, Allahın adını iki qat artıq fəxrlə çəkməliyik.

– Fikir vermişəm, “inşallah” sözünü də böyük hərflə yazırsınız…

– “İnşallah” sözünün mənasını bizdə çoxları dərk eləmir. Bu söz bir yerdə və kiçik hərflərlə yazılır. Lakin Allah sözü yenə deyirəm, kiçiklə yazıla bilməz. Bu sözü birlikdə yazanda tamam başqa məna ifadə edir. “İnşa Allah” yazılmalıdır. Bu, “Allah inşa edərsə, izn verərsə” deməkdir. Bir yerdə yazılanda isə o mənanı bildirir ki, əstafrullah, mən Allah yaradıram. Hər halda dinimiz də belə buyurur. Şübhəsiz ki, hər şeydə əsas niyyətdir.

– Səhv eləmirəmsə, uşaqlığınız “Sovetski”də keçib…

– Bəli.

– Sizin dinə bağlılığınız “Sovetski”də böyüməyinizdən irəli gəlmir ki?

– Qəti elə deyil. Mən “Sovetiski”də dini fanat ordusunun əleyhinə olmuşam. Halbuki onlar yanlış yolda idilər. Bu gün də onların yanlış yolda olduğu təsdiq olunub. Mən ümumiyyətlə, sağlam düşüncənin tərəfdarıyam. Din onsuz da, sağlam düşüncəni istəyir. Sadəcə olaraq, bəzi insanlar hay-küyə gedirlər. Elə şeylər var, mən uşaqlıqdan onları götür-qoy eləyirdim. Sonra gördüm ki, mənim həyatda elədiyim şeyləri əslində, dinimiz də deyir.

– “Sovetski”də böyüməyiniz xarakterinizdən də hiss olunur… Sözü deyən, lazım gələndə vurub-tutan…

– Ola bilər. Amma nə yaxşı ki, bu cür formalaşmışam. Övladlarımı da sırf o psixologiya ilə yetişdirirəm. Demirəm ki, kiməsə zərər vururam. Amma yetər ki, məndən uzaq dursunlar.

– Rəşad bəy, “Sovetski”nin sökülməsi sizə necə təsir etdi?

– Düzdür, bizim uşaqlıq xatirələrimizin görüntüsünü uçurub-dağıtdılar. Buna təəssüflənirəm. Amma biz başqa ölkələrin gözəlliyinə və inkişafına həsrətlə baxırıqsa, belə şeyləri də anlamalıyıq. “Sovetski” başdan ayağa köhnə evlərdən ibarət idi və oralar plana düşüb, sökülməsəydi, onsuz da, gec-tez özü uçub sıradan çıxacaqdı.

– Deməli, bu məsələdə dövlətin tərəfindəsiniz…

– Bəli, acı da olsa, düzgün qərar idi. Özümüz tez-tez deyirik ki, Amerikanın filan küçəsi necə gözəldir. Bunu deyən də biz, köhnə tikililərin sökülüb yerinə gözəl obyektlərin tikilməsinə etiraz edən də biz? Şübhəsiz ki, “İçərişəhər” kimi abidələri qorumaq lazımdır, necə ki, bu, dünyada belədir. Amma “Sovetski”də insanlar — yazıqlar nə gündə yaşayırdılar? Uçuq daxma, işıq yox, su ya gəlir, ya gəlmir, daşlar uçur, dağılır… Mən oranın sökülməsinin tərəfdarı idim.

– Maraqlıdır, avtoritetlərdən şəxsi münasibətiniz olan kimsə var?

– Heç biri ilə münasibətim yoxdur.

– Bəs onların həyat tərzinə münasibətiniz necədir?

– Mən heç kimin həyatına qarışmıram. Əminəm ki, hər bir insana Allah şüur verib və hamı düz bildiyi şeyi edir. Amma vacib olan bizim deyil, Allahın düz bildiyidir. Bəlkə düzü onlar — avtoritetlər edir, səhvi biz. Bunu deyə bilmərik. Elə avtoritetlər var ki, onların həyatından nümunə götürülə bilər. Məsələn, mən Gürcüstandan olan Otar adında bir avtoritet tanıyırdım. Otar mənim avtoritetlər haqqında düşüncələrimin üstündən yaxşı mənada böyük bir xətt çəkdi. O qədər mədəni və dürüst bir adam idi ki… Əvvəllər mənə elə gəlirdi ki, avtoritetlər qara paltar geyinən, qaraqabaq adamlar olurlar. Otar isə ən müasir geyimdə və ən müasir saç düzümündə, ingilis dilini əla bilən, danışıq qabiliyyəti şəhərin 80 faizindən çox-çox səlis və gözəl olan, elmli, şeirə vurğun və o qədər şən, pozitiv bir insan idi ki…

– İndi yaşayır?

– Yox, 18 il bundan öncə Moskvada güllələdilər.

– İndi Otarı — “qanuni oğru”nu hamıya nümunə kimi göstərirsiniz?

– Bəli… Onun biliyini, mədəniyyətini hamıya nümunə çəkərdim. O, təsəvvür belə edə bilməyəcəyiniz yüksək mədəniyyətə sahib idi. Mən Otarla bir yerdə olanda yox, yanından durub gedəndən sonra duyurdum ki, o kimdir. Allah rəhmət eləsin.

– Rəşad bəy, hazırda çəkildiyiniz hansısa film var?

– “Satılmış həyat” adlı bədii seriala çəkilirəm. Polis obrazını yaradıram. Lakin sonradan polis mafiyanın içinə girir ki, bəzi işlərin üstünü açsın.

– Yəqin, kommersiya filmidir…

– Bəli.

– Başqa bir serialda da oynayırdınız…

– “Günəşim ol” serialında da oynadım. Doğurdan da, yaxşı serial idi. Çünki çox əziyyət çəkdik.

– O da kommersiya filmi idi…

– Bəli, boynuma alıram. Çox təəssüf ki, Azərbaycanda hazırda ancaq kommersiya filmləri çəkilir. Şəxsən mənim ciddi, peşəkar bir aktyor kimi oynamaq istədiyim üç-dörd obraz var. Amma bu cür filmlər gərək dövlət tərəfindən maliyyələşsin. Başqa yol yoxdur.

– Onsuz da peşəkarlığa gedən yol kommersiya filmlərinin içindən keçir… Niyə narahat olursunuz ki?

– Əlbəttə… Məsələn, Türkiyənin yaşlı nəsil aktyorlarından olan Şənər Şən kommersiya filmlərindən çıxdı. Baxmayaraq ki, Şaban və Şenər Şənin gülüşləri ucuz gülüş idi, amma hər halda gülüş idi.

– Sizcə, Şabanın gülüşü ucuzdur?

– İndiki dövr üçün ucuzdur. Mən Kamal Sunalı uşaqlıqdan sevmişəm, onun tamaşaçısı olmuşam. Amma Şaban gülüşü dünyəvi gülüşlə heç bir zaman müqayisə oluna bilməz! O, sadəcə, bizə ruhən yaxındır. Biz azəriyik, onlar türkdür, zarafatlarımız da müəyyən qədər uyğundur deyə Şabana gülə bilirik.

– Çarli Çaplinin gülüşü dünyəvidirmi?

– Çarli Çaplin heç kimlə müqayisə oluna bilməz. O dövr üçün şedevr hesab olunan bir adama biz indinin özündə də gülə bilirik. Özü də pantomim olaraq. Məsələn, mən kommersiya filmlərindən çıxan aktyor Çeki Çanı da dahi hesab edirəm. Çünki o, kinoya yenilik gətirdi. Onun idealı iki nəfər idi: Çarli Çaplin və Brus Li. O, bu aktyorların ikisini birləşdirib filmə yeni bir nəfəs gətirdi – komediya və döyüş bir arada. Bu, böyük işdir.

– Brus Li də aktyor idi ki?

– Xeyr, aktyor deyildi, aktyor kimi fəaliyyət göstərirdi. Aktyorluq qabiliyyəti isə güclü deyildi, sadəcə, döyüş səhnələri gözəl idi. Ceki Çan mən deyərdim ki, Brus Lidən qat-qat güclüdür.

– Bəs bizdə bəyəndiyiniz aktyorlar kimlərdir?

– Elnar Qarayev çox istedadlıdır. Eyni zamanda özünəxas bir tərzi var. Tural Əhməd, Manaf Dadaşov isə fərqli simaya malikdir, fərqli obrazlar oynayır. Qətiyyətlə deyirəm, bu gün Azərbaycanda yenidən Əmir Teymur filmi çəkilsəydi, heç şübhəsiz onu Manaf Dadaşovun yaradacağından əminəm. Azərbaycanda istedadlı aktyorlar çoxdur. Sadəcə, qapılar taybatay açılıb deyə, bilən də, bilməyən də içəri daxil olmağa çalışır. Təəssüflər olsun ki, bilməyənlərin yolu daha açıqdır. Bu da uçuruma gətirib çıxarır. Sonra da deyirlər ki, Azərbaycanda kino inkişaf etmir. Axı niyə? Aktyorlarımız yoxdurmu? Əlbəttə, var. Hətta keçmişdəkilərdən daha istedadlı və bacarıqlıları var. Bizim 80 faiz tamaşaçımız zövqsüzdür, ona görə də çox görünən aktyora yaxşı deyirlər. Bu gün əlli filmdə çəkilmiş, amma əslində, aktyor olmayan adam var. Sadəcə, kimlərinsə köməyi ilə filmə çəkilirlər. Axı onun hansı gözəl işini görmüsünüz? Bunu heç kim deyə bilmir.

– Rəşad bəy, elə bir rol təklif oluna bilərmi ki, ondan imtina edəsiz?

– Bəli… Əslində isə aktyor universal olmalıdır. Bu gün komplekssiz bir aktyor görəndə mən onu durub ayaq üstə alqışlayıram.

– Sizdə rollarla bağlı kompleks var?

– Bəli, var. Bu da böyüdüyüm mühitin komplekslərini hələ də içimdən çıxara bilməməyimdən irəli gəlir. Biri var tamaşaçı aktyoru bütün obrazlarda qəbul edə bilir. Biri də var, aktyoru yalnız bir sferada tutur. O sferadan çıxsan, səni özün kimi qəbul etmirlər. Mən hərdən kənaraçıxmalar etmək istəmişəm, amma görmüşəm ki, alınmır.

– Məsələn, hansı rolu qəbul etməz, özünüzə yaraşdırmazsınız?

– Üçüncü cinsin nümayəndəsini mən əsla oynamaram. Yəni qəti surətdə cinsi azlıqlarıın roluna girmərəm. Heç o rol məndə alınmaz da. Düzdür, hamı insandır, amma mən elə ətrafdan və elə insanlardan uzağam.

– Bizdə hansısa film cinsi azlıqların həyatından bəhs edirmi ki?

– Rastlaşmamışam.

– Sizcə, belə bir filmin çəkilməsinə ehtiyac yoxdur?

– Yoxdur. Heç lazım da deyil. Mən o cür şeylərin təbliğatının qəti şəkildə tərəfdarı deyiləm. Startda duran insanlar var ki, bu şeylərin dəstəyini gözləyirlər. O cür insanlara o şansı vermək olmaz.

– Mahsun Kırmızıgülün bu mövzuda çəkdiyi “Günəşi gördüm” filmi var. Yaxşı deyilmi?

– Əlbəttə, çox gözəl filmdir.

– Bəs bizdə o cür bir filmin çəkilməsi pis olarmı?

– Bəli, çox pisdir. Bilirsiniz niyə? Bir millətin psixologiyasını mənimsəyib götürmək lazımdır. Bizdə öndə olan insan hansı səhvi təbliğ etsə, o səhvə meylli insanlar onun arxasınca düşəcək. Bu gün göz önündə bir insan elə bir şeyi yüngülcə təbliğ etsin, gör nə qədər adam onun arxasınca gedəcək. Mən Azərbaycanda belə filmlərin çəkilməsinin əleyhinəyəm. Mahsun Kırmızıgül o filmi çox gözəl çəkib və mən əminəm ki, Mahsunun böyüdüyü mühit də o filmin əksinədir. Amma bir şey də var. Gəlin biz özümüzü o insanların yaxınlarının yerinə qoyaq. Kim fəxrlə deyər ki, filan gey mənim qohumumdur, qardaşımdır. Kim deyər ki?

– Aktyor kimi deyil, insan kimi münasibətinizi bilmək istəyirəm. Sizcə, cinsi azlıqlara cəmiyyətdə yer verilməməlidir?

– Mən hər şeyin qətiliyini sevirəm. Ya o yanlıq, ya da bu yanlıq. Neytrallıq yaxşı əlamət deyil. Cəmiyyətdə cinsi azlıqlar varsa, bunu bir küncdə yaşamaq lazımdır. Yoxsa, fəxrlə küçədə bunu qışqırmaq, bəyan etmək doğru deyil. Belə şeylərlə dünyanın sonunu gətirirlər. Mənə görə dünyanın sonu haradasa partlayışın baş verməsi ilə başlamayacaq, daşqınlar baş verməyəcək. Kişinin kişi ilə, qadının qadınla evliliyinə nə qədər ki, dəstək veriləcək, bu zaman dünyanın sonu gələcək. Çünki qarşı cinsə meyl itəcək, artım da azalacaq. Bu, bəşəriyyətin sonudur. Tutalım, bu insanlar bir-biri ilə yaxınlıq edirlər, bəs bunu rəsmiləşdirmək vacibdirmi?

– Rəşad bəy, vaxtilə Nazpəri Dostəliyeva ilə çəkildiyiniz klipi də Şənər Şənin, Şabanın gülüşləri kimi köhnəlmiş hesab edirsinizmi?

– O klip sadə və o vaxt üçün yüksək səviyyədə çəkilmiş klipdir. Sevgi və xəyanət üstündə qurulub, ssenari klip boyu düz xətt üzrə davam edir. Orda bu gün baxıb güləsi bir şey yoxdur, çünki şişirdilmədən çəkilib.

– Sizcə, o klipin bu qədər məşhurluğu Nazpəri xanımdan asılı oldu, yoxsa?

– Cabbar Musayevlə Nüsrət Kəsəmənlidən asılı oldu. Ümumiyyətlə, onların birliyi nəticəsində Nazpəri xanım Nazpəri Dostəliyeva oldu. Estradada hələ elə bir müğənni yoxdur ki, bu qədər qısa müddətdə belə yüksəkliyə çatsın. Söz yox ki, bu, həm də Nazpəri xanımın gözəl səsi sayəsində baş verdi. Çox səbəb saymaq olar. Mənim xarici görünüşüm tutuzdurdu, oyunum tutuzdurdu, gözəl dostumuz Rövşən İsaxın rejissorluğu tutuzdurdu və s.

– Xarici görünüş deyəndə nəyi nəzərdə tutursunuz?

– O vaxt mənim həmin klipdə oyunumdan çox xarici görünüşüm qabardıldı. Mənə pərəstiş aktyorluq qabiliyyətimə görə deyildi, konkret xarici görünüşümə görə idi. Amma istərdim ki, tamaşaçılar məni aktyor oyunuma görə sevsinlər. Hara gedirdim görünüşümdən danışırdılar…

– Bunun nəyi pisdir ki?

– Pis olan odur ki, xarici görünüşümdən danışırdılar, amma oyunum deyilmirdi. Ümumiyyətlə, xarici görünüşüm mənim üçün sənətdə bir pasport oldu. Bir keçid kartı oldu. Bundan sonra isə artıq mən öz bacarığımı, istedadımı ortaya qoymağa başladım.

– Heç olmasa, yaraşığınızdan və məşhurluğunuzdan başqa məqsədlər üçün də istifadə eləyə bildinizmi?

– Bu gün Azərbaycanda yaraşıqlı aktyorlar çoxdur. Amma yaraşıqlı olmaq sənətə zəncirin bir hissəsi ilə bağlanmaqdır. Bu isə uzun çəkmir. Yaraşıq bir yerə qədər səni apara bilər. Əgər tutacaq başqa zəncirlər yoxdursa, getdikcə adiləşəcəksən. Mən elə olur ki, 2-3 il efirdə görünmürəm. Amma buna baxmayaraq, tamaşaçı üçün adiləşmirəm. Çünki sadəcə, xarici görünüşümdən ibarət deyiləm. Xarakterim, istedadım və digər müsbət xüsusiyyətlərim zamanla üst-üstə gəldi.

Məsələn, sosial şəbəkələrdə qızların mənə yazdıqları rəylər çox müxtəlifdir. Gənc qızlar yazır ki, əla görünürsünüz. Çox yaraşıqlısınız. Çox xoşuma gəlirsiniz. Elələri var, mənə yazır ki, kaş mənim sizin kimi yaraşıqlı həyat yoldaşım olardı. Amma bir çoxları da yazır ki, sizi qardaşım qədər sevirəm. Yəqin ki, heç kim qardaşını xarici görünüşünə görə seçmir. Eləmi? Məni qardaşı qədər sevənlər xarakterimə, istedadıma görə sevir. Yaxud, biri yazır ki, siz mənim balamsınız! Biri yazır ki, sizi nəvəm qədər çox sevirəm. Görürsünüzmü? Artıq məlum olur ki, səndə zəncir birtərəfli deyil. Elə fanatlarım var ki, başqa şeyə görə yox, deyirlər ki, sadəcə, gəlim sizi görüm, gedim. Görüb gedirlər.

– Bunlar sizə ləzzət edir?

– Əlbəttə… Çünki bunların hamısı birləşəndə məni məsuliyyətli olmağa vadar edir. Və mənim məsuliyyətsiz olmağa ixtiyarım çatmır. Məcbur oluram ki, hərəkət və davranışlarıma fikir verim.

Paylaş:
Загрузка...