CƏMİYYƏT

“Qonşumuz məni zorlamaq istəyirdi” deyən 21 yaşlı Kamran niyə yalan danışdı?

Qonşusunu bıçaqlamaqda təqsirləndirilən cinsi azlıq nümayəndəsi növbəti dəfə hakim qarşısına çıxarılıb. O, ötən prosesdə hadisəyə səbəb kimi göstərmişdi ki, qonşusu onunla cinsi əlaqədə olmaq istəyibmiş.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü İslamov Kamran Arif oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib. Zərərçəkmiş şəxs Kamran İslamovun qonşusu Murad Həsənovdur.

Murad Həsənov Kamrandan fərqli olaraq hadisənin baş vermə səbəbi kimi 50 manata görə başlayan mübahisəni göstərib.

O deyib ki, Kamranın atası onların evində usta kimi işləyib. Bu işdən sonra ona 50 manat borclu qalıb: «Biz qonşuyuq. Uzun illərdir bir-birimizi tanıyırıq. Ailəvi gediş-gəlişimiz var. Çox yaxşı münasibətlərimiz olub. İndi də var. Kamran həmin gün məni çağırdı. Dedi ki, səninlə söhbət etmək istəyirəm. Mən də getdim. Atasına borclu olduğum pulu istədi. Bir az mübahisə elədik. Cibindən alma bıçağını çıxarıb vurdu».

M.Həsənov bildirib ki, Kamranı əsəbi uşaq kimi tanıyıb və hadisə vaxtı da əsəbi olaraq onu bıçaqlayıb: «Uşaqdır əsəbi olub. Mənim ondan şikayətim yoxdur. Hadisədir olub».

Məhkəmədə suallara cavab verən zərərçəkmiş hadisənin başqa bir səbəbdən baş verməsi ilə bağlı deyilənlərin doğru olmadığını söyləyib.

Zərərçəkmişin bu ifadəsindən sonra məhkəmədə hər kəsi təəccübləndirən hal baş verib. Belə ki, ötən prosesdə qonşusu Vüqarın onu zorlamaq istədiyini, etiraz etdikdə isə yaxınlarının ünvanına təhqirlər işlətdiyi üçün onu vurduğunu deyən Kamran bu dəfə fərqli fikirlər bildirib.

O, ötən məhkəmədə yalan danışdığını və yalnız qoşusunun dediklərinin həqiqət olduğunu söyləyib.

Hakim və dövlət ittihamçısı təqsirləndirilən şəxsə fikrini hansı səbəbdən dəyişməsi ilə bağlı suallar verib. K.İslamov sadəcə «mən yalan demişdim» deməklə kifayətlənib

Prosesin davamında təqsirləndirilən şəxsi atası Arif İslamov da dindirilib.

O da hadisənin baş vermə səbəbi kimi qonşusunun ona 50 manat borclu olmasını göstərib. Oğlunun əsəbi olduğunu deyən ata qonşusu ilə barışıq əldə etdiklərini deyib və məhkəmədən də Kamranı bağışlanmasını xahiş edib.

Arif İslamov oğlunun hadisədən cəmi 3 ay əvvəl əsgərlikdən qayıtdığını söyləyib.

Qeyd edək ki, ittihama görə, K.İslamov eyni qəsəbədə yaşadığı Murad Həsənovla görüşərək mübahisə edib. Buna səbəb isə Murad Həsənovun Kamran İslamovun atasına 50 manat borclu olması olub.

Hadisə ilə bağlı ittihamda yazılır ki, Kamran usta işləyən atasının 50 manatını Muraddan tələb edib. Amma Murad pulu verməkdən imtina edib və aralarında mübahisə yaranıb. Kamran cibində olan bıçaqla Murada zərbə endirərək oradan qaçıb.

Amma məhkəmədə bu ittiham elan edilərkən Kamran İslamov özününü qismən təqsirli bilmişdi. Söyləmişdi ki, Muradı bıçaqlamasına səbəb 50 manat olmayıb. O, istintaq zamanı müstəntiq tərəfindən belə bir səbəb yazıldığını demişdi. K.İslamov iddia edirdi ki, müstəntiq Murad Həsənovun ona qarşı etdiyi zorakılıq hərəkətini gizlətmək üçün belə bir ittiham yazıb.

K.İslamov istintaqda da ziddiyətli ifadələr verib. O, istintaqdakı ilk ifadəsində hadisənin əsas səbəbini başqa şəkildə danışıb.

K.İslamov həmin ifadəsində deyib ki, M.Həsənov ona zəng edərək görüşmək istəyib: «Murad Həsənov özü zəng edib məni görüşə çağırıb. Məqsədi isə onunla cinsi əlaqədə olmaq idi. Mən etiraz elədim. Dedi ki, «əgər istəmirsənsə, get ananı, bacını gətir». Cibimdə olan bıçağı çıxarıb onu vurdum».

K.İslamov istintaqda da ifadəsini dəyişib və hadisəyə səbəb 50 manata görə mübahisə olub.

Cinsi azlıq nümayəndəsi olduğunu etiraf edən K.İslamov M.Həsənovla görüşə getmək istəməsinin səbəbini belə izah etmişdi: «Əvvəlcə razı idim. Sonra fikrimi dəyişdim. Təkid elədi ki, onunla cinsi əlaqə olum. Şalvarı aşağı çəlkdim. Amma sonra fikrimi dəyişdim. Etiraz edəndə məni hədələdi və təhqir elədi».

O da məlum olub ki, K.İslamova qarşı bir neçə il əvvəl, azyaşlı olarkən seksual hərəkətlər edilib. Bununla bağlı cinayət işi açılıb. K.İslamov deyib ki, sonra həmin cinayət işi bağlanıb.

Qeyd edək ki, K.İslamov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağıamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. Bu onun ilk məhkumluğudur.

Paylaş:
Загрузка...