CƏMİYYƏT

Sən demə, kişilər buna görə saqqal saxlayırlar… — Qeyri-adi FAKTLAR

Britaniya alimlərinin son araşdırmalarına görə, hər bir qadın il ərzində orta hesabla 2 sutkasını makiyaja həsr edir. Fikrimcə, bu rəqəm Azərbaycan kimi qadınların bəzəyə çox meyilli olduqları ölkədə 2 və ya 3 qatınadək artır. Eyni göstəricini artıq kişilərimizə də şamil edə bilərik. Çünki son illər “kişi meyk-apı” kimi trendə çevrilən saqqal dəbi əks cinsdən kifayət qədər zaman və qayğı istəyir. Şəhərin, ölkənin, hətta dünyanın hər yerində yeniyetmələrdən tutmuş, orta nəsil nümayəndələrinədək hər kəs saqqalı ilə öyünür. Hətta iş o yerə çatıb ki, azyaşlı oğlum da saqqalının nə vaxt uzanacağını gözləyib, güzgünün önündən çəkilmir. Yəqin ki, sizə də maraqlıdır, zamanın darlığından şikayətlənərək, çox vaxt mesajlarımızı cavabsız qoyan bu kişilər saqqal nazı ilə oynamağa necə zaman tapırlar? Əslində isə məqsədim mövzunu qeyd etdiyim dayaz fakta görə araşdırmaq deyil, bu təbii akssesuarın tarixinə, zərər və faydalarına, ümumilikdə əhəmiyyətinə aydınlıq gətirməkdir.

Похожее изображение

Tarix boyu saqqal kişini qadından fərqləndirən ikinci cinsiyyət üzvü sayılıb. Buna da tibbi yöndən yanaşsaq, görərik ki, üzdəki tüklər kişi hormonu olan testosteronun dərəcəsilə bağlıdır. Məsələn, Darvin deyirdi ki, erkək heyvanlar dişiləri quyruqları ilə cəlb edirlərsə, kişilər də qadınları öz saqqaları ilə cazibəyə salırlar. Lakin təəssüf ki, bu məsələdə Konçita Vürst kimi istisnalara da rast gəlirik. Yaxud bəzən brutal təsir bağışlayan uzunsaqqalı, cüssəlli kişinin cinsi seçimində problem olduğunu öyrənirik. Hormonal pozuntu nəticəsində “saqqalı qadın” kimi tarixə düşən həmcinslərim də olub. Cəmiyyətin qınağına tuş gəldikləri üçün sakit həyat sürə bilməyən bu qadınlar, sirk artisti kimi insanları əyləndirməklə məşğul olublar. Tarixin ən məşhur saqqalı qadını ispanəsilli Maqdalena Ventura olub. Ventura ailə qurub, övlad sahibi olmaq şansını da əldən verməyib. Təbii ki, bu dünyaya bir dəfə gəldiyimizi nəzərə alsaq, seçim azadlığımız da toxunulmaz olmalıdır.

Hipertrixoz adlı xəstələrinsə bütün simalarında tük bitir. Bu xəstəliyə çox az insanda rast gəlinir. Lakin əlacı hələ də tapılmayıb.

Картинки по запросу гипертрихоз

Tarixdə saqqal

Qədim xalqlar arasında da saqqal saxlamaq kişilik, müdriklik göstəricisi olub. Hətta kişini alçaltmaq üçün saqqalı kəsilər, «saqqalından utan» kimi ifadələrlə təhqir olunardı. Şekspir bu haqda “saqqalı kişi digərlərindən bir addım öndədir” deyirdi.

Qədim qızıldərililər hesab edirdilər ki, yaşıl və mavi rəngə boyanmış saqqal onlara əvəzedilməz cazibə bəxş edir. Pəncablılarsa saqqallarını buruq dəmir ətrafında fırladaraq, toplayırdılar. Yalnız əlamətdar günlərdə saqqallarını açıb, bayrama qatılırdılar. Qədim monqollar üzlərində az tük çıxmağına baxmayaraq, saqqal sevdasından dönmürdülər. Bu siyahıya qədim çinliləri və yaponları da aid edə bilərik. Misirdə saqqal saxlamaq icazəsi ancaq yüksək vəzifəli məmurlara verilirdi. Fironlar isə mütləq saqqalı olmalı idilər. Çünki üzdəki tük hakimiyyətin rəmzi sayılırdı. Hətta fironun xanımına da rəsmi görüşlərdə xüsusi hazırlanmış saqqal taxılardı. Antik Yunanıstanda da vəziyyət fərqli deyildi. Həddi-buluğa çatan oğlanlar saqqal uzadaraq, seksual zorakılıqdan qurtulur, eyni zamanda, böyüdüyünü sübut edirdi. Afinalılar saqqalsız gəzən kişlərə rişxəndlə yanaşırdılar. Hətta dünya tarixinin ilk kinik (it kimi yaşamağı seçən) filosofu Diogen saqqalsız gənc görəndə, ondan qadın deyil, kişi kimi yarandığı üçün təbiəti məhkəməyə vermək istəyirmi deyə, soruşurdu.

Картинки по запросу античные греки

Saqqal məfhumu Spartada daha kəskin anlayış idi. Belə ki, döyüşə gedən spartalı əsgər mütləq üzündəki tükləri qırxmalı idi ki, düşmənə məğlub olarsa, hər kəs onun üzünü görüb, ifşa etsin. Makedoniyalı İskəndər isə öz üzündə tük az bitdiyi üçün döyüşçülərini də bu zövqdən məhrum qoymuşdu. Səbəb kimi isə düşmən əsgərlərinin savaş zamanı saqqaldan yapışıb rəqibini məğlub edə biləcəyini göstərirdi. Görürsünüzmü, paxıllıq yalnız biz qadınlara məxsus hiss deyilmiş.

Qədim Romada yeniyetmələrin ilk saqqalı qırxılıb, tanrılara «qurban» verilərdi. Buna baxmayaraq, eramızdan əvvəl 155-ci ildən etibarən romalılar arasında «filosof saqqalı» deyilən anlayış meydana gəldi. Bu dəbi Aristotelin və Platonun tələbələri Yunanıstandan gətirmişdilər. Gənc filosofların səliqə ilə düzən verilmiş uzun saqqalları romalıların elə xoşlarına gəldi ki, onlar da bu tərzi sınaqdan keçirməyə başladılar. O vaxtdan “filosofun mütləq saqqalı olmalıdır” ifadəsi yarandı. Özü də filosoflar saqqalı fərqli görünmək üçün deyil, həyat tərzi, vücudun ayrılmaz hissəsi kimi qəbul edirdilər. Hətta saraydan qovulan filosof Epiktet deyirdi ki, hökmdar mənim başımı kəsə bilər, amma saqqalıma toxunmağa əsla haqqı yoxdur.

Похожее изображение

Eramızın ilk illərinə qədər davam edən saqqal dövrü düz 19 əsr sonra elm xadimləri tərəfindən yenidən gündəmə gətirildi. Ç.Darvin, D.Mendeleyev, K.Marks və sadalamaqla bitməyən alimlər öz saqqalları ilə müdrik görünüşlərinə möhür vurdular. Həmin dövrdə uzun saqqal dənizçilər arasında da sürətlə yayılmağa başlamışdı. Lakin suyun səsindən bir-birini eşitməyən dənizçilər üzlərinə baxıb, sözləri anlamaq üçün saqqallarını kəsmək qərarına gəldilər.

Картинки по запросу karl marks

Çağdaş «filosoflar»

Bu gün saqqalı kişilər hər yerdədir. Dünyanın hər nöqtəsində yaşayır, istənilən sahədə fəaliyyət göstərirlər. Onların arasında incəsənət nümayəndələrinə, biznesmenlərə, meşəqıranlara, baykerlərə və təbii ki, dindarlara rast gələ bilərsiniz. Hətta 2013-cü ilin “saqqal ili” elan olduğunu bilirdinizmi? Bu yaxınlarda Avstraliya mütəxəssisləri maraqlı araşdırma aparıblar. 36 könüllüdən ibarət komandanın üzvlərinin saqqalı 1 neçə ay boyunca uzadılıb. Sonra həmin şəxslərin saqqalı və saqqalsız fotoları qadınlara təqdim olunub. Sorğuda iştirak edən xanımlar həmin kişilərin saqqalı vəziyyətdə daha cəlbedici olduqlarını vurğulayıblar. Lakin bu göstərici bütün qadınlara aid deyil. Çoxları saqqalı kişilərin daha müdrik və aqressiv olduqlarını zənn etdikləri üçün onlarla münasibətdən qaçırlar.

Daha bir maraqlı faktı da 2012-ci ildə amerikalı mütəxəssislər üzə çıxardıblar. Onlar hesab edirlər ki, saqqal kişini uşaqlara və ətraf mühitə qarşı daha mərhəmətli edir. Həmçinin üzü tüklə örtdüyü üçün ultrabənövşəyi şüalardan qoruyur, xərçəngin yaranmasının qarşısını alır.

Saqqalı əks cins nümayəndələri moda aləmində lamberseksual adlandırılırlar və sürətlə metroseksualları geridə qoymağa başlayıblar.

Hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində “saqqallılar klubu” adlı məkanlar fəaliyyət göstərir. Hətta 1999-cu ildən etibarən Avtraliyada bir qrup gəncin iştirakı ilə yaradılmış “Movember” fondu fəaliyyət göstərir. Movember “moustache”, yəni saqqal və “november»-«noyabr» sözlərinin birləşməsindən yaranıb. Belə ki, hər ilin noyabrında dünyanın 21 ölkəsindən olan minlərlə kişi 30 gün ərzində saqqal uzadıb, prostat xərçəngi kimi kişi xəstəliklərinin araşdırılması fonduna maddi və mənəvi yardım göstərirlər. 2008-ci ildə Movemberin nə az, nə çox, 170 min iştirakçısı olub.

Картинки по запросу movember foundation

Saqqalın keyfiyyətini və qalınlığını təmin edən digidrotesosteron hormonunun da təzadlı cəhətləri var. Testosteronun ən fəal bioloji forması olan bu hormonun çoxluğu bəzən aşırı tüklülüyə, bəzənsə keçəlliyə səbəb ola bilər. Həmçinin elmdə poqonofobiya anlayışı da mövcuddur ki, bu xəstəlikdən əziyyət çəkənlər saqqalı insanlardan çox qorxurlar. Bir də araşdırmalar sübut edib ki, lamberseksuallar 38 faiz daha xəsis, 51 faiz daha qəmgin, 36 faizsə daha məsuliyyətsiz olurlar. Azdan-çoxdan tanıdığım saqqalılarda eyni əlamətlərə rastlamışam.

«Uzun saqqal estetik nöqteyi-nəzərdən zövqümüzü oxşamır» — Bu fikir respublikanın baş dermatoveneroloqu, Tibb Universitetinin dəri-zöhrəvi kafedrasının müdiri, professor Zülfüqar Fərəcova aiddir.

— Bəzi kişilərin dərisi həddən artıq həssas olur. Üzlərini təraş edəndən sonra dərinin tamlığı pozulur. Odur ki, saqqal saxlayaraq, üz dərisinin sakitləşməyini təmin edirlər. Bəzi adamlarda quru sebraiya, digərlərində yağlı sebariya olur. Odur ki, saqqal uzadarkən dərinin strukturunu da nəzərə almaq lazımdır. Çox vaxt bizə saqqal tökülməsi problemi ilə müraciət edirlər. Buna endrokrionoloji, qalxanvari ətraf vəzi, ekoloji, sinir gərginliyi və digər faktorlar səbəb ola bilər. Çox vaxt kişilər saqqalda kiçik bir nöqtənin tökülməsinə önəm vermədikləri üçün, problem get-gedə böyüyür. Kipriklərin, qaşın seyrəlməsinə səbəb olur. Bu xəstəliklərin müalicəsi var və həll etmək üçün vaxtında həkimlə məsləhətləşmək lazımdır.

— Doktor, bəs saqqalı kişilər gigiyenaya necə riayət etsinlər?

— Məşədi İbad demişkən, vaxtı-vaxtında hənasını qoysunlar (gülür). Təbii ki, saqqal gün ərzində bir neçə dəfə xüsusi vasitələrlə yuyulmalıdır. Qıcıqlanma hiss etdiyiniz zaman, mütləq səbəbini araşdırın, quruluq və yağlılıq problemi varsa, ona qarşı məlhəmlərdən istifadə edin. Həmçinin geniş yayılmış göbələk probleminə də rast gəlinə bilər ki, bu zaman mütləq dermatoloqa müracət olunmalıdır.

Похожее изображение

Din və saqqal

Tarix boyu bütün dinlər saqqal saxlamağın tərəfdarı olublar. Məsələn, xristianlar Tanrının kişini özünəbənzər yaratdığı üçün mütləq saqqalı olmağını düşünürdülər. Üzünü tamam təraş edənlərsə, dinin düşməni elan olunur və kilsələrə buraxılmırdı. İsa Məsih və digər müqəddəslər saqqalı olduqları üçün üzünü tam təraş edənlər din xadimlərinin qınağına səbəb olur, hətta homoseksuallıqda ittiham edilirdilər.

İslam dinində də saqqal uzunluğu təriqətə gösrə dəyişir. Sünnülərin daha uzun saqqala üstünlük verdiyi halda, şiələr zahiri gözəlliyə də kifayət qədər önəm verir və saqqalı səliqə ilə kəsib, qulluq etməyi məqbul sayırlar. Məhz bu səbəbdən bu gün dünya klamberseksualları arasında ən gözəl saqqal müsəlmanlardadır. Çünki onlar təbii vasitələrlə saqqallarına da yaxşı qulluq etməyi bacarırlar.

Buddizmdə din xadimi dünyəvi zövqlərdən uzaq olmaq üçün saqqalını və saçlarını tamam təraş etməlidir. Hesab olunur ki, yalnız bu zaman o bütün həvəslərinin, ehtirasının üzərindən xətt çəkmiş olur.

Müdrik yəhudilərsə daim öz adətlərinə dərin hörmətlə yanaşıblar. Bu sayqını simalarında da əks etdirmək üçün saqqal tərzini nəsildən nəsilə ötürürlər.

«»Quran»da saqqalla bağlı heç bir ayə, tövsiyə yoxdur»

Картинки по запросу elşad miri

İlahiyyatçı Elşad Miri isə mövzu ilə bağlı bildirdi ki, Həzrəti Məhəmməd ona peyğəmbərlik verilməzdən öncə də saqqalı idi və hətta İslama, ona qarşı çıxanlar da uzun saqqal saxlayırdılar. Yəni, belə bir imicin formalaşması sırf İslamla bağlı deyil. Bunlar sonradan ortaya çıxmış məsələnin mahiyyətinə deyil, görünüşünə dəyər verən insanların gəldikləri qənaətdir.

Artıq dünya kinematoqrafiyasının kişi nümayəndələrini da saqqalsız təsəvvür etmək olmur. İstər Hollivud, istər Avropa, istərsə də ölkəmizdə fəaliyyət göstərən aktyorlar bu təbii atributu üstün tutur və saqqalla daha xarizmatik göründüklərini etiraf edirlər.

Tanınmış aktyor Kamran Ağabalayev uzun saqqal saxlamağına belə açıqlama gətirdi:

«Hazırda saqqal saxlamağımın səbəbi ölkəmizdə və Türkiyədə rol aldığım iki filmdir. Birincisi “Son dovşan” psixoloji dram, ikincisi isə “Tolqa bey” filmləridir. Müqaviləyə görə, saqqalım dağınıq olmalıdır. Bu səbəbdən səliqəyə də sala bilmirəm. Ən başlıcası isə düşünürəm ki, kişinin əsas yaraşığı saqqalıdır».

Əcnəbi saqqalı kişilərin də fikirlərini öyrənmək üçün səyyah, poliqlot Demi Qrota üz tutdum. Deminin də başı saqqalı ucbatından az dərd çəkməyib.

— 25 yaşım var. 16 yaşımdan bəzi fasilələrlə uzun saqqal saxlamışam. Ailəm və ətrafım seçimimə sərt münasibət bildirirdilər. Çünki mən böyüdüyüm mühitdə bu tərz qəbul olunmur. Bütün sədlərə baxmayaraq, seçimimdən dönmədim. Artıq saqqalsız özümü təsəvvür edə bilmirəm. Bu halımdan olduqca məmnunam və kimə görəsə qırxmağı da düşünmürəm.

— Saqqalla bağlı başqa nə deyə bilərsiniz?

— Saqqal insanı filosof etmir axı… Nə deyim?!

Demi Groat adlı şəxsin şəkli.

Modada ifrata varan dizaynerlər saqqalla da əndrabadi oyunlar oynamaqdan çəkinmirlər. Hətta fransalı dizaynerlər lamberseksualları qadın kimi meyk-ap edirlər.

Картинки по запросу makiyaj borodatix

Saqqalı ilə son günlər dünya mediasını zəbt edən daha bir şəxs isə instaqramın “willitbeard” adlı istifadəçisidir. Adını bildirmək istəməyən bu saqqalı kişi, məşhurlaşıb, pul qazanmaq məqsədilə saqqal uzatdığını və xanımı ilə birgə, qəribə saqqal bəzəkləri düşünüb, tapdıqlarını vurğuladı.

Leyla Sarabi İsmayıl adlı şəxsin şəkli.

Tanıdığım ən uzun saqqalı Bakı sakini isə tatu ustası, rəssam Telman Eyzamoğludur.

Telman ətrafdakıların saqqala sərt, bəzən də məntiqsiz reaksiyasını hiss etsə də, bu onu narahat etmir.

Telman Eyzamoglu adlı şəxsin şəkli.

— 11-ci sinifdən saqqal saxlayıram. Hətta universitet illərində də üzümü təraş etmədim. Mənim üçün saqqal müvvəqqəti dəb deyil, həyat tərzimdir. Qulluq etməksə, təbii ki, çətindir. Hər gün ən azı bir dəfə yuyub, səliqəyə salmaq lazımdır. Təbii ki, uzun saqqalla yeməyi də tam rahat yemək olmur. İnsanların bəzən məni görəndə qəribə reaksiyasının şahidi oluram. Qarşımdakı qadındırsa, bir o qədər də qəribə görünmür. Amma saqqalıma rişxəndlə baxan kişidirsə, bunu anlaya bilmirəm. Çünki hesab edirəm ki, kişinin mütləq saqqalı olmalıdır. Xanımının təsiri ilə saqqalını qırxan kişilər də tanıyıram.

— Son dövrlər trendə çevrilib. Onkoloji xəstələr üçün nəzərdə tutulan ictimai layihə çərçivəsində kişilər saqqallarını kəsib, sosial hesablarında paylaşırlar. Bunu edərdinizmi?

— Bu məqsədlə edərdim, amma sonra gərək evdən bayıra çıxmayım. Bunun əvəzinə saçlarımı kəsməyi üstün tuturam.

— Saqqalı kişilərin xarakteri barədə nə deyə bilərsiniz?

— Həddən artıq ağıllıları da var, yüngül həyatı seçənləri də. Elə sevilən rəssamlarımızın çoxu saqqalıdır. Arzum var ki, yaxın gələcəkdə bərbər salonu açıb, yalnız saqqalı müştəriləri qəbul edim.

Stilist Şahmarsa Azərbaycanda saqqal dəbinin “Möhtəşəm yüzyıl” serialından sonra vüsət aldığını qeyd edir.

— Serialdan öncə saqqal saxlayan insanlardan qorxurdular. Bir növ terrorçu kimi baxırdılar. Ancaq sonra saqqal saxlamaq istəyənlərin güclü axını başladı. Gələnlər daha çox Kris Milinqton və Omar al Qalanın tərzində saqqal istəyirdilər. Amma yavaş-yavaş uzun saqqalıların sayı da azalır. Saqqal bizim oğlanlara çox yaraşır. Onları daha yaşlı və zəhimli göstərir. Buna görə də hamısı həvəs göstərir.

— Xasiyyətləri barədə nə deyə bilərsiniz?

— Çox təmizkar və tələbkar olurlar. Əsasən də bığlarını səliqəyə salanda diqqətli olmağımı tələb edirlər. Bir də, bildiyiniz kimi, lazer üsulu ilə saqqalın kənarlarındakı tüklər təmizlənir. Bir vaxtlar bu hal kişi üçün anormal sayılsa da, indi bu xidməti də göstəririk. Ali məktəblərin bir çoxunda saqqala icazə verilmədiyi üçün tələbələr saqqalarını qırxmaq məcburiyyətindədirlər. Son vaxtlarsa kişilərimiz saqqalarını rəngləmək üçün müraciət edirlər. Çoxu qara xınaya üstünlük verir ki, saqqal daha qalın görünsün.

Saqqallılar sırasında həmkarım Ömər Xəyyam da var.

— Ömər sən niyə saqqal saxlayırsan? Məqsəd Ömər Xəyyam prototipi yaratmaqdır?

— Saqqalla 10 illik yoldaşlığım var. Kədərli anlarıma da, sevinclərimə də şahidliyi var. Aclığımı da, toxluğumu da görüb. Bir sözlə, çox doğmadı. Özümü onsuz təsəvvür etmirəm. Saqqal mənim həyat tərzimdir, orqanlarımdan biri kimidir, məsələn, gözüm kimi. Birbaşa məqsədim yox idi, 2007-də uzatdım, sonra «dostlaşdıq», «doğmalaşdıq».

Ömər Xəyyam adlı şəxsin şəkli.

Düzdür, zamanla dəb oldu, hər 10 nəfərdən beşi saqqal uzatdı. Müxtəlif formalarda. Bəziləri rəng də qoydu, xına da vurdular. Mənim saqqalım təbiidi. Üstündə xüsusi işləmirəm. Olduğu kimi sevirəm. Mən saqqala görə xeyli vəzifə itirmişəm. Dəvət ediblər, təklif ediblər ki, saqqalımı qırxım, bəs filan vəzifə sənindir. Amma bacarmamışam. Bunu xəyanət kimi qəbul edirəm.

Növbəti həmsöhbətim Niyazi Qasımov isə uzun saqqalına rəğmən, bir neçə dövlət əhəmiyyətli və özəl şirkətlərdə digital sahə üzrə rəhbər vəzifələrdə çalışıb. Lakin ilk zamanlar iş tapmaqda çətinlik çəkdiyini də gizlətmir.

Niyazi Qasımov adlı şəxsin şəkli.

— Əsgərlikdən dönəndən sonra iş görüşməsinə getmişdim. Şirkət rəhbərliyi məni işə götürməkdən imtina etdi. Yəqin ki, mənim yerimə üzünü səliqə ilə təraş etmiş başqa birini götürdülər. Hazırda isə saqqalım işimə heç bir maneə yaratmır. Çünki istənilən şirkət öz əməkdaşının zahiri görününşünə deyil, məhsuldarlığına önəm verir.

— Saqqal uzatmağa başlayanda ətrafınızın sizə müsanibəti necə idi?

— Öncə vəhhabi damğası vurulmuşdu (gülür). Sonra qohumların, tanışların mənfi təsirini hiss etməyə başladım.

— Bəs valideynlərinizin reaksiyası necə oldu?

— Onlar da qarşı idilər. Sadəcə, atam bu mövzuda fikirlərini anam vasitəsilə mənə ötürürdü. Yəni özü desəydi, qırxmaq məcburiyyətində qalacaqdım. Hətta bir neçə ay öncə sırğa taxmaq istəyimi deyəndə, anam cavab verdi ki, heç olmasa, saqqalını bir az qısalt. Təbii ki, insanların saqqalı kişilərə reaksiyası tam fərqli və təzadlıdır.

Похожее изображение

Əziz xanımlar, sonda üzümü sizə tutmaq istəyirəm. Saqqalı kişilərimizin çoxu sizdən şikayətçidirlər. Əsas ricam, kişilərlə zaman keçirib, sonra valideynlərim səni qəbul etməz, mən saqqalsız xalam oğlu ilə ailə quracam deyib, qəlblərini qırmayın. Küçədə görəndə, məhəllənizdən keçəndə toplaşıb, arxasınca nömrənizi deməyin, fit çalıb ürkütməyin. Unutmayın, onlar da sabah bir ailənin kürəkəni olacaqlar. Bəs sizin gender bərabərliyi anlayışınız harda qaldı?

Leyla Sarabi

Fotolar: Səfiyar Məcnun

Publika.az//

Paylaş:
Загрузка...