CƏMİYYƏT

Şeyxin qudası: “500-dən çox adamı Həccə göndərmişəm”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadə Səudiyyə Ərəbistanı hökumətinin yenidən həccə getmək istəyən zəvvarlar üçün 2000 rial (535 dollar) məbləğində vergi tətbiq etməsi məsələsinə münasibət bildirib.
Q.Salahzadə “Ölkə.Az”-a açıqlamasında deyib ki, sözügedən addım Həccə gedənlərin sayında azalmaya səbəb olmayacaq:

“Həcc ziyarəti Allahın istəyi ilə reallaşır. Allah istəməsə, heç kəsin ziyarəti baş tutmaz, qəbul olunmaz. Ona görə də mən bu cür addımların zəvvarların sayına ciddi təsir edəcəyini düşünmürəm. Yenə də deyirəm, hər şey Allahın istəyi ilə mümkün olur”.

Keçmiş deputat Səudiyyə Ərəbistanı hökumətinin bu qərarının onu da Həcc ziyarətindən çəkindirmədiyini söyləyib:

“Allah istəmədən mən Həcc ziyarəti edə bilməzdim. Allah istədiyi üçün bu baş tutur. Ona görə də bu cür qərarlar məni çəkindirə bilməz. Qismət olsa, bu il də Həcc ziyarətinə gedəcəm. İndiyədək Həcc ziyarətində çox olmuşam. Hətta, 2 dəfə Kəbə Evinin içərisində olmuşam. Bu qədər Həcc ziyarətində olmaq hər adama nəsib olmur. Allaha yaxın olduğum üçün bunlar reallaşır. Elə olub ki, mən bir gündə Məkkə və Mədinəni ziyarət edib Bakıya qayıtmışam. Bir dəfə anam məni görüb dedi ki, ay bala, bəs sən Həcc ziyarətinə getmədin? Dedim, artıq gedib qayıtmışam. Yəni, anam da mənim bir gün ərzində Məkkə və Mədinəni ziyarət edib, Bakıya qayıtmağıma təəccüblənmişdi”.

Q.Salahzadə onu dəfələrlə Həcc ziyarətinə getməkdə qınayanlara da cavab verib:

“Məni Həcc ziyarətinə çox getməkdə, kasıblara kömək etməməkdə qınayırlar. Ancaq həmin adamlar bilmirlər ki, mən hər zaman kasıbların yanında olmuşam, imkansız adamlara əl tuturam. İndiyədək 500-dən çox imkansız adamı Həcc ziyarətinə göndərmişəm. Məgər bu kasıba kömək deyil? Digər tərəfdən isə mən onlara maddi kömək etsəm də əsas Allah onların ziyarətini reallaşdırıb. Yoxsa ki, mən kiməm! Allah istəməsəydi, mən onlara kömək edə bilməzdim və onların Həcc ziyarəti baş tutmazdı”.

Paylaş:
Загрузка...