CƏMİYYƏT

Sındır pəncərəmi, döy pəncərəmi! – Əli Kərimin ilk kitabı

 artkaspi.az «Gənc şairin ilk kitabı” adlı layihəyə start verib. Bu layihə çərçivəsində şeirləri xalqın, oxucuların könlünə yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş sevimli şairlərin ilk kitabları haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri dərc olunur. Bu dəfə Əli Kərimin ilk kitabından şeirlər və şəkillər oxucuların ixtiyarına verilir:

Əli Kərim 1931-ci ildə Göyçay şəhərində dünyaya gəlib. Şairin ilk kitabı «İki sevgi” 1960-cı ildə «Azərbaycan Dövlət Nəşriyyatı”nda çap olunub. 3000 tirajla nəşr olunan kitab 60 səhifədir. Kitabın redaktoru İ.Soltan, rəssamı M.Bağırov, bədii redaktoru M.Aslanov, texniki redaktoru S.Bayramova, korrektorları T.Cəfərova, B.Qaryağdı, qiyməti isə 1 manat 20 qəpik olmuşdur.

 

Kür, sənə bənzəyən nəğməm olaydı

Ey Kürüm, sanıram bir xoş nəğməsən,

İndicə qopmusan min-min dodaqdan.

Sənin tək mənalı bir nəğməni mən

«hardasa” ­– deyərək gəzirəm çoxdan.

 

Doldurub ovcuma sərin suyunu,

Sevdiyim nəğmənin bir damlası tək,

Ey könül, deyirəm, seyr elə bunu,

Mənalı olmağı bundan öyrənək.

 

Yazdığım nəğmə də istərəm ki, mən

Sədada, qüdrətdə tamam sən ola.

Həvəslə, zövq ilə həm dinlənilən,

Həm də ki, gözlərə görünən ola.

 

Axar ürəyimə yüz ömrün kamı,

O əziz yaransa elə su kimi.

Qoy belə olmasa könlün ilhamı,

Dağılsın bir uşaq yuxusu kimi!

 

Sənintək, a Kürüm, mənim də nəğməm,

Axa şəhərlərə, axa kəndlərə.

Mildə iş qurtarıb susanda aləm,

Xoş səda salaydı aynabəndlərə.

 

O da dalğalanıb, yeriyib arx-arx,

Bu ana torpağı qucaqlayaydı.

Sən ellər gəzəndə işıq saçaraq

Sözüm könüllərə şəfəq yayaydı.

 

Sənin tək axaydı, səsim də, a çay,

Muğanda «su” dəyib yananda düzlər.

Mənim də nəğməmi tarlada hər yay,

Sərin suyun kimi içəydi qızlar.

 

Hər könül istəyim, könül harayım,

Ellərin qeydinə belə qalaydı.

Heç nə istəmirəm, mənim Kür çayım,

Bur sənə bənzəyən nəğməm olaydı!

 

İki sevgi

 

Gözəl qız, sən saf susan,

İki qəlb arzususan.

Mənsə səni sevirəm

Susuzluğun od vurub köz kimi yandırdığı

Dodaq su sevən kimi.

Rahatca bardaş qurub,

Kabab üstdən sərin su pis olmaz deyən kimi.

 

Gözəl qız, sən işıqsan,

Yurduma yaraşıqsan.

Mənsə səni sevirəm

İynənin ucu boyda

Işığa həsrət qalan göz işıq sevən kimi.

O isə səni sevir,

Bir şən mağarda, toyda,

İşıqlardan yaranmış yaraşıq sevən kimi.

 

Danış, ucalsın səsin,

Qısılmasın nəfəsin.

Mən ki, səni sevirəm,

Bakıdan, Daşkəsəndən

Gələn bir səda kimi,

Səs kimi,

Qüdrət kimi.

O isə səni sevir

Gizlin deyil ki, səndən

Bir otaq küncündəki, qəmli sükunət kimi.

Bu mən, bu o, bu da sən,

De, görək nə deyirsən!

Amma yaxşı fikir ver bu iki məhəbbətə,

Daha heç nə demirəm:

Nöqtə, nöqtə və nöqtə.

 

 

 

Bakı küləyi

Demirəm hər zaman gəz bu diyarı,

Sındır budaqları, əy budaqları.

 

Bəzən də sakit əs, su kimi durul,

Gəlib dalğa-dalğa tökül qoynuma.

Gah da mənə çatıb havada burul,

Burula-burula dolan boynuma.

 

Amma ürəyimdə bir sözüm də var,

Sən ey soyuq xəzri, isti gilavar!

Gəlsə yuxu kimi bu həyat sənə,

Min bir mübarizə xatırlat mənə.

 

O güclü dalğalar, o gur dalğalar

Qəfil yerimdən də qoparsan məni.

Gurlasın o ki var, coşsun o ki var,

Yüyürdə-yüyürdə aparsın məni.

 

Gurla, var gücünlə gurla, ey külək,

Saçımı da dağıt, sinəmdən də bas!

Mən də cavab verim, mənə qulaq as:

Gəl bir də toqquşub döş-döşə gələk!

 

Görsən tufansızam, görsən rahatam,

Qoyma xumarlanıb evdə də yatam.

Ey Bakı küləyi, səhərə kimi

Sındır pəncərəmi, döy pəncərəmi!

 

 

Paylaş:
Загрузка...