CƏMİYYƏT

Təhsil Nazirliyi: Kürdəbaz kənd məktəbi birdəfəlik ləğv edilib

Masallı rayonu, Kürdəbaz kənd ümumi orta məktəbi bağlanıb. Yeni tədris ili ərəfəsində məktəbin bağlanması, uşaqların təhsil üçün qonşu kənd məktəbinə göndərilməsi valideynlərin etirazına səbəb olub. İddialara görə, qapadılmış məktəbin yerində şadlıq evi tikiləcək.

Təhsil Nazirliyi isə Kürdəbaz kənd ümumi orta məktəbi ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edir. Nazirlikdən virtualaz.org saytının sorğusuna cavab olaraq bildiriblər ki, məktəb binasının yararsız vəziyyətdə olması, şagird kontingentinin azlığı, habelə bir kilometr məsafədə Qarğalıq kənd tam orta məktəbinin olduğu nəzərə alınaraq, Kürdəbaz kənd ümumi orta məktəbi ləğv edilib. “Məktəb Masallı Rayon Təhsil Şöbəsinin Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış müraciəti, Maliyyə Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin razılıq məktubları əsasında Təhsil Nazirliyinin müvafiq əmri ilə bu tədris ilinin əvvəlindən fəaliyyətini dayandırıb”, -nazirlikdən qeyd ediblər.

Kürdəbaz kənd ümumi orta məktəbində təhsil alan şagird və müəllim kollektivi Qarğalıq kənd tam orta məktəbinə köçürülüb.

Qeyd edək ki, Kürdəbaz kənd məktəbi qəzalı vəziyyətdədir.

Paylaş:
Загрузка...