CƏMİYYƏT

Tarixə qovuşan sevgi məktubları — Texnikanın öldürdüyü hisslər

Sevgi məktubu kimi…

“Dağlar arasında dərə,

Dərindi yuxu kimi.

Dağ dağa duman göndərər

Sevgi məktubu kimi” (Ramiz Rövşən)

 

Məktublar bir zamanlar ədəbiyyat və publisistikada az qala, xüsusi janr kimi formalaşmaqda idi. Məşhur şair və yazıçılar yaradıcılıqlarında şeirə, hekayəyə, romana yer ayırdıqları kimi məktub janrından da mütəmadi olaraq istifadə etməyə çalışırdılar.

Bu gün də filoloji kurslarda məktublar ədiblərin ayrıca bir yaradıcılıq qolu kimi tədris olunur. Əsasən, iki qrupa — işgüzar və şəxsi- bölünən məktublardan ən maraqlıları təbii ki, hiss və həyəcanın tüğyan etdiyi, aşıb-daşdığı, insan ruhunun incəliklərini özündə əks etdirən sevgi məktublarıdır.

Dünya ədəbiyyatında Frans Kafka, Tolstoy, Dostoyevski, Nazim Hikmət, Mariya Sveteyeva, Anna Axmatova kimi yüzlərlə məşhurun, Azərbaycan ədəbiyyatında isə Mirzə İbrahimov, Ordubadi, Çəmənzəminli, Əhməd Cavad, Rəsul Rza və başqa onlarla şair-yazıçı öz hiss-həyəcanlarını sevgi məktublarına tökmüşdülər. Sevgi məktubları Azərbaycanın ictimai, elmi həyatında iz qoyan insanların ömür yolunda da rastlanıb.

Şairin dediyi kimi, təbiətdə baş verən hadisələrin əslində bir təbiət gözəlinin o birinə göndərdiyi məktub kimi anlaşılması  insanların məktub energetikasına nə qədər önəm verməsinin göstəricisidir. Özü də bu tendensiya təkcə Azərbaycanda deyil, dünyada da yaşanırdı…

 

Dünya dahilərinin sevgi məktubları ( hərədən bir neçə cümlə)

 

Ziqmund Freyd— “İstəkli sevgilim, oduna yandığım, gözəl qız!

Mən bunu bilirdim: yolların gətirib çıxardığı bu uzaqlıq, sənin olmadığın bu yerlər, mənə qarşılaşdığım itkinin necə böyük olduğunu anladacaq. Ancaq ha çalışsam da, məni saran bu duyğuların dərinliyinə varmağı bacarmıram. Sənin o incə görkəmin, bir an da olsa belə, gözlərimin önündən çəkilmir. Daldığım bu dadlı yuxunun pozulacağı, qapıldığım bu işıqlı xəyalın dağılacağı məni qorxudur”.

Volfanq Motsartdan həyat yoldaşı Konstanzeyə:«Məktubun son səhifəsini yazarkən kağızın üstünə göz yaşları düşməyə başladı.

Amma nəşələnməliyəm. Tut, təəccüblənəcəyin qədər öpüş uçur havada. Şeytan havada qaynayır”.

 

Viktor Hüqodan Cülyetta Drueyə  məktub: «Bütün bu qaranlıq və şiddətli günlər boyunca fövqəladəydiniz, Cülyettam. Sevgi istədim, gətirdiniz, sağ olun!

Gizləndiyim yerlərdə, günlərcə təhlükə altında gözləməklə keçən gecələrin sonunda qapımda barmaqlarınızla titrəyən açarın səsini eşidəndə bütün pisliklər və qaranlıqlar yox olurdu”.

 

Lüdviq van Bethovendən adını çəkmədiyi yasaq sevgisinə məktub:

 

«Günaydın! Hələ yatağımda olsam da, fikrim sənin yanındadır. Ölməz sevgilim, sonda qollarına qaçaraq səninlə bir evdə yaşayana qədər səndən uzaq gəzəcəyəm. Ruhlar ölkəsinə sənə sarılmış ruhumu yollaya bilərəm. Bəli, təəssüf ki, belə olmalıdır. Səndən başqa heç kim qəlbimə sahib ola bilməz, əsla, əsla!

Frans Kafkadan Milenaya məktub: «Yox, Milena, sizə yazmağım üçün mənə başqa imkan yaratmağınızı bir daha xahiş edirəm. Poçta boş-boşuna getməməlisiniz, o kiçik poçtalyonunuz belə — kimdir o? — getməməlidir, hətta poçt işçisi olan xanımdan belə boş yerə məktub xəbəri almamalısınız. Başqa heç bir imkan tapmırsınızsa, vəziyyətə dözmək məcburiyyətindəsiniz, amma heç olmasa, bir az cəhd edin, yazmağıma şərait yaradın.

 

Nazim Hikmətin Pirayəyə məktubu

«Əziz həyat yoldaşım, budəfəki məktubuma sənin üçün yazdığım bir şeirlə başlayıram:

Saat dörd… Yoxsan,

saat beş… yox!

Altı, yeddi, ertəsi gün və bəlkəkimbilir…

Həbsxana avlusunda bir baxçamız vardı-

İsti bir divar dibində on beş addım qədərdi.

Gəlirdin, yan- yana oturardıq,

Qırmızı və böyük  müşəmbə  torban da dizlərində…(sətri tərcümə yazı müəllifinə aiddir)

 

Bəs indi?

 

Dünyanın hislərini məktublara tökən yüzlərlə məşhurunun yalnız bir neçəsindən nümunələr gətirdik. Amma məktub deyilən sehrin energetikası bunlarda da hiss olunur. Hərəsindən bir neçə cümlə versək də belə… Nümunələri Azərbaycan ədiblərindən də vermək olardı. Amma prinsipcə heç nə dəyişməyəcəkdi… Enerji həmin enerji, hisslər həmin hisslərdir…

Enerji eyni olduğu kimi bugünkü enerjisizlik də eynidir. Sürət əsri insanın hiss və həyəcanının sürətini artırmaqla yanaşı, onun keyfiyyətini də öldürdü. Bu gün qürbətdə olan kiməsə öz “sevgi məktubu”nu bir saniyə ərzində yollamaq mümkündür. Amma itmiş enerji ilə. Texnoloji inkişaf, robotlaşma prinsipi insan hislərinə zərbə vurduğu üçün onun bir təzahürü olan sevgi məktubları da daha yazılmır.

 

Şair-publisist Əkbər Qoşalı Modern.az-a açıqlamasında məktubların şəklini dəyişdirdiyini, bununla da da cazibəsini itirdiyini bildirir:

 

“Hazırda sizinlə danışarkən gözümün önündə bir kitab var: “Tərəqqi qəddarlığın təkümülü kimi”.

Hadisələrdə təsadüf yox, zərurət var. Bu səbəbdən söhbətinizə adını çəkdiyim kitabdan başlamaqda da bir hikmət var. Əlbəttə, hələ yazı icad olunmazdan əvvəl dünyada insanlararası xüsusi ünsiyyət mexanizmləri olub. Onlar bir-birlərini görmədən belə həsrətlərini, bir-birilərinə olan sevgilərini göstərməkdən ötrü müxtəlif vasitələrdən yararlanıblar. Daha sonra yazı yarandı və bundan sonra həmin hislər məktublaşmalar, yazılı vasitələr şəklində birindən başqasına ötürüldü.  Sözün qısası, lap sonralar isə informasiya texnologiyalarının inkişafı ilə yeni situasiya yaranmış oldu.

 

Dediyiniz məsələ də buradan qidalanır. Bunu fəlakətə çevirmək lazım deyil, amma təhlilə gəlməsinə də böyük ehtiyac var. Düşünürəm ki, məktublaşmaq əbədi, əzəli ehtiyac olduğu üçün  onun şəkilləri dəyişsə də məzmunu hər zaman var olacaq. Məktublar forma və şəkil dəyişmələrinə baxmayaraq hər zaman yaşayacaq bir hadisədir.

 

Amma burada bir detala önəm verməliyik: məsələ ondadır ki, əvvəllər yazılan və uzun müddətdən sonra əl üçün çatımlı olan  məktublardakı o eşq, o doğmalıq, hərarət indi sürət əsrinin texnloji qurğularında qalıbmı? O zamankı məktublarda olan ünsiyyət, hisslərdən doğan  enerjini indiki  elektron vasitələr  yarada bilirmi? Məsələ virtuallaşdıqca, get-gedə İKT üzərinə yön aldıqca dediyim enerjinin itməsinə səbəb olur. Bunu etiraf etmək lazımdı”.

 

Sosioloq-alim Əhməd Qəşəmoğlu isə məsələyə sırf sosioloji aspektdən yanaşır. Sevgi məktubu deyib keçmək lazım deyil. Əgər bu gün o məktublar yazılmırsa, demək, insanlarda, cəmiyyətdə mənəvi aşınma yaşanır. Çünki sevgi məktubu dediyin, bir insandan o birinə daşınan mənəviyyat toplusu idi:

“Elmdə insan həmişə biososial varlıq kimi qeyd edilib. Amma uzun illərdir ki, mən beynəlxalq səviyyədə bu fikrin dəyişməsinə çalışmışam. Ahəngyolda da qeyd olunub ki, insan kosmo, psixo, bio və sosial varlıqdır. Mühitdən asılı olaraq bu amillərin biri güclənir, digəri zəifləyir. 30-40 il bundan əvvəl yazılan məktublardakı həmin duyğu və səmimiyyət təbii ki azalıb. İnsanlar mahiyyəti etibarilə psixoloji baxımdan dəyişiblər. Mənəvi amillər sosial amillərin təsiri altında dəyişib və  azalıb. Ortada da belə bir vəziyyət yaranıb. Demək, bu istiqamətdə ümumi vəziyyət normal deyil.

 

Aydın olur ki, belə olan surətdə  biz normal ahəngdar inkişafımızı təmin etməliyik. Bu bizim borcumuzdu və gələcək inkişafımızın ümumi şərtlərindn biridir. Çalışmalıyıq ki, mənəvi dəyərlərin inkişafına, psixoloji mühitin dəyişməsinə kömək edən ciddi tədbirlər grək. Onda bu balans müəyyən qədər düzələcək. Təbii ki, əvvəlki kimi olmayacaq, amma nəyisə dəyişdirmək olacaq”.

Paylaş:
Загрузка...