CƏMİYYƏT

Teleradio Şurası kanalların “ayıbına” göz yumur

“Reklam haqqında” Qanunun 20.7 maddəsinə əsasən,  reklamın ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz. Həmçinin, həmin qanunun 13.2-ci maddəsində qeyd edilib ki, sponsor reklamı şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanan reklamdır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu, qaçan sətirlə göstərilməklə, vizual yaxud audio vasitələrlə təqdim oluna bilər. Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır.

Qanunvericilikdə bu cür müddəaların əks olunmasına baxmayaraq Azərbaycan telekanallarının əksəriyyəti tələblərə əməl etmir. Bəzən bir veriliş daxilində, həmçinin, proqramlararası fasilələrdə reklam blokunun müddəti çox uzanır.

Televiziyaların reklam blokunun müddətini uzatmasının səbəbi nədir? Eyni zamanda reklamalara necə nəzarət olunur?

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Modern.az-a bu haqda açıqlama verib:

“Qanunda reklamlarla bağlı məhdudiyyət bir saatda 12 dəqiqədir. Sponsorluqla bağlı da tələblər var. Lakin kanallar saatlar üzrə reklamı bölüşdürə bilmirlər. Onlar reklamları əsasən “prime time” saatlarına yerləşdirməyə çalışırlar. Təbii, reklamları  əldən çıxarmaq istəmirlər. Belə olan halda isə gərginlik  yaranır. Əlbəttə, bir saatda 12 dəqiqədən çox reklamların verilməsi qanuna uyğun gəlmir. Amma biz ümumilikdə kanallara bəzi  güzəştlər edirik. Kanalların bəzən maddi vəziyyəti yaxşı olmur, bu baxımdan onlar müəyyən izahatlar verirlər və biz onları anlamağa çalışırıq”.

T.Dadaşov qeyd edib ki, hazırda reklam müddəti ilə bağlı müəyyən kənaraçıxmalar müşahidə edilir:

“Bunu görür və müşahidə edirik. Hələ ki müəyyən səbəblərdən məsələyə tolerant yanaşırıq. Əslində bu məsələlər sponsor reklamı ilə adi reklam blokunun qarışığına görə yaranır. Lakin bu kimi hallar kütləvi hal alarsa, təbii olaraq  məsələyə müdaxilə ediləcək”.

Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev düşünür ki, məsələ Milli Məclisdə ciddi müzakirə edilməlidir:

“Televiziyada gedən reklamlar adamı yorur. Tutaq ki, bir filmə və ya verilişə baxırsan,  reklam fasiləsinin müddəti o qədər uzun olur ki, artıq fikrin də dağılır. Azərbaycanda “Reklam TV” deyilən bir kanal yaradılmalı və bütün reklamlar orada yayımlanmalıdır. Televiziyalardakı reklamların müddətinə ciddi nəzarət edilməlidir. Bu baxımdan məsələ qanunvericiliklə həll edilə bilər. Əslində bütün bunlar maliyyə problemindən irəli gələn məsələlərdir. Televiziyalar qazanc əldə etmək üçün  reklam müddətini artırır. MTRŞ bu işə ciddi nəzarət etməlidir”.

H.Ataşikiyev bildirib ki, problem işıqlandırılsa da, televiziyalar hər hansı reaksiya vermir:

“Televiziyalar indi o qədər bayağı, boş şeylərə pul xərcləyir ki… Bu baxımdan maliyyə problemlərinin olması da normaldır. Ümumiyyətlə, bu problemin həlli bir-iki adamın işi deyil. Məsələ Milli Məclisdə müzakirə edilməli və qərar verilməlidir”.


Media eksperti  Zeynal Məmmədli
  deyib ki, bu cür pozuntuları izləmək birbaşa Milli Televiziya və Radio Şurasının borcudur:

“Bu, əslində media hüququ problemidir. Söhbət yalnız qanunla reklama ayrılmış müddətin keçilməsindən getmir. Həmçinin gizli reklam əlamətlərini də nəzərə almaq lazımdır. Çox təəssüf ki, MTRŞ buna münasibət bildirmir və sanki görmür.

Eyni zamanda, sponsorla reklam verən bir-birilə qarışdırılır. Onların fərqini görə bilmirik. Televiziyalar hazırda sponsorları reklam edir. Halbuki, sponsor ictimai maraqları nəzərə alıb, təmənnasız bunu edən hüquqi şəxs yaxud fərddir. Məsələnin bu tərəfi daha ciddi diqqət hədəfində saxlanılmalıdır. Çünki müddət problemini həll etmək çox asandır.

Digər tərəfdən, MTRŞ-nın maliyyə problemləri ilə əlaqədar kanallara güzəşt etmək ixtiyarı yoxdur. Onlar faktiki olaraq parlamentin hüququnu mənimsəyirlər. Bu sadəcə biabırçılıqdır”.

Paylaş:
Загрузка...