CƏMİYYƏT

Vəkil Fədayə Laçının «Qoca» ilə yayılan görüntülərindən DANIŞDI

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı istintaqın gedişi ilə bağlı məlumat verib.

Panorama.Az xəbər verir ki, publika.az-a danışan vəkil Fədayə Laçının səhhətinin yaxşı olmadığını deyib:

“Səhhəti əvvəlki kimi deyil. Bu həftə sonu ya zaminliklə, ya da ev dustaqlığına çıxarılması ilə bağlı müraciət edəcəyik. Yaradılan şərait normal olsa da, biz bundan razı deyilik. Onun həbsxanada qalmasına lüzum yoxdur, ev şəraitində müalicə almalıdır. Fədayə xanımın istintaqa nə təzyiq göstərmək imkanı, nə də fikri var. Heç vaxt da istintaqdan yayınmayıb. Cəmiyyət üçün də təhlükəli bir insan deyil ki, azadlıqda qalanda kimisə assın, kəssin, vursun”.

Vəkil «Qoca»nın qatardan deyil, Penitensiar Xidmətin işçilərinin yardımı ilə minik avtomobilindən qaçması iddiasına isə belə cavab verib:

«Bununla bağlı yalnız mətbuatdan eşitmişəm. Elə bir şey olsa, bu, bizə xeyirdir. Çünki Fədayə xanımı qatardan qaçırılma məsələsində günahlandırırlar. Bu iddialar öz təsdiqini tapsa, avtomatik olaraq Fədayə xanımın günahsız olması da sübut olunur. İstənilən halda Fədayə Laçın nə qaçırılan gün, nə ondan öncəki və sonrakı günlərdə Qoca ilə telefon və şəxsi əlaqə saxlayıb. Onun qaçmasını da mətbuatdan eşidib. İnternetdə yayılan görüntülər isə «Qoca» azadlıqda olarkən çəkilən görüntülərdir. Bu da Azərbaycan vətəndaşıdır da, kiminləsə görüşə, çay içə bilər. Dedilər ki, qaçandan sonra meşədə filan görüşüblər, bunlar hamısı cəfəngiyyatdır. Həmin videoların nə vaxt yayılması ilə bağlı isə məlumatımız yoxdur. Bu, ağır cinayət sayılmır. Əgər günahı təsdiqlənərsə, 2 ildən 6 ilədək həbs gözlənilir».

Paylaş:
Загрузка...