CƏMİYYƏT

“Xankəndində qədər gedəcəyik…” — Aprel Şəhidimizin son səs yazısı…- VİDEO

Aprel döyüşlərimizdə Şəhid olan hərbçilərimizdən biri də Sillahlı Qüvvələrimizin zabiti kapitan Bayramov Vaqif Dilqəm oğludur.
Şəhidimizin qardaşı Ədalət Bayramov Moderator.az-a açıqlamasında bildirib ki, Vaqif hələ uşaq olarkən velosiped almaq üçün yığıdığı pulu Silahlı Qüvvələrimizin Müdafiə Fonduna köçürüb.
“Vaqif uşaqlığdan çox vətənpərvər bir uşaq idi. Ailədə bir bacı və dörd qardaşıq. Vaqif ailənin kiçik övladıdır. Topladığı 3000 rubl pul, 200 klo meyvə, 110 ədəd siqaret və bir yun köynəyi cəbhədə olan əsgərlərimizə aparmışdı. On üç yaşı olanda velosiped almaq üçün yığdığı 200 manatı Silahlı Qüvvələrimizin Müdafiə Fonduna köçürmüşdü. On iki yaşında artıq qərara gəlmişdi ki, zabit olacaq”.
Şəhidimizin qardaşı deyib ki, bir qardaşları da Qarabağ müharibəsində Şəhid olub:
“Qarabağ döyüşləri zamanı qardaşım Mehman Bayramov 1992-ci il iyunun 31-də Şəhid oldu. Bundan sonra Vaqif dedi ki, nə olur-olsun, qardaşımın qisasın almalıyam. 1979-ci il dekabrın 25-də anadan olub. 1986-cı ildə İmaməddin Nəsimi adına 1 saylı orta məktəbə daxil olub. 1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olundu. 1997-ci ildə liseyi bitirdikdən sonra Bakı Ali Komandanlıq məktəbinə daxil olub. 2001-ci ildə Silahlı Qüvvələrimizin Təlim və Tədris Mərkəzinə daxil oldu. 2002-ci ildə Silahlı Qüvvələrimizin zabiti kimi Lənkəran şəhərində xidmətə başlayıb. Sonra isə Naftalanda xidmətə başladı. 2007-ci ildə isə ailə həyatı qurub. İki qızı və bir oğlu var”.
Şəhidimizin qardaşı qeyd edib ki, Vaqif və döyüş yoldaşları son nəfəslərinə qədər döyüşüblər:
“Aprel döyüşləri zamanı Talış istiqamətində döyüşürdü. Telefonla danışırdıq. Deyirdi narahat olmayın tez bir zamanda torpaqlarımızı azad edəcəyik. Aprelin 5-də ermənilərdən aldıqları posta 200-dən çox erməni canlı qüvvəsi hücum edib. Son nəfəslərinə qədər döyüşüb postdan çıxmayıblar. Həmin vaxtı Şəhid olan hərbçilərimizdən biri də Vaqif oldu. Meyiti neytral ərazidə qalmışdı. Aprelin 10-da hərbçilərimiz onu götürdülər. Apelin 11-də isə Naftalan şəhərində böyük izdihamla dəfn edildi. Ölümündən sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edildi”.
 “O, elə bil hərbi üçün doğulmuşdu. Hər şeyi gözə almışdı. Bilirdi ki, bu yolda onun başına hər iş gələ bilər. Sözsüz bizim üçün çətindir. Bir evdən iki qardaş Şəhid olub. Valideynlərim də, biz də əziyyət çəkirik. Amma Vaqif fəxr ediləsi qardaşdır. Mən şəxsən öz qardaşlarımla fəxr edirəm”.
Şəhid Vaqif Bayramovun səs yazısı var. Dostlarına telefonda deyir ki: “Əgər müharibəni dayandırmasalar, Xankəndinə qədər gedəcəyik”. Şəhidimizin son səs yazısını təqdim edirik.

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!

Paylaş:
Загрузка...