CƏMİYYƏT

Xoşqədəmin “sponsur”u və “Space”in “dəyiq” xəbərləri — Azərbaycan dilinin başına gələnlər

Milli Televiziya və Radio Şurası bu ilin iyun-iyul aylarında teleradio proqramlarının monitorinqinin nəticələrini açıqlayıb.

Virtualaz.org xəbər verir ki, “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində AZTV-dən başqa 6 ümümrespublika televiziya yayımçısında – İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV-də yayımlanan verilişlərin dili monitorinqə cəlb olunub.

Aparılan monitorinq nəticəsində bütün telekanalların ədəbi dil normalarını dilin bütün səviyyələri üzrə – istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozduğu ortaya çıxıb. Monitorinq nəticəsində qeydə alınmış 850 faktdan 371 fonetik, 175 leksik, 200 qrammatik, 104 üslubi səviyyədə norma pozulmasının göstəricisidir.

Monitorinq zamanı müəyyən olunub ki, “Space” telekanalının xəbər aparıcıları adətən dilimizdəki sözləri düzgün tələffüz edə bilmirlər. Məsələn, xəbər aparıcısı Elvin Basqallı “dəqiq” sözünü “dəyiq”, “müasir” sözünü “mə:sir” kimi tələffüz edir.

Bu telekanalda “Yerimdəyəm” və “Hər səhər” qeyri-xəbər proqramlarında da dil normalarının pozulması hallarına tez-tez rast gəlindiyi məlumatda yer alıb.

“Lider” telekanalında yayımlanan “Səda” xəbər proqramında ən çox səhv edən aparıcılar Leyla Mehdiqızı və Şəbnəm Hümbətovadır. Bundan başqa, “Mətbəx TV”, “Həyat Tərzi”, “Tezdən oyan” kimi qeyri-xəbər proqramlarında da səhvlər aşkarlanıb.

ATV telekanalında ən çox dilin fonetik norması pozulur. Bu kanalın aparıcılarının dilində vurğu ilə bağlı yalnız bir pozuntu qeydə alınıb. Xəbər aparıcısı Aytən Səfərova “Xankəndi´” sözünü “Xankə´ndi” kimi tələffüz edib.

Dilində qayda pozuntuları aşkarlanan aparıcılar arasında xeyli tanınmışların — Nanə Ağamalıyeva, Zaur Baxşəliyev, Hüsniyyə Məhərrəmova, Kamilə Babayeva və digərlərinin də adları var.

İTV-də xəbər aparıcılarından Nigar Sabirqızı, Rəşad Mehdili, Tural Dadaşov və digərlərinin dilimizin fonetik normalarını pozduğu məlum olub. Bu telekanalda qayda pozuntuları daha çox qeyri-xəbər proqramlarında aşkar edilib.

“Xəzər TV”də Aqşin Kamal, Günel Qədimova, Azər Teymurlu, Rüstəm İbadov və digərlərinin dilin normalarını pozduğu müəyyənləşib. Bu telekanalda “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının “sponsor” sözünü “sponsor”, “deyil” sözünü “döyül”, “niyə`” sözünü “ni`yə” kimi tələffüz etdiyi məlum olub.

Bu telekanalda monitorinq zamanı tanınmış aparıcılardan Zaur Kamal, Rahib Azəri və digərlərinin də xeyli səhvlərə yol verdiyi müəyyənləşib.

ARB TV-də Səlminə Ələkbərli və Zülfiyyə Telmanqızı kimi xəbər aparıcılarının dilin normalarını pozduqları məlum olub.

Monitorinqlər zamanı həmçinin telekanallarda yayımlanan reklamların dilində də normaların pozulması aşkarlanıb.

Paylaş:
Загрузка...