CƏMİYYƏT

Yezidi kişisinin son naləsi — KÖŞƏ

Orxan Aslanlı
«Qadın elə bir mələkdir ki, uşaq ikən bizi qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir” —
Avreli Avqustin
Qadınlar haqqında bu cür düşüncələrin, fikirlərin, söyləntilərin, həqiqətlərin olmasına baxmayaraq söhbəti açacağım mövzu daim onları əzməyə çalışan, dəyərini və qiymətini anlamayanların mövcudluğu haqqındadır.
İŞİD — yarandığı gündən törətdiyi vəhşilikləri, qəddarlıqları və amansızlıqları ilə yaddaşlarda silinməz iz qoyub. İŞİD haqda çox şey demək olar: dünyanı ən çox qorxuya salan terror qrupu, insanları ancaq öz qanunlarına tabe etməyə, onları ən acımasız üsullarla məhv etməyə çalışan yalançı, qondarma dövlət və s. Amma İŞİD-in qadınlara qarşı münasibəti digər vəhşilikləri ilə heç cürə müqayisə olunmazdır. Qadın İŞİD gözündə bir heçə, yoxluğa bərabərdir.
Qadın haqqında müqəddəs fikirlərin deyilməsinə baxmayaraq (Məhəmməd peyğəmbər (s): «Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür». «Cənnət Anaların ayaqları altındadır”)  özlərini müsəlman adlandıran İŞİD terrorçuları nə üçün ən çox qadınlara zülm edir, onlarla istədikləri kimi davranırlar?
İŞİD terror qruplaşması hücum etdikləri, partlayış törətdikləri bölgələrdə insanları öldürdükdən sonra talançılığa, qarətə başlayırlar. Təəssüf ki, onların ələ keçirdikləri ən böyük qənimətləri canlı varlıqlar – qadınlar olur. Buna misal olaraq, 2014-cü ilin avqust ayının 3-də İŞİD-in Mosulun Şenqal(İraq dövləti) ərazisinə geniş miqyaslı hücumu və bu hücum nəticəsində 5 minə yaxın yezidinin öldürülməsi, 4 min yezidi qadının isə əsir götürülməsini deyə bilərik.
Yezidilərə bu vaxta qədər hücumlar çox olub və İŞİD-in bu hücumunu onlar «74-cü soyqırım” adlandırırlar. Artıq bu cür vəhşiliklərdən bezib qorxu altında yaşamağa məruz qalan yezidilər bütün dünyaya sual edir: Dünya niyə qızlarımızı xilas etmir?
Bu, bir yezidi kişisinin xahişi, tələbi deyil, bu, bir əlacsız qalan atanın, boğazına bıçaq dirənmiş qardaşın öz ana-bacısının xilas edilməsindən ötrü çəkdiyi son nalədir.
Tarix boyu güclü insanları – şahları, sərkərdələri, igidləri, qəhrəmanları mənən yaralamaq, fiziki yoxluğundan əvvəl ruhi heçliyə endirmək üçün onların qadınlarına, ana-bacılarına toxunulub, namuslarına ləkə atmağa çalışılıb. Bu faktlara dünyanın hər bir ölkəsinin tarixində rast gəlmək mümkündür.
Amma İŞİD qədər qadınlara, qızlara vəhşi münasibət bəsləyən ikinci bir terror qruplaşması, insanlığın düşməni hələ kimi nə tanınıb, nə də meydana gəlib. Dünya bir ovuc İŞİD döyüşçüsü ilə doğrudanmı, bacara bilmir? Bunu sadə bir misal ilə izah etməyə çalışacam: Təsəvvür edin, bir nəfər gözünüzün qarşısında suda boğulur və siz də kömək edə biləcəyiniz halda ona yardım əlinizi uzatmırsınız. Yezidi qadın və qızları bu gün bu durumdadırlar. Dünya çox asanlıqla onlara əl uzada bilər, amma eləmir, eləmək istəmir.
Budur, haqq axtarmağa çalışdığımız, haqsız olanın hər zaman yanında olacağımıza dair söz verdiyimiz, bu həyatda bəlkə də hamıdan, hər şeydən çox haqqın öz yerini tutmasını istədiyimiz, amma yenə də haqsız, haqsız, haqsız dünyamız…
Paylaş:
Загрузка...