İDMAN

DÇ-2017: Cüdoçumuz gümüş medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib.

Apasport.az saytının məlumatına görə, idmançılarımız mundialın ilk günündə yığmamızın medal hesabını açıb.  Millimizin 60 kq çəki dərəcəsindəki lideri Orxan Səfərov mundiala 1/16 finaldan başlayıb. O, öncə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. Həmyerlimizə qələbə üçün 49 saniyə kifayət edib.

1/8 finalda portuqaliyalı Qonsalo Mansinyo ilə görüşən Orxan rəqibini 30 saniyəyə məğlub edib. Yarımfinala vəsiqə uğrunda döyüşdə 26 yaşlı Səfərov Eldost Smetovla (Qazaxıstan) üz-üzə gəlib. Olimpiya Oyunlarının gümüş mükafatçısı da təmsilçimiz qarşısında aciz qalıb. Orxan bu dəfə də vaxtından əvvəl qələbə qazanıb və Rio-2016-nın yarımfinalındakı məğlubiyyətin revanşını alıb.

Dünya və Avropa çempionatlarının mükafatçısı olan təmsilçimiz yarımfinalda özbəkistanlı Diorbek Urozboyevlə qarşılaşıb. Cüdoçumuz bu dəfə də ipponla qələbə qazanıb. 2 dəqiqə 10 saniyəyə finala yüksələn təmsilçimiz yığmamızın ilk medalını təmin edib.

Orxanın həlledici qarşılaşmada rəqibi Naohişa Takato olub. Rio-2016-da bürünc uğrunda döyüşdə uduzduğu asiyalıdan revanş almağa çalışan Orxan bunun öhdəsindən gəlməyib. İpponla uduzan Səfərov mundialı gümüş mükafatla bitirib.

Paylaş:
Загрузка...