DÜNYA İDMAN

«Mançester Yunayted»in fevral faciəsi — Səfərdən dönməyən «Basbi körpələri»…

Əsrin ortalarında futbol tarixini kökündən sarsıdacaq bir faciə baş vermişdi. Bu, “Mançester Yunayted” gənclərinin faciəsi idi. Dərin futbol sevgisi olan hər bir insanın biganə qala bilməyəcəyi bir hadisə – Münhen faciəsi.

Panoraça.az Yenicag.az-a istinadən xəbər verir ki, II Dünya müharibəsindən sonra MY-in baş məşqçi vəzifəsinə bir zamanlar “Mançester Siti” və “Liverpul”un şərəfini futbolçu kimi qorumuş Mett Basbi gətirilir. O, komandanı qısa müddətdə gənclərdən ibarət güclü bir kollektivə çevirməyi bacarır. Uzun zaman əsas kuboka həsrət qalan komandanı 1952-ci ildə (41 ildən sonra) çempion edə bilir. 1956-cı ildə də çempion olan komandada orta hədd 22 yaş idi. Bu gənc istedadlar yavaş-yavaş bütün rəqiblərin kabusuna çevrilirdi. Media tərəfindən “Basbinin körpələri” adlanan bu gənclər, digər ingilis komandaları kimi İngiltərə futbol assosiasiyasının qanunlarına görə 1955-də start götürən Avropa Çempionlar Kubokuna (indiki ÇL) qatıla bilməmişdilər. Amma ertəsi il bu çempionata qatılan ilk ingilis təmsilçisi kimi də tarixə düşürlər. Həmin mövsüm yarımfinalda Madridin “Real” səddini keçə bilməyən komanda artıq özündən söz etdirməyə başlamışdı. Növbəti mövsüm də uğurla çıxış edən MY “Şemrok Rovers” və “Dukla Praqa”nı bütün matçlarda yenərək, ÇK-nın 1/4 finalına vəsiqə qazanmışdılar. Bu mərhələdə isə rəqib Yuqoslaviya təmsilçisi “Srvena Zvezda” idi. İlk matç (14 yanvar) “Old Trafford”da keçirilir və “Yunayted” 2-1 qalib gəlir. Cavab matçında (5 fevral) isə “qırmızı şeytanlar” Belqrad səfərindən 3-3 bərabərliklə ayrılır və yarımfinala vəsiqə qazanır.

6 fevral 1958-ci il. Şənbə günü liqada oyun olduğuna görə komanda məşqlərə başlamaq üçün vətənə tez qayıtmalı idi. Qayıtmaq üçün isə “Airspeed Ambassador G-ALZU” təyyarəsi təyin olunmuşdu. Bu, Britaniya Hava Yollarına məxsus 609 saylı təyyarə idi. Təyyarə 1952-ci ildə istifadəyə verilmişdi və həmin tarixdən etibarən 86 min uçuş həyata keçirərək, 2,340,000 sərnişin daşımışdı. Və bu uçuşların heç birində təyyarədə azacıq da olsa, qəza halı yaşanmamışdı. Təyyarə Belqraddan 1 saat gecikmə ilə qalxır. Çünki futbolçulardan Conni Beri pasportunu itirmişdi. Onun hətta təyyarədən qorxduğunu deyənlər də var. Nə isə ki, pasport tapılır və təyyarə Belqraddan ayrılır. Qarşıda hansı faciənin yaşanacağını bilsəydi, heç o təyyarəyə minməzdi…

Məsafə çox uzaq olduğu üçün dövrün təyyarəsi Belqrad-Mançester uçuşunu birbaşa yerinə yetirə bilməzdi: yanacaq doldurmaq üçün yolüstü Münhen hava limanına enmək lazım idi. Eniş uğurlu olur. Yanacaq vurulur və təyyarə yoluna davam etmək üçün hazır vəziyyətə gətirilir. Qar, şaxtalı hava şəraiti və donmuş uçuş zolağı… Pilot Ceyms Teyn sükan arxasına keçir. Amma təyyarə havaya qalxa bilmir: hava şaxtalı olduğu üçün motorlarda qüsurlar yaranmışdı. Təyyarənin qanadlarında donma ehtimalının yoxlanılmaması isə sonralar uçuşun səhvi sayılacaqdı. Pilot daha bir cəhd edir və bu dəfə də “G-ALZU” qalxmır ki, qalxmır. Hava limanında pilota bu gün uçuşun uyğunsuz olduğunu deyirlər. “Atalar üçdən deyib”, Teyn daha bir uçuş cəhdi edir. Bu zamana qədər təyyarədə olan futbolçular kim bilir, nədən danışırdılar. Yarımfinal sevinci, çempionluq ümidləri, liqada növbəti matç haqqında… hə, bir də axı gənc idilər, qızlardan da danışa bilər, zarafatlaşardılar…

Pilot 3-cü dəfə cəhd edir. Saatlar 15:04-ü göstərir, bir az yuxarı qalxan təyyarə öncə hava limanını əhatə edən maneələrə, sonra isə yaxınlıqdakı sahibsiz bir evə çırpılıb, sürətlə yerə dəyir. Həmin an təyyarədə 43 nəfər vardı. Onlardan – ÇK yarımfinalına vəsiqə qazanan komandanın əsas oyunçularından 7 nəfəri elə qəza yerindəcə həlak olur. Gənc istedadlar: Cef Bent, Rocer Brayn, Eddi Kolman, Mark Cons, Devid Peqq, Tommi Teylor və Liam Uilan bu bədbəxt yeddiliyin üzvləri idilər. Qəzadan ayaq və qabırğaları sınaraq sağ çıxan, MY tarixinin ən yaxşı oyunçuları sırasında 4-cü göstərilən Dankan Edvards isə 15 gün sonra Münhen xəstəxanasında böyrək çatışmazlığından həyata, futbol dünyasına gözlərini əbədi yumacaqdı. Son dəqiqələrində yanındakılara dediyi həyat dolu sözlər isə belə idi: “Canavarlar”la oyun nə vaxtdır? O matçı qaçıra bilmərəm”.

“Vulverhempton”la oyunu nəzərdə tuturdu. Bəlkə də buna görə digər yoldaşlarından fərqli olaraq, ölümü 15 gün özünə yaxınlaşdırmamışdı universal futbolçu.

O ağır qəzada 23 nəfər dünyasını dəyişdi. Ölənlər arasında təkcə futbolçular deyil, klubun 2 məşqçisi, 1 azarkeş və sadə sərnişinlərlə yanaşı çoxlu sayda ingilis idman jurnalistləri də vardı. “Basbinin körpələr”indən Coni Berri və Ceki Blenkflover sağ qala bilsələr də, ağır zədələrə görə futbolla erkən vidalaşırlar. Digərləri isə dostlarının ölməsi, özlərinin isə sağ qalmasına görə ömür boyu psixoloji bir günahkarlıq hissi ilə yaşadılar. Mett Basbi qəzadan sağ çıxa bilsə də, yaralı olduğuna görə uzun müddət xəstəxanada qalmalı oldu. Bu müddət ərzində onun 2 dəfə ölüm xəbəri yayıldı.

Həmin gün bir də əfsanəvi qapıçı Herri Qreq var idi. Qəza anlarını öz dilindən oxuyaq:

“Təyyarənin qalxdığını və bir evlə ağacı keçdiyimizi xatırlayıram. Daha sonra birdən hər şey qaraldı. Təyyarənin parçalandığını və ətrafa dağıldığını gördüm. Başımı harasa çırpmışdım, təyyarə yana doğru əyildi və daha sonra burnu üstə yerə dikildi. Özümə gəldiyimdə hələ həyatdaydım. Kəmərimi açdım və parçalanmış təyyarədən çıxdım. O anda pilotu gördüm. Mənə “axmaq, tez qaçın, təyyarə partlayacaq” deyə, qışqırdı. Tam qaçmağa çalışırdım ki, birdən qulağıma ağlayan uşaq səsi gəldi. Təcili yardım işçilərinə bir uşaq səsi gəldiyini dedim, amma kimsə kömək etmədi. Özüm yanan təyyarəyə geri döndüm və balaca bir qız uşağını ordan çıxartdım. Sonra anasını da sıxışmış olduğu oturacaqdan qaldırıb, tez bayıra apardım. Təyyarənin arxa tərəfinə qaçdım və Çarlton ilə Denis Vyoleni hərəkətsiz halda gördüm. Onları ölü sandım. Quyruq tərəfə baxdığımda isə alovların arasında Basbini gördüm. Ayaqları sıxılmışdı, hərəkət edə bilmirdi. Tibb işçilərini çağırıb, Bobbi və Denisin yanına getdim. Ölməsinlər deyə, Tanrıya nə qədər dua etdiyimi xatırlayıram. Yerdə hərəkətsiz qalan Rocer Braynın gözlərini örtmədiyim üçünsə heç vaxt özümü bağışlamayacam”.

Faciənin əsas günahkarı isə yəqin ki, o zamanlar İngiltərə Futbol liqasının baş katibi olan Alan Hardaker idi. Belə ki, 1957-ci ildə “Çelsi”nin ÇK-ya qatılmasına imkan verməmişdi. Növbəti il də MY-ni avrokubokdan kənar saxlamaq istəsə də buna nail ola bilməmişdi. Mett Basbi ondan “Srvena Zvezda” ilə oyundan sonra “Vulverhempton”la qarşılaşmanı təxirə salmağı xahiş etmişdi. Vəziyyətdən istifadə edən Hardaker isə təqvimdə heç bir dəyişiklik etməyəcəyini deyir.

Həmin gün Mançester sükuta qərq olur. Hər oyun gənc “şeytanlar”ı izləmək üçün “Old Trafford”a toplaşan minlərlə azarkeş həmin gün də stadionun qarşısında idi. Amma bu dəfə səbəb fərqli idi. Sükut, kədər, sual, çaşqınlıq… Şəhər qaraya bürünmüşdü.

Yarımfinala vəsiqə qazanan MY “Milan”la qarşılaşmalı idi. “Xəyalların Teatrı”nda “şeytanlar” rəqibini 2-1 məğlub etsə də, “San Siro”dan 4-0 məğlub ayrılaraq mübarizədən kənarda qalır. Əslində, elə də təəccüblü bir şey yoxdur. Belə bir şey təsəvvür edin, indiki “Barselona” ÇL yarımfinalına vəsiqə qazanır və matça Messi, Suares, İnyesta, Pikedən yoxsul çıxır. Necə olar?

Həmin mövsüm çempion “Real Madrid” olur. Basbinin dostu – Santiaqo Bernabeunun (klubun prezidenti) isə “Yunayted” üçün etdiklərini sadalasam, qazandıqları kuboku “Mançester Yunayted”ə təklif etdi, qarşı tərəfdən alicənablıqla imtina edilən bu təklifdən sonra o, Alfredo di Stefanonu, maaşının ödənilməsini də öz üzərinə götürmək şərti ilə “Yunayted”ə təklif etdi, bu da alınmayandan sonra Bernabeu “Champions of honour (Şərəf çempionları)” adlı heykəl düzəltdirib, Mançesterə yollamışdı. Əlavə olaraq, Mançesterdən olan əlil və yoxsullara İspaniyada pulsuz müalicə və xidmət göstərilməsini təmin etmişdi.

Mett Basbinin yoxluğunda komandanı yardımçı məşqçi Cimmi Mörfi çalışdırır. O, dağılmış komandanın gənclərindən ibarət yeni komanda qurur. O dönəmin futbol mütəxəssisləri artıq “Mançester Yunayted” adlı bir klubun yaşayacağına inanmırlar və klubun ləğv olunacağını düşünürdülər. Yenidən həyata qayıdan komanda isə ilk matçında “Şeffild Uednesdey”i 3-0 məğlub edir. Liqada çox yaxşı olmasa da, kubok finalına qədər irəliləyə bilən MY sonda “Bolton”a 2-0 məğlub olmuşdu. Amma ölkə superkubokunu qazana bilmişdi zədəli komanda.

Bir müddət sonra Mett Basbi sağalıb ayağa qalxır və “Yunayted”i yenidən qurmağa başlayır. Faciədən 10 il sonra Avropanın ən güclüsü olmağı bacaran komandanın heyətində, qəzadan sağ çıxmış Bobbi Çarlton və Bill Foulks da var idi…

Paylaş:
Загрузка...