DÜNYA

Ağaclardan həyat və xoşbəxtlik haqqında nə öyrənə bilərik?

Ağaclar həyat xilas edə bilər, sizi xoşbəxt və mənəvi cəhətdən güclü edə bilərlər.

«Ağaclar sığınacaqlardır,» Alman şair və filosofu Herman Hesse yazırdı.

«Ağacları dinləməyi öyrəndiyimiz an… onlar evimizə çevrilirlər. Bu xoşbəxtlikdir.»

Ağaclar: İnikaslar və Şeirlər adlı kitabında Hesse, ağacların fəlsəfi yönlərini, onların həqiqət, gözəllik, ev, mənsubluq və xoşbəxtlik kimi vacib anlayışlar üçün açar rolu oynadığını göstərib.

Ağac qucaqlayan (tree hugger) ifadəsi uzun illər istehza məqsədi ilə istifadə olunsa da, görünür ki, Hesse-nin bildiyi bir şey var imiş.

İngiltərənin Suffolk əyalətində yaşayan qrafiker (xüsusi hazırlanmış əşyalarda şəkil çəkən, qrafikaçı) və illüstrator Clare Curtis ağaclar və meşələrdən ilhamlanan müasir rəssamlardan biridir
Fotonun müəllifi: CLARE CURTİS
İngiltərənin Suffolk əyalətində yaşayan qrafiker (xüsusi hazırlanmış əşyalarda şəkil çəkən, qrafikaçı) və illüstrator Clare Curtis ağaclar və meşələrdən ilhamlanan müasir rəssamlardan biridir

Ağac sevgisi isə getdikcə məşhurlaşır və sosial mediada da geniş yer alır. #Treesofinstagram (Instagram ağacları) və #lovetrees (Ağacları Sevirəm) hashtagləri sürətlə yayılır.

Və yaponca ‘meşə atmosferinə daxil olma’ və ya’ meşə vannası’ mənası verən Shinrin-yoku ifadəsi də sağlamlıq və sağalma kimi qəbul olunur.

Son illərdə ağaclar ədəbiyyatda da geniş yer almağa başlayıb.

Peter Wohlleben-in Ağacların Gizli Həyatı (The Hidden Life of Trees), Will Ashon-un Qəribə Labirint (Strange Labyrinth), Fiona Stafford-un Ağacların Uzun, Uzun Ömrü (The Long, Long Life of Trees) və Jean Giono-un Ağacları Əkən Kişi (The Man Who Planted Trees) adlı əsərləri bunlardan bir neçəsidir.

Bəs bu yeni sevdanın səbəbi nədir? Niyə rəssam və yazıçılar üçün ağac mövzusu belə cəlbedici olub? Ağaclar bizə nə öyrədə bilər? Həqiqətənmi ağaclar bizi xoşbəxt və rahat edə bilərlər?

Əlbəttə ki, ağaclar ədəbiyyat üçün yeni mövzu deyil. Hesse, ağaclar və meşələrdən ilhamlanan saysız yazıçı, şair, rəssam və filosoflardan biridir.

Başqa misal üçün 19-cu əsr ingilis şairi John Clare-in adını çəkmək olar. O, yerli ləhcə ilə yazarmış və Yıxılmış Qarağac (The Fallen Elm) adlı şeiri sənayeləşmənin özü ilə gətirdiyi itki və qazancları əks etdirir.

Wiilliam Worddsworth-ün Bir Aprel Səhəri idi (It was an April Morning) şeiri isə yazda ağacların gözəlliyindən bəhs edir.

Alman rəssam Anselm Kiefer tez-tez rəsmlərində qadağan olunmuş meşə və ağacları təcəssüm etdirir, 1973-cü ildə çəkdiyi Resurrexit əsəri kimi
Fotonun müəllifi: PETER HOREE/ALAMY
Alman rəssam Anselm Kiefer tez-tez rəsmlərində qadağan olunmuş meşə və ağacları təcəssüm etdirir, 1973-cü ildə çəkdiyi Resurrexit əsəri kimi

Ağac mövzulu kitablar son zamanlar antologiyada da öz əksini tapır.

Ağacda yaşayan: Yeni Meşə Yazıları Kolleksiyası (Arboreal: A Collection of New Woodland Writing) əsərində ağaclar və meşələrin ədəbiyyat, tarix, mifologiya və xalq mədəniyyətinə təsiri araşdırılır.

Burada heykəltəraşlar, rəssamlar, akademiklər, eləcə də yazıçıların ağaclar və meşələrlə bağlılığı və ya onlara marağından doğan esselər toplanılıb.

Kitabda şair Zaffar Kunnial, yazıçılar Tobias Jones, Helen Dunmore, Əli Smith, Germaine Greer, Richard Mabey və daha çoxlarının əsərləri yer alır.

Arboreal-dakı müəlliflərdən biri olan (həmçinin Ağacların Uzun, Uzun Ömrü kitabın müəllifi) Fiona Stafford deyir ki, ağaclara ədəbi maraq, ətraf mühitə qarşı baş qaldıran narahatlıqdan qaynaqlanır.

«Ağaclar haqqında yaranan yeni yazılar, həm də çox qədim ədəbi ənənələrin bir hissəsidir,» O BBC Culture-a deyib.

«Ağaclar bizi ucqar bir dünyaya aparır, eyni zamanda müasir məzmuna uyğun formada yeni şəkildə qarşımıza çıxır.»

Fotonun müəllifi: ALAMY
«Hockney, enerji dolu, parlaq və gözlənilməyən rənglərlə adi ağaclara can verir,» yazıçı Fiona Stafford, Woldgate-in Kəsilən Ağacları haqqında deyir

Uşaqlıqdan bəri Stafford ağacları sevib. «Ağaclar sanki, özlərində fərqli dünya yaradırlar. Təkcə vəhşi təbiəti ilə yox, gündəlik iş həyatı üçün mümkün olmayan şeyləri mümkün göstərən yaradıcı havası ilə.»

O, «həyat dolu və üzərindəki həyata da qucaq açan bu böyük tanış obyekt insanı «rahatladan nə isə var» deyir. Stafford klassik uşaq ədəbiyyatı inciləri Robin Hood və Söyüdlükdə Külək əsərlərini misal gətirir.

«Və Frances Hardinge-in yeni mükafat qazanmış kitabı — Yalan Ağacı (The Lie Tree) da gələcəyin klassik əsəri hesab oluna bilər.»

Stafford həmçinin, vizual rəssamların mövzudan necə ilham aldıqları və onu əks etdirdikləri ilə maraqlanır.

Onun ən sevimli rəssamı: «David Hockney.»

«O, ağacları və meşələri elə ehtiras və intensivliklə çəkir ki, gözəl mənzərə tamamilə fərqli formada təsvir alır. O, hər ağacın xüsusiyyətini seçməyi bacarır və enerji dolu, parlaq və gözlənilməz rənglərlə adi ağaclara can verir.»

John Crome və Gustave Coubert palıd ağacının güc və ləyaqət simvolu kimi mifik statusunu üzə çıxarmağı bacarıblar.

Stafford meşənin qaranlıq tərəfini də tanıyır. Bu tərəfə daha çox «Avropa nağıllarında» rast gəlmək mümkündür.

Qrimm Qardaşlarından tutmuş Rusiyanın Baba Yaqa nağıllarına qədər.

«Qalın meşələrin qaranlığında gizlənən təhlükə qorxusunu, Qırmızıpapaq və ya Meşədəki Babalar??? kimi nağıllarda görə bilərik. Amma, qaranlıq ağacların daha dərin mənalı tərəfini görən dahilər də az olmayıb. Məsələn, Dante-nin Qaranlıq Meşə əsəri. Qaranlıq meşə, Sylvia Plath və Robert Graves-i də cəlb edib.»

Əlbəttə ki, vizual rəssamlar da — xüsusilə də Anselm Kiefer — mövzu kimi ağaclar və meşələrin tünd və qaranlıq tərəfinə müraciət ediblər.

Ağac qucaqlamaq 1730-cu illərdə Jodhpur yaxınlığında baş verən bir hadisədən qaynaqlanır. Qadınlar meşələrini qorumaq üçün ağacları qucaqlamış və həyatlarını itirmişlər
Fotonun müəllifi: ALAMY
Ağac qucaqlamaq 1730-cu illərdə Jodhpur yaxınlığında baş verən bir hadisədən qaynaqlanır. Qadınlar meşələrini qorumaq üçün ağacları qucaqlamış və həyatlarını itirmişlər

Bununla belə, ağaclar daha yeni əsərlərdə yaxşılıq mövzusu kimi üzə çıxır. Stafford ağacların bizi xoşbəxt etdiyinə inanırmı?

«Ağaclar bütün hisslərə təsir göstərir,» o deyir.

«Təravətli ətir, tərpənən yarpaqların və quşların səsi, qabığın forması — hamısı təsir edə bilər, ələlxüsus da böyük şəhərlərdə… Onlar bizi başqaları ilə birləşdirir, keçmişdəki, hazırkı və gələcəkdəki insanlarla. Əgər tam inkişafı 200 il çəkən bir ting əksəniz, gələcək və hələ doğulmamış nəsillər üçün hədiyyə qoymuş olarsınız. Bu çox gözəl bir hissdir.»

Birləşmiş Krallıqda təsis olunan Woodland Trust, bədənimiz, ağlımız və ruhumuzun daha yaxşı hiss etməsi yolu kimi ‘ağac vaxtı’ təşəbbüskarı olan bir qurumdur.

Qurum iddia edir ki, təbiətlə bütünləşmək bizim ruhumuzu sakitləşdirir və stresslə mübarizə aparmaqda yardımçı olur. Onlar, Common Ground ilə birlikdə mövsümi jurnal Leaf! (Yarpaq) çap edirlər.

Burada ağaclar haqqında incəsənət, şeir və hekayələr dərc olunur.

Onlar həmçinin, 1217-ci ildə Magna Carta əsasında yaranan Meşə Nizamnaməsinin (The Charter of the Forest) müasir versiyası üzərində işləyirlər.

Fotonun müəllifi: PETER ADAMS PHOTOGRAPHY LTD/ALAMY
«Ağaclar, yerlərin göylərdə yazdığı şeirlərdir,» livanlı-amerikalı şair Xəlil Gibran yazırdı

Nizamnamədə, donuzların otarılması və meşə yanğınları kimi məsələlər də daxil olmaqla insanların ölkədəki meşələrə münasibətdə hüquq və məsuliyyətləri əks olunurdu.

Ağaclar, Meşələr və İnsanlar Nizamnaməsi onun 21-ci əsrdəki ekvivalentidir və bu ilin noyabr ayında çap olunacaq.

Ağac vaxtı

«‘Ağac vaxtı’, stressdən əziyyət çəkən insanlar üçün böyük kömək ola bilər,» yazıçı Tobias Jones deyir. O, Arboreal müəlliflərindən biridir və mövzunun müzakirəsi ilə bağlı Hay Festivalında çıxış edib.

«Təbiət çatışmazlığı sindromu həqiqətdir və inanıram ki, meşə insanı sağalda biləcək ən gözəl mühitdir,» o söyləyir.

Jones Birləşmiş Krallıqda Windsor Hill Wood adlı cəmiyyət yaradıb. Cəmiyyət, Bir növ «böhran keçirən insanların sığınacağıdır». Bu onun sonuncu kitabı A Place of Refuge əsərində (Sığınacaq Yeri) mövzusudur.

Jones əvvəlki kitabı Utopian Dreams (Utopik Xəyallar) adlı kitabı üzərində işləyərkən, meşədə yaşamağın mənəvi sağlamlıq üçün xeyirli olduğunu görür. Müəllifə görə, ağaclar əsəb və narahatlığın dərmandır. Bunun bir səbəbi ‘meşə vannası’ olsa da, digər səbəbi də ola bilsin ki belədir: «Meşələr qorxulu, sakit və tükürpərdici ola bilir və meşədə insan qorxuları ilə üz-üzə qalır.»

Eləcə də o deyir ki, evi isitmək, mebel düzəltmək və başqa ehtiyacları qarşılamaq üçün meşədəki ağacları kəsmək, terapevtik və rahat gələ bilər. Yenidən böyüməsi üçün ağacları daban hündürlüyündə kəsməyin isə analoqu yoxdur.

«Ağacları yerə endirib, onlara başqa həyat vermək, insanların mənəvi sağlamlığı, davamlılıq hissi və həyatlarını yenidən qura bilməsi üçün bir nümunədir.»

Ağaclar həmişə emblem rolunu oynayıb
Fotonun müəllifi: HERİTAGE IMAGE PARTNERSHİP LTD/ALAMY)
Ağaclar həmişə emblem rolunu oynayıb

Arboreal-da şair Zaffar Kunial, uşaqlıqda Birmingham-da yerləşən evlərinin bağçasındakı sarı salxım ağacının onun üçün böyük məna kəsb etdiyini və nəsil hissi verdiyini yazır.

«O, ailədə mənim ağacım kimi bilinirdi,» o deyir.

«Valideynlərim iki fərqli qitədən olduğuna görə o, mənim üçün zaman, davamlılıq və köklü olmağı əks etdirirdi.»

O deyir ki, «meşələrin prizmatik keyfiyyətindən, ağacların işığı kəsərək kəskin formalı görünüş əmələ gətirməsindən həzz alır.

Livanlı-amerikalı şair Xəlil Gibran da mövzudan eyni dərəcədə ilham alır: «Ağaclar yerlərin göylərdə yazdığı şeirlərdir.»

‘Ağac qucaqlayan’ ifadəsi xəyalpərəst, əsl həyat hissini itirmiş kimi anlaşılırdı. Əslində isə real hadisəyə dayanır.

Ağac qucaqlamaq ideyası ilk dəfə Hindistanda 1730-cu illərdə yaranıb. Bir maharaca Jodhpur yaxınlığında yerləşən bir kənddə yeni saray tikmək qərarına gəlir.

Bura isə təbiətə sitayiş edən Bişnoi tayfasının evi imiş. Maharaca yer açmaq üçün qədim ağacların kəsilməsi əmri verir. Amita Devri və bişnoilərın başqa qadın üzvləri dinc etiraz kimi ağacları qucaqlayırlar.

Təəssüf ki, onlar qurbana çevrilirlər. Onlar ağac kəsənlər tərəfindən döyülür və deyilənlərə görə, maharaca müdaxilə edənə qədər 353 etirazçı balta ilə öldürülür.

Ağac qucaqlayan ifadəsi gördüyümüzdən daha çox məna daşıyır. Və bunu ağaclara da şamil etmək olar.

Yaxud metaforik ağac qucaqlayan Herman Hesse-nin yazdığı kimi: «Onların ən hündür başında dünya xışıldayır, onların kökü sonsuzluqda yatır; amma onlar özlərini burada itirmirlər, həyatlarının bütün gücü ilə nə uğrundasa mübarizə aparırlar: özlərini öz qaydalarına uyğun tamamlamaq, öz formalarını qurmaq, özlərini təmsil etmək üçün… Gözəl və güclü ağacdan daha mükəmməl nümunə ola bilməz.» //bbc.com/azeri

Paylaş:
Загрузка...