DÜNYA

Diktatorlar devrildikdən sonra hansı ölkələrə sürgün edilir? — FOTOLAR

Zimbabve prezidenti Robert Muqabe tanrı ona gəl deyənə qədər taxtında qalmaq niyyətində olduğunu söyləmişdi və 1979-cu ildən bəri hələ də hakimiyyətdədir.
«Qaynarinfo»nun BBC-yə istinadən məlumatına görə, 2008-ci il prezident seçkilərindən öncə çıxışında «Əgər xalq sizi rədd edirsə, gərək siyasətdən gedəsiniz» deyən 93 yaşlı Muqabenin səhhəti olduqca pisləşib. Növbəti il prezident seçkilərinə yenidən qatılacağı düşünülsə də, səhhətinə görə bu, reallaşmaya bilər.
Onun hakimiyyətdən getməsi isə 37 il taxtda olan diktator üçün o qədər də asan olmaya bilər. Maraqlıdır ki, Muqabe hakimiyyətdən gedərsə, özündən əvvəlki güclü liderlər kimi günəşli bir yerdəki villaların birində ahıl çağlarını yaşaya biləcəkmi?
Buna görə, taxtdan salınan diktatorların sonrakı həyatlarına nəzər salaq…

Hansı ölkələr diktatorlara qucaq açır?

Adətən devrilən diktatorlar toxunulmazlıq vədləri ilə xarici ölkələrə qaçırlar. Əslində diktatorların könüllü və ya məcburi şəkildə sürgünü bir tərəfdən onların həyatı üçün təhlükəni, digər bir tərəfdən isə ölkədəki daxili münaqişə və ya vətəndaş müharibəsini önləmək üçündür.
Afrikadakı müstəmləkəçilik tarixi səbəbindən sürgün yeri kimi ilk sırada Fransanın adı gəlir. Mərkəzi Afrika Respublikasının taxtdan salınan 2 lideri bu ölkəyə sürgün edilib. Həmçinin ruandalı lider Jyuvenal Habiarimana və ailəsi də sürgün həyatını Fransada keçirib.
Digərləri isə apardıqları siyasət baxımından özlərinə daha yaxın ölkələri seçiblər.
Şərqi Almaniyanın (ADR) son kommunist prezidenti, Sosialist Birlik Partiyasına 19 il boyunca rəhbərlik edən Erix Honekker əvvəlcə Moskvaya, Berlin divarı söküldükdən sonra isə Çiliyə gedib.
1986-cı ildə keçmiş Filippin lideri Ferdinand Markosun 20 il davam edən diktatorluğu paytaxt Manila küçələrində 4 gün ard-arda davam edən aksiya və mitinqlərdən sonra başa çatıb. Keçmiş müttəfiqi olan ABŞ prezidenti Ronald Reyqan ona hakimiyyətdən getməsi üçün çağırış etdikdən sonra Markos Havay adalarına qaçıb.
Səudiyyə Ərəbistanı da çox az dostu qalan diktatorlar üçün ən yaxşı sürgün yerlərindəndir. Uqandanın keçmiş lideri İdi Amin 2003-cü ildə dünyasını dəyişənə qədər bu ölkədə 24 ilini keçirmişdi. Bundan 8 il sonra Afrikada özünə sığınacaq tapa bilməyən sabiq Tunis lideri Zeynalabdin ben Əli də Səudiyyə Ərəbistanın sığınır.

Bu, diktatorları qəbul edən ölkənin imici üçün mənfi bir haldırmı?

Əslində hansısa bir diktatora ev sahibliyi etmək bir ölkənin imici üçün mənfi hal hesab olunmur. Diktatorların çoxu getdikləri ölkələrdə sakit həyat yaşayır və çox zaman da Beynəlxalq Məhkəmədən yayınma yolları haqda düşünürlər. Sürgün edilənlərə ev sahibliyi etmək diplomatik əlaqələr baxımından həmin ölkə üçün yaxşı bir şey də hesab edilə bilər, çünki belə hallarda ev sahibliyi edən ölkəyə sanki bir xal yazılır.
Tunisin sabiq lideri Zeynalabdin ben Əlini qəbul etdikdən sonra Səudiyyə rəhbərliyi diqqətli şəkildə hazırlanmış bir açıqlama yaymışdı.
Açıqlamada bildirilirdi ki, «Səudiyyə hökuməti qardaş Tunis xalqının qarşılaşdığı müstəsna vəziyyətlər qarşısında Tunisdə təhlükəsizlik və sabitliyin hökm sürməsi üçün Zeynalabdin ben Əli və ailəsini qəbul edib».
İndisə qayıdaq Zimbabveyə…
Diktatorun 37 illik hakimiyyətinə son qoyularsa, Afrika Robert Muqabeni qəbul edə bilər, lakin məsələ onun həyat yoldaşı Qreysə gələrsə, bu vəziyyəti bir az daha çətinləşdirir. Çünki Qreys öz siyasi ambisiyalarını açıq şəkildə nümayiş etdirir. Bu baxımdan da ev sahibliyi etməyi düşünən ölkələr Zimbabvenin daxili işlərinə qarışmaqla ittiham olunacaqlarından çəkinə və iki ölkə arasındakı gələcək münasibətlərin pisləşəcəyindən qorxuya düşə bilərlər.
Ortaya belə bir sual çıxır: Bəs Muqabe belə bir vəziyyətdə hansı ölkəyə gedə bilər?
Muqabe ailəsinin Malayziyada, Cənubi Afrikada və Dubayda mülkləri var. Lakin siyasətçilər onun böyük ehtimalla Sinqapura gedə biləcəyini düşünürlər.
Afrikalı politoloq Fil Klark Muqabenin qarşısında birdən çox seçim olduğunu bildirib. Onun fikrincə, diktator 10 ildən çoxdur ki, müalicə üçün Sinqapura gedir və bu səbəbdən də Sinqapurun yüksək dairələri ilə yaxşı əlaqələrinin olması istisna edilmir.
Başqa bir ehtimal isə Cənubi Afrikadır. Muqabenin prezident Yakob Zuma ilə sıx əlaqələri və bu ölkə ilə bağlı tarixi bağları var.
Politoloq Zumanın belə bir vəziyyətdə onu qəbul etməsinin çətin olacağını, bu səbəbdən də Muqabenin Cənubi Afrikaya gedəcəyini düşünmədiyini bildirib.
Həmçinin Cənubi Afrika diktatorun xanımı Qreys Muqabe üçün də riskli yerdir. Düzdür, Yohannesburq şəhərində, oğullarının da qaldığı bir hoteldə Qreysin hansısa bir modelə hücum etməsi ilə bağlı yayılan iddialardan sonra CAR ona diplomatik toxunulmazlıq vermişdi, lakin Muqabenin devrilməsindən sonra bu toxunulmazlıq da aradan qaldırıla bilər.
Digər fərziyyələrə görə isə Muqabe ümumiyyətlə Afrikanı tərk etməyə bilər. Arxiyepiskop Desmond Tutu bir vaxtlar Muqabenin diktator karikaturasına çevrildiyini demişdi. Buna baxmayaraq onu, hələ də qitədə ölkəsinə müstəqillik qazandıran qəhrəmanlardan biri kimi görənlər də var.
Muqabe Afrikada qalarsa Toqo, Ekvatorial Qvineya və Mərakeşin keçmiş diktatorlara ev sahibliyi etmə təcrübəsi var. Zimbabve də keçmişdə bir çox liderə ev sahibliyi edib. Belə ki, 1970-ci illərdə minlərlə müxalifi edam etdirən Efiopiya lideri Menqistu Hayle Mariam da Muqabe ilə yaxın dostluq əlaqələri hesabına Zimbabvedə yaxşı həyat sürmüşdü.
Paylaş:
Загрузка...