DÜNYA

Kərkükdə döyüş: Qasım Süleymani şəhərə gəldi — Qanlı səhər gözlənilir

Şimali İraq Kürd Muxtariyyətinin bu gün keçirilən referendumuna türkmanların tarixi torpağı olan Kərkük də daxil edilib.

Publika.az xəbər verir ki, türkmanlar buna etiraz olaraq referendumu boykot edib. Lakin son məlumatlar şəhərdə hər an qarşıdurmanın başlaya biləcəyini göstərir.

Məlumata görə, 1700 PKK terrorçusu Kərkükdə qərarlaşıb. Güman ki, onlar çıxa biləcək qarşıdurmada əsas rolu üzərlərinə götürəcəklər. Şəhərdə təhlükəsizliyi isə Bərzaniyə bağlı peşmərgə qüvvələri təmin edir.

Kərkük mənbələrinin məlumatına görə, şəhərdə qarşıdurma peşmərgə qüvvələri ilə İrana bağlı şiə qrup Haşdi Şabi arasında çıxa bilər. Əgər bu baş verərsə, silahlı toqquşmalar başlanacaq.

Bu arada, İranın Yaxın Şərqdəki əməliyyatlarına rəhbərlik edən məşhur general Qasım Süleymaninin də Kərkükə gəldiyi deyilir.

Qeyd edək ki, şəhərdə türkman cəbhəsi tərəfdarlarına atəş açılandan sonra küçəyə çıxmaq qadağan edilib.

İraq Türkman Cəbhəsinin baş ofisinin önündə üzü bağlı silahlı qrup mühafizəni təşkil edib.

Kərkükdə yaşayan siyasi yazar Özdemir Hürmüzlü açıqlamasında şəhərdəki son vəziyyət haqda məlumat verib.

Türkmanların referendumu kompakt şəkildə boykot etdiyini deyən Ö.Hürmüzlü qeyd edib ki, türkman bölgələrindəki seçki mərkəzlərində bir insan belə yoxdur: “Hər şey boşdur. Biz nəticələri tanımayacağıq. Təhlükəsizlik məsələlərinə gəlincə, hazırda ciddi bir qarşıdurma yoxdur, sakitlikdir”.

Onun fikrincə, Kərkükdə istənilən qarşıdurma kürdlərin əleyhinədir.

“Buna görə də ciddi qarşıdurmanın olacağını düşünmürəm. Onsuz da Kərkükdə hər şey – valilik, vilayət mərkəzi kürdlərin əlindədir”, – deyə o vurğulayıb.

Ö.Hürmüzlü Kərkükün kürdlər tərəfindən tamamilə işğal edildiyini bildirib: “On il öncə Kərkük işğal edilmiş vəziyyətdə idi. 2014-cü ildən indiyə kimi isə kürdlər tamamilə hər şeyi əllərinə aldı. Türk dünyası, xüsusilə siyasi iqtidarlar bizi yalnız buraxdı”.

Paylaş:
Загрузка...