DÜNYA

Qazaxıstanın yeni əlifbası və “ə” məsələsi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2017-ci ilin sonunadək qazax dilinin latın qrafikası əsasında hazırlanmış vahid əlifbasının təqdim edilməsini tapşırıb. 2018-ci ildən etibarən isə latın əlifbası ilə yazılmış dərsliklərin hazırlanmasına başlanmalıdır. Prezident bu tapşırığı cəmi beş ay öncə, apreldə versə də, artıq dilçilər ilk təkliflərini hazırlayıblar. Ötən gün onlar öz təkliflərini Qazaxıstan parlamentində təqdim ediblər. Təkliflər qazax dilinin latın əlifbasına keçirilməsi ilə bağlı parlament dinləmələrində müzakirə edilib.

Latın qrafikası əsasında hazırlanmış qazax əlifbasının yüzlərlə versiyası var. Ancaq dilçilər birliyi yalnız bir layihəni seçib. Bu variantın əsas üstünlüyü kimi onun istifadədə rahatlığı göstərilir. Bu yeni əlifbaya görə kompüter klaviaturasında xüsusi yeni hərf düzülüşü tələb olunmayacaq, hər şey mövcud ingilis hərf düzülüşünün əsasında hazırlanıb.

Müasir qazax dilində 37 səs var. Onlardan yalnız 28-i əsl qazax səsləri sayılır. Qalan 9-u isə 1940-cı ildə, ölkə kiril əlifbasına keçəndə əlavə olunub. Qazax əlifbasında hərflərin sayı isə 42-dir. Dilçilər bu hərflərdən yalnız 25-ni saxlamağı, qalan səsləri isə bir neçə hərfin birləşməsi ilə (belə hərf birləşmələrinə «diqraflar» deyilir) göstərməyi təklif edirlər.

«Latın qrafikalı qazax əlifbasının yeni layihəsində 25 işarə və 8 diqraf var. Onların köməyilə qazax dilinin bütün səs qammasını əks etdirmək mümkündür», – deyə latın qrafikalı yeni qazax əlifbasının müəllifi Yerbol Tleshov iddia edir.

Yeni əlifbaya görə, «Ə» səsi «AE», «Ö» isə «OE» hərf birləşməsi ilə əvəz ediləcək. Dilçilər «X» səsinin də yeni latın əlifbasından yığışdırılmasını təklif edirlər. Ancaq dilçilər arasında əsas mübahisə «Ğ» səsi ətrafında yaranıb. Onlar bu səsin «GH» hərf birləşməsi ilə göstərilməsini təklif edirlər.

 

«GH» ingiliscə «Ğ» kimi oxunmur, məktəblilər səhv salacaqlar», – deyə filologiya elmləri doktoru Tanat Ayapova ehtiyat edir.

Qazaxıstan hökuməti bildirir ki, latın qrafikalı yeni əlifbaya keçid ölkənin rusdilli əhalisinə heç bir təsir göstərməyəcək. «Dərslərin rus dilində keçildiyi məktəblərdə qazax dili və ingilis dili xaric bütün fənlər kiril qrafikasıyla tədris ediləcək. Latın qrafikası yalnız qazax dilinə və qazax dilində tədris olunan fənlərə təsir edəcək», – deyə Qazaxıstanın təhsil və elm nazirinin müavini Askhat Aymagambetov söz verir.

Qazaxıstan vətəndaşlarının şəxsiyyətini təsdiqləyən sənədlərin dəyişdirilməsinə gəlincə, bu proses uzun çəkəcək. «Sənədlərin dəyişdirilməsi ardıcıl və tədricən gerçəkləşdiriləcək. İndi əlimizdə olan sənədlər istifadə müddəti bitənə qədər qüvvədə olacaq və sonradan dəyişdiriləcək», – deyə Qazaxıstanın baş nazirinin müavini Yerbolat Dosayev bildirib.

Parlamentin aşağı palatasının spikeri Nurlan Nigmatulin deyib ki, latın əlifbasına keçid ilk növbədə qazax əlifbası və orfoqrafiya qaydalarının islahına yönəlib. Onun sözlərinə görə, bu keçid dilin fonetikası ilə qrafikası arasında uyğunluq yaratmağa kömək edəcək.

Qazax dilinin latın əlifbasına keçməsinin ölkə büdcəsinə neçəyə başa gəlməsini isə, hələlik, heç kim, hətta maliyyə naziri də bilmir. Üç illik büdcədə yalnız hazırlıq işlərinə 250 milyon tenge vəsait ayrılıb ki, bu da təxminən 750 min dollar deməkdir.

Yeni əlifba hələ qəbul olunmasa da, ölkədə latın əlifbasına qeyri-rəsmi keçid artıq başlayıb. Məsələn, yeni televiziya mövsümündə dövlət kanalları artıq yeni brendlərlə fəaliyyət göstərirlər. Artıq onların adları latın hərfləri ilə yazılır.

Virtualaz.org

Paylaş:
Загрузка...